Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin vəkili vəsatətlə çıxış edərək müvəkkilinin məhkəmə iclasları zamanı onunla yanaşı əyləşməyini istəyib.
Məhkəmə müşavirədən sonra vəkilin vəsatətini təmin edərək Azər Qasımlının məhkəmə iclasları zamani vəkilinin yanında əyləşərək prosesdə iştirak etməsi ilə bağlı qərarı elan edib.
Bundan sonra dövlət ittihamçısı Valeh Ələkbərov Azər Qasımlıya ittiham aktını elan edib.
İttihamda qeyd edilib ki, Azər Qasımlı bir qrup şəxsə qabaqcadan əlbir olaraq hədə-qorxu ilə başqasının əmlakını ələ keçirdib.
Hakim elan edilmiş ittiham aktına görə təqsirləndirilənin 10 ildən 15 ilədək azadlıqdan məhrum edilə biləcəyini proses iştirakçılarının diqqətinə çatdırıb.
Təqsirləndirilən Azər Qasımlı isə ittihama görə özünü nəinki təqsirli bilməyib, sözügedən cinayət işində o özünü zərərçəkən kimi qiymətləndirərək ittihama etirazını bildirib.
Növbəti proses zərərçəkənin ifadəsi ilə iyulun 30-dək təxirə salınıb
Qeyd edək ki, Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı barəsində olan müraciətlə əlaqədar 8 dekabr 2024-cü ildə polis tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 182.2.3 (hədə-qorxu ilə tələb etmə - zor tətbiq etməklə törədildikdə) maddəsi üzrə təqsirli bilinir.
Elgün Həsənli