Amerika Birləşmiş Ştatlarının dövlət katibi Marko Rubio bildirib ki, ABŞ Hörmüz boğazından yük daşınması üçün təhlükəsiz tranzit dəhlizi yaratmaq məqsədilə digər ölkələrlə danışıqlar aparır.
Oxu.Az TASS-a istinadən bildirir ki, bu barədə Rubio açıqlama verib.
Rubio Manilada Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına (ASEAN) üzv ölkələrinin xarici işlər nazirlərinin 59-cu konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib:
"Bəli, bu mövzuda danışıqlarımız və maraq göstərən ölkələr var. Lakin onlardan bəzilərinin bunun necə təşkil ediləcəyi ilə bağlı fərqli yanaşmaları var. Bəziləri beynəlxalq təşkilat adından mandat tələb edir, digərləri isə müvafiq qanunvericilik prosedurlarını tamamlamalıdır".
Dövlət katibi onu da vurğulayıb ki, Vaşinqtonun mövqeyinə görə, bir çox ölkələr ilk növbədə Hörmüz boğazından təhlükəsiz keçidin təmin olunmasında birbaşa maraqlı olmalıdırlar. Buna səbəb onların Fars körfəzi regionundan gələn neft idxalından asılılığıdır. ABŞ digər ölkələri boğazda gəmiçiliyin qorunmasına cəlb edə biləcəyinə ümid edir.