Baş Prokurorluğun sorğusu əsasında beynəlxalq axtarışda olan təqsirləndirilən şəxslər ölkəmizə ekstradisiya edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb:
"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Emil Faiq oğlu Kazımov, Cabbar Məmmədrza oğlu Məmmədov, Habil Hüseyn oğlu Əliyev, Fuad İlqar oğlu Babayev və Kənan Əli oğlu Quliyevin ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Belə ki, Emil Kazımovun külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq, Cabbar Məmmədovun təkrar dələduzluq, Habil Əliyevin qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla törədilən oğurluq, Fuad Babayev və Kənan Quliyevin isə bir qrup şəxs halında silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar axtarışa veriliblər.
Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər".