Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası sentyabrın 15-də davam etdirilib.
Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Əvvəlcə hakim Z.Ağayev təqsirləndirilən şəxs Qurgen Stepanyanın yeni vəkillə təmin olunduğunu bildirib və ondan buna etirazının olub-olmadığını soruşub. Q.Stepanyan yeni vəkilinə etiraz etmədiyini bildirib.
Məhkəmə prosesi sənədlərin tədqiqi ilə davam etdirilib. Bildirilib ki, elan ediləcək sənədlər epizodlar üzrə tədqiq olunacaq.
Elan edilən sənədlərdən biri 1988-1991-ci illərdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində törədilmiş kütləvi iğtişaşlar, qəsəbədə yaşayan azərbaycanlı sakinlərin evlərinin dağıdılması faktı üzrə şübhəli şəxslərin və şahidlərin ifadələri ilə bağlı olub.
Elan olunan sənədə əsasən, şübhəli şəxs qismində dindirilmiş Sarkisyan Georqi İsakoviç ifadəsində göstərib ki, 1988-ci il sentyabrın 18-20-də ermənilər tərəfindən azərbaycanlıların evləri dağıdılıb, yandırılıb, azərbaycanlılar Xankəndi şəhərindən qovulublar.
Sənədə görə, G.Sarkisyan bildirib ki, dəstəsində Arkas, Şahin, Razmik, Balayan qardaşları, sürücü Edik, Vanik və Vaçik qardaşları, Qrişa, Maksim olub.
Həmin sənədə görə, şahid qismində dindirilmiş Şahverdi Bəhlul oğlu Səfərov ifadəsində göstərib ki, 1988-ci ildən başlayaraq Kərkicahan qəsəbəsində azərbaycanlıların yaşadığı evlərə basqınlar olub, həmin basqınlara tanıdığı Jora adlı erməni təşkilatçılıq edib.
Elan edilən sənədə əsasən, şahid qismində dindirilmiş Xaçaturyan Aleksandr ifadəsində göstərib ki, 1988-ci ilin fevralından Araksi, Kaprelyan Qurqen, Raça Beqlaryan və digərləri ermənilərin və azərbaycanlıların aralarında düşmən münasibət yaratmağa başlayıblar. Araksi Kərkicahan qəsəbəsində çıxış edərək, azərbaycanlıları Qarabağdan qovmağa səsləyib. 1988-ci ilin fevral ayından Sarkisyan Joranın başçılıq etdiyi silahlılar azərbaycanlıların Qarabağdan qovulmasını təşkil edib, hərbi paltarda gəzərək yanında olan şəxslərlə azərbaycanlılara qarşı tədbirlər hazırlayıb.
Sənədə görə, zərərçəkmiş şəxs Əvəz Əli oğlu Abuzərov ifadəsində göstərib ki, 1990-cı ilin avqust ayında Tapdıq Köçəri oğlu Rzayev ermənilər tərəfindən odlu silahla qətlə yetirilib. 1991-ci il iyunun 3-də Kərkicahan qəsəbəsinə ermənilər yenidən hücum ediblər. Ramiz Salahov, Şükür Qasım oğlu Rəhimov, Atdıxan Məmməd oğlu Sahilov, Osman Mərdan oğlu Səfərov və adlarını unutduğu şəxslər ermənilər tərəfindən açılan atəşlərə məruz qalıblar. Həmin hadisələr zamanı bəzi sakinlər yaralanaraq xəsarətlər alıb, Ağəli Aydın oğlu Səfərov isə öldürülüb. 1991-ci il sentyabrın 25-də Kərkicahana növbəti hücum olub. Həmin vaxt Aslan Mərdan oğlu Hüseynov ayağından güllə yarası alıb. Sentyabrın 30-da ermənilər avtomat silahdan atəş açaraq Kərkicahan sakini Telman Yelmar oğlu Həsənovu öz evinin qarşısında qətlə yetiriblər, daha sonra müəllim Bənövşə Abduləzim qızı Abuzərovanı, habelə Əfqan Novruz oğlu Tarverdiyevi, Saleh Hüseynqulu oğlu Soltanovu, Nurəddin Musa oğlu Salahovu və başqalarını yaralayıblar. Şəkər Saday qızı Salahovanın isə Qədir Aşot oğlu Balasanyan tərəfindən yaralanmasını şəxsən görüb. Dekabrın 28-də ermənilər hər tərəfdən Kərkicahana hücuma keçiblər. 1992-ci il yanvarın 13-də ermənilər atəş açaraq İlham Bahadur oğlu Əliyevi qətlə yetiriblər.
