Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Həyatın “dibindən”: Sumqayıtda polis psixoloji xəstə qadının mənzilinə göz qoyub - FOTO/VİDEO
Zehni qüsurlu qadın, tərk edilmiş qız, yeniyetmələrin işi üzrə polis müfəttişi, narkomanlar, əyyaşlar, “bomj”lar və narazı qonşular - bütün bu insanlar, mərkəzində Sumqayıt sakini olan insan faciəsinin iştirakçısıdırlar.
43 yaşlı İnqa Trifonovanın taleyi təkcə şizofreniya xəstəliyi olan bir qadının hekayəsi deyil, bu, alçaq insanların xəstə qadının çarəsizliyindən faydalanmağa çalışmalarının və özlərinə aid olmayan şeyi onun əlindən almağa çalışmalarının, qalan insanların isə bu baş verənlərə laqeyd müasibətinin hekayəsidir.
İ.Trifonovanın həyatın “dibinə” düşməsi barədə Oxu.az-a könüllü Lada Penkova danışıb.
Onun bildirdiyinə görə, bir qızı olan İnqa Trifonovanın bir otaqlı mənzilini zəbt etməyə çalışırlar və bu özbaşınalıqda yerli polis əməkdaşı iştirak edir.
"Mən Sumqayıtda yaşayıram və illərdir xeyriyyəçilik işləri aparıram, xəstələrə, kimsəsizlərə yardım əlimi uzadıram, həmçinin heyvan hüquqlarının qorunması ilə məşğul oluram. İ.Trifonovanı uşaqlıqdan tanıyıram. O, şizofreniyadan əziyyət çəkir, xəstəliyi irəliləyib. İnqa iki dəfə psixiatrik xəstəxanada yatıb, Sumqayıt psixonevroloji dispanserində qeydiyyatdadır" - L.Penkova deyir.
Onun dediyinə görə, müalicə İnqaya kömək edib, o, hətta bir müddət klinikada tibb bacısı kimi çalışıb. Bundan əlavə, həmin vaxt ona davranışına birtəhər nəzarət edən dostları kömək edirdi.
9 il əvvəl İnqa bir qız dünyaya gətirdi. Uşağın atasının kim olduğu bilinmir. Ancaq sonra xəstəlik inkişaf etməyə başladı, İnqa demək olar ki, uşağa vaxt ayırmırdı, qızın sənədləri yox idi, məktəbə getmirdi. Şəfqətli insanlar yemək və körpə paltarları gətirdilər. Beləliklə, uşaq böyüdü.
İki il əvvəl İ.Trifonovanın alkoqoldan sui-istifadə edən anası da öldü.
"Anasının ölümündən sonra İnqa uşağı küçəyə atdı, evinə buraxmadı. Qonşuluqda yaşayan yaşlı bir cütlük qızı götürdü, ancaq maddi çətinlik yaşadıqları üçün uşağı saxlaya bilmədilər. Onlar bir jurnalist tapdılar və onun köməyi ilə İnqanın qızını Bakının Xəzər rayonu, Binə kəndində yerləşən “Ümid Yeri” Sığınacağına yerləşdirdilər. Artıq iki aydır ki, qızcığaz orada yaşayır. O, məktəbə gedir, sənədləri qaydasına salınıb, həyatında hər şey yaxşı görünür. Bəzən yaşlı cütlük qızı həftə sonu üçün götürür, amma qızı heç bir şəkildə anasını görmək istəmir ", - L.Penkova deyir.
Bu müddətdə xəstənin vəziyyəti pisləşməyə davam edib. Könüllünün sözlərinə görə, onun stasionar müalicəyə ehtiyacı var, ancaq L.Penkovanın ötən cümə danışdığı şəhər psixo-nevroloji dispanserinin həkimi, xəstəni yalnız aqressiv tutmalardan sonra qəbul edə biləcəklərini söyləyib. Həkim bildirib ki, bu zaman təcili yardım çağırılmalıdır, o, özünü normal hesab etdiyi üçün könüllü olaraq müalicə olunmayacaq, bu səbəbdən xəstəxana qrupu İnqanı aparacaq.
