Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Hərbi cinayətlərdə təqsirləndirilənlərin məhkəməsində zərərçəkənlər: "Layiqli cəza vermək lazımdır"
Bakıda yanvarın 17-də hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesində zərərçəkən kimi tanınan Azərbaycan vətəndaşları Birinci Qarabağ müharibəsi zamanı şahidi olduqları hadisələrdən danışıblar.
Oxu.Az xəbər verir ki, "Report"a müsahibəsində o zaman Ağdamda yaşayan Fəzri Rüstəmov 1992-ci ildə evlərinə mərmi düşməsinin nəticəsində dağıldığını deyib:
"Evimiz dağıldı. Ailəmizdən yaralanan oldu. Mən cinayət işi üzrə zərərçəkən kimi tanınmışam. Dövlətimizə təşəkkür edirəm ki, haqq-ədalət öz yerini tapır".
Birinci Qarabağ müharibəsi iştirakçısı Cavanşir Qəmbər isə "Report"a qarşı tərəfin müharibə cinayətləri törətdiyinin şahidi olduğunu deyib.
O bildirib ki, Birinci Qarabağ müharibəsində komandir olub və bütün hadisələr gözünün qabağında baş verib:
"Biz vətəndaşlarımıza qarşı insanlığa sığmayan hərəkətləri görmüşük. Bunlar adamların başını daşla əzib öldürürdülər. İndi özlərini elə aparırlar ki, guya məsumdurlar. Belə bir məhkəmənin keçirilməsi dövlətimizin ədalətinin göstəricisidir. Biz onlardan fərqli olaraq ağır cinayətlərdə ittiham olunan ermənilərlə insan kimi rəftar edirik. Onlar bizim xalqa qarşı belə humanist olmayıblar".
Qarabağ müharibəsi əlili Akif Hacıyev isə məhkəməsi keçirilən təqsirləndirilənlərə layiq olduqları cəzanın verilməsini istəyir:
"Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərə layiqli cəza verilməlidir, çünki onlar bizim xalqa qarşı çox amansız olublar. Danışdıqca, hadisələr gözümün qabağına gəlir".
O bildirib ki, Qarabağ döyüşlərində qardaşı və nəvəsi şəhid olub, özü evindən didərgin düşüb.
Zərərçəkən Nailə Şərifova öz növbəsində bildirib ki, Qarabağ müharibələrində dörd nəfər yaxın adamı şəhid olub:
"Evimiz dağılıb, balamız şəhid olub. Mən həm şəhid nənəsi, həm də şəhid bacısıyam. Dövlətimiz sağolsun ki, ədaləti bərpa edir".
Qeyd edək ki, məhkəmə 15 nəfərin ümumilikdə 2548 epizod üzrə işinə baxır.
1987-ci ilin oktyabr ayından 22 aprel 2024-cü il tarixinədək törədilmiş cinayətlərin bir qismi ilə bağlı Baş Prokurorluq və respublikanın ayrı-ayrı istintaq qurumlarında araşdırılan 1389 cinayət işi bir icraatda birləşdirilib və Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəhbərlik etdiyi, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Hərbi Prokurorluğun müstəntiqlərindən ibarət tərkibdə istintaq obyekti olub.
Toplanmış sübutlar əsasında ümumilikdə 2548 epizod üzrə Ermənistan Respublikası Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Roberti təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar.
Onlar cinayətkar birləşmələrdə iştirak etdikləri dövrlərdəki əməllərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhv etmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb olunub, hər birinin müdafiə, bildiyi dilindən istifadə etmək və digər prosessual hüquqları təmin edilib.
"Birinci Qarabağ müharibəsi" teqi üzrə xəbərlər
- Deputat müharibə əlillərinin pensiyasının dayandırılması məsələsinin araşdırılmasını istəyib
- Şəhid atası: "Oğlumla fəxr edirəm"
- Şuşada Birinci Qarabağ müharibəsinin şəhidi Hidayət Qarayev dəfn edilib
- Tərtərdə Birinci Qarabağ müharibəsinin şəhidi Möhübbət Mustafayev dəfn edilib
- Zaqatalada Birinci Qarabağ müharibəsinin şəhidi Ramiz Mahmudov dəfn edilib
Rəylər