Arif Köçəri oğlu Məmmədovun öldürülməsi ilə bağlı cinayət işi üzrə şahid qismində dindirilmiş Müşfiq İsfəndiyar oğlu Rüstəmov ifadəsində göstərib ki, 1991-ci il mayın 16-da odlu silah hazırlanmasında və Azərbaycan kəndlərinə hücumlarda şübhəli bilinən şəxslərin tutulması məqsədilə Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri həyata keçirilib, şübhəli bilinən Borik Süleymanyan saxlanılıb. O, saxlanılan zaman təxminən 150-200 erməni Borikin aparılmasına maneə törətməyə çalışıb. Boriki polis şöbəsinə gətirdikləri zaman içərisində olduqları avtomobil Çartaz kəndinin maldarlıq ferması istiqamətində atəşə tutulub, nəticədə iş yoldaşı Arif Məmmədov güllə yarası alıb və bir neçə saat sonra Füzuli Rayon Mərkəzi Xəstəxanasında ölüb.
Daha bir sənəd Cəbrayıl rayonunun Çullu kənd sakini Sevdayar Nəcəf oğlu Quliyevin Hadrut rayonunun Dolanlar kəndi ərazisindəki meşədə ermənilər tərəfindən odlu silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə bağlı olub.
İclasda Şövkət Şükür qızı Həşimovanın və Cavanşir Mahmud oğlu Səfərəliyevin itkin düşməsi faktı üzrə sənədlər də elan edilib.
Şahid qismində dindirilmiş Zakir Şükür oğlu İbrahimov ifadəsində bildirib ki, 1989-cu il noyabrın 10-da bacısı Şövkət Həşimova avtobusla Xocalı şəhərindən Ağdam rayonuna gedib, həmin gün geri qayıtmaq istəyəndə marşrut avtobusuna gecikdiyinə görə Ağdamda tanımadığı göy rəngli "Moskviç" markalı avtomobilin sürücüsündən onu avtobusa çatdırmasını xahiş edib. Əsgəran rayonunda yolun kənarında dayanmış Maksim və Minosyan Ararat adlı milis işçiləri zorla "Moskviç"i dayandırıb bacısı Şövkəti və sonradan adının Cavanşir olduğunu öyrəndiyi, bir ayağı şikəst müharibə veteranı olan sürücünü Əsgəran milis şöbəsinə aparıblar. Bundan sonra həmin şəxslərdən bir daha xəbər olmayıb. Həmçinin sonradan Əsgəran ərazisində göy rəngli "Moskviç" markalı avtomobilin yandırıldığını eşidib.
Məhkəmə iclasında Əsgəran rayonunun meşə massivində "Alazan-2M" tipli raket qurğularının aşkar edilməsi, 1988-ci ilin yanvar-fevral aylarında təbliğat-təşviqat aparmaqla azərbaycanlıların Xankəndi şəhərindən qovulmaları, 1991-ci il iyunun 13-də Şərur rayonunun Yuxarı Yaycı kəndində sovxozun atəşə tutulması, 1991-ci il iyulun 17-də Ağdərə rayonunun İmarət-Qərvənd kəndinə silahlı basqın edilməsi, 1991-ci il iyunun 27-28-də Xocavənd rayonunun Qaradağlı kəndində yerləşən fermanın atəşə tutulması və digər faktlar üzrə də sənədlər oxunub.
Həmçinin Kəlbəcər-Mərcimək avtomobil yolunun üzərində yerləşən "Sarıqaya" adlanan yerdə silahlı ermənilər tərəfindən Qəribov Maarif Ataş oğlunun, Ağdərə rayonunun Qozlu kəndi ərazisində M.F.Axundov adına kolxozun qoyun fermasının çobanı Şərifov Yaqub Kamal oğlunun, Ağdərə rayonunun Umudlu kənd sakini Qasımov Qara Səməd oğlunun öldürülməsi faktları ilə əlaqədar sənədlər və şahid ifadələri səsləndirilib.
Məhkəmədə Mahal Novruz oğlu İmanovun, Vaqif Qəzənfər oğlu Həsənovun, Novruz Göyüş oğlu İmanovun və Qəzənfər Aşur oğlu Həsənovun odlu silahlardan atəş açılmaqla qətlə yetirilmələri üzrə epizodlar da elan edilib.
Məhkəmə prosesi sentyabrın 18-də davam etdiriləcək.
Sentyabrın 15-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilir.
Oxu.Az xəbər verir ki, elan olunan sənədlərdən biri 1988-91-ci illərdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində törədilmiş kütləvi iğtişaşlar, qəsəbədə yaşayan azərbaycanlı sakinlərin evlərinin dağıdılması faktı üzrə şübhəli şəxslərin və şahidlərin ifadələri ilə bağlı olub.
Elan olunan sənədə əsasən, şübhəli şəxs qismində dindirilmiş Georqi İsakoviç Sarkisyan ifadəsində göstərib ki, 1988-ci il sentyabrın 18-20-də ermənilər tərəfindən azərbaycanlıların evləri dağıdılıb, yandırılıb, azərbaycanlılar Xankəndi şəhərindən qovulublar.
Sənədə görə, G.Sarkisyan bildirib ki, dəstəsində Arkas, Şahin, Razmik, Balayan qardaşları, sürücü Edik, Vanik və Vaçik qardaşları, Qrişa, Maksim olublar.
Həmin sənədə görə, şahid qismində dindirilmiş Şahverdi Bəhlul oğlu Səfərov ifadəsində göstərib ki, 1988-ci ildən başlayaraq Kərkicahan qəsəbəsində azərbaycanlıların yaşadığı evlərə basqınlar olub, həmin basqınlara tanıdığı Jora adlı erməni təşkilatçılıq edib.
Elan edilən sənədə əsasən, şahid qismində dindirilmiş Xaçaturyan Aleksandr ifadəsində göstərib ki, 1988-ci ilin fevralından Araksi, Qurqen Kaprelyan, Raça Beqlaryan və digərləri ermənilərin və azərbaycanlıların aralarında düşmən münasibət yaratmağa başlayıblar. Araksi Kərkicahan qəsəbəsində çıxış edərək, azərbaycanlıları Qarabağdan qovmağa səsləyib. 1988-ci ilin fevral ayından Jora Sarkisyanın başçılıq etdiyi silahlılar azərbaycanlıların Qarabağdan qovulmasını təşkil edib, hərbi paltarda gəzərək yanında olan şəxslərlə azərbaycanlılara qarşı tədbirlər hazırlayıblar.
Sənədə görə, zərərçəkmiş şəxs Əvəz Əli oğlu Abuzərov ifadəsində göstərib ki, 1990-cı ilin avqust ayında Tapdıq Köçəri oğlu Rzayev ermənilər tərəfindən odlu silahla qətlə yetirilib. 1991-ci il iyunun 3-də Kərkicahan qəsəbəsinə ermənilər yenidən hücum ediblər. Ramiz Salahov, Şükür Qasım oğlu Rəhimov, Atdıxan Məmməd oğlu Sahilov, Osman Mərdan oğlu Səfərov və adlarını unutduğu şəxslər ermənilər tərəfindən açılan atəşlərə məruz qalıblar. Həmin hadisələr zamanı bəzi sakinlər yaralanaraq xəsarətlər alıb, Ağəli Aydın oğlu Səfərov isə öldürülüb.
1991-ci il sentyabrın 25-də Kərkicahana növbəti hücum olub. Həmin vaxt Aslan Mərdan oğlu Hüseynov ayağından güllə yarası alıb. Sentyabrın 30-da ermənilər avtomat silahdan atəş açıb Kərkicahan sakini Telman Yelmar oğlu Həsənovu öz evinin qarşısında qətlə yetiriblər, daha sonra müəllim Bənövşə Abduləzim qızı Abuzərovanı, habelə Əfqan Novru oğlu Tarverdiyevi, Saleh Hüseynqulu oğlu Soltanovu, Nurəddin Musa oğlu Salahovu və başqalarını yaralayıblar. Şəkər Sada qızı Salahovanın isə Qədir Aşot oğlu Balasanyan tərəfindən yaralanmasını şəxsən görüb. Dekabrın 28-də ermənilər hər tərəfdən Kərkicahana hücuma keçiblər. 1992-ci il yanvarın 13-də ermənilər atəş açaraq İlham Bahadur oğlu Əliyevi qətlə yetiriblər.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.