"Onun bu tutmalarının nə zaman olacağını mən bilmirəm. Axı onunla yaşamıram. Hər gün gəlirəm, yedizdirirəm, ehtiyacı olanı alıram. O, hətta öz yeməyini bişirə bilmir. Onu iki dəfə maşın vurduğu üçün çətinliklə gəzir. Əvvəllər İnqa evdən tez-tez çıxırdı, dava salır, küçələrdə çılpaq gəzirdi. İndi heç yerə getmir. Bu yaxınlarda isə, mən Sumqayıtda olmadığım zaman mənzilini yandırmışdı. Qonşular dövlət qurumuna müraciət etdilər, bir də belə halların baş verməməsi üçün Trifonovanın qazı kəsildi. İndi o, elektrik sobasından istifadə edir - çaydan qaynadır, kartof bişirir. Bu vaxt onu xəstəxanaya müalicəyə qoymaq lazım idi, lakin hadisə yerinə gələn rayon polis müfəttişi, klinikaya müraciət etməyi zəruri hesab etməyib ", - deyə könüllü bildirib.
İnqanın “şəxsiyyət ikiləşməsi” var, o, səslər eşidir, iki nəfərin əvəzinə danışır, pis söyüş söyür. Öz sağlamlığına zərər vermir, amma tutmaları zamanı evdəki bütün mebelləri balkondan atıb. İnsanların ona gətirdiyi paltarları qayçı ilə parçalayır. Bir sözlə, idarə olunmazdır. Bütün bunlardan sonra həkim deyir ki, onun xəstəxanaya yerləşdirilməsi üçün heç bir səbəb görmür.
Ancaq problem təkcə müalicə məsələsi ilə bağlı deyil. Qonşular şikayət edirlər ki, İnqanın mənzili narkomanlar, əyyaşlar və evsizlər üçün sığınacağa çevrilib. Axşamlar kişilər fiziki ehtiyaclarını ödəmək üçün ruhi xəstə İnqadan istifadə edirlər. Onu döyürlər, daim pis sözlərdən istifadə edirlər, səs-küy salırlar, pəncərələrdəki şüşələri sındırırlar. Əlbəttə ki, bütün bunlar qonşular tərəfindən bəyənilə bilməz. İnqa hamilə qalsa, tanışları üçün yeni problem yaranacaq: qadını aborta aparmalı olacaqlar, çünki o, hərəkətlərinə cavabdeh deyil.
Son zamanlar isə İnqanın mənzilində maklerlər görünməyə başlayıb. İnqayla, daha doğrusu, onun mənzili ilə polis məmuru - yetkinlik yaşına çatmayanlar üçün müfəttiş maraqlanır.
“O, İnqa və qızını mənzildən çıxarmaq və oranı satmağı düşünür. Hüquq mühafizəçisi İnqanı 1 saylı Respublika Psixiatrik xəstəxanasına yerləşdirməyi planlaşdırır. Ancaq o, ömrü boyu xəstəxanada ola bilməz, bundan başqa, İnqanın qızı mənzilin varisidir. Yetkinlik yaşına çatdıqda o, hara gedəcək? Və ümumiyyətlə niyə polis başqasının mənzilini mənimsəməlidir?..”, - deyə könüllü narazılıqla bildirir.
Sözügedən polis məmurunun adı bizə məlumdur. Vəziyyəti başa düşmək üçün Oxu.Az-ın müxbiri Sumqayıt şəhər 1-ci polis bölməsinin rəisi Azər Əhmədova müraciət etdi.
O, başqasının əmlakının mənimsənilməsinin, xüsusən də mühafizə işçisi üçün yolverilməz olduğunu söylədi. Onun sözlərinə görə, şöbə işçisinin əqli xəstə qadının mənzilini satmağa çalışması həqiqətəuyğun deyil. Ancaq eyni zamanda məsələni araşdıracağına söz verdi. İnanmaq istəyirəm ki, belə də olacaq.
Ancaq əldə etdiyimiz məlumatlar başqa bir şeyə işarə edir.
Könüllünün dediyinə görə, polis müfəttişi ruhi xəstə olan İnqanı müxtəlif instansiyalarda gəzdirib. Penkova hesab edir ki, o, xəstənin sənədlərini qaydasına salmaq və sonra evi satmaq üçün bunu edir.
Öz növbəsində, “Azərbaycan Uşaqları Birliyi” İB-nin rəhbəri Kəmalə Ağazadə Oxu.Az-a bildirib ki, Sumqayıt şəhər icra hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası mütləq müdaxilə etməlidir: komissiya İnqa və qızını himayəyə götürməli, vəziyyəti nəzarətinə almalıdır.
"Uşaq daim sığınacaqda ola bilməz - bu müvəqqətidir. İ.Trifonova və qızının mülkiyyət hüquqlarının pozulmasına yol verilməməlidir. Mövcud qaydada İnqanın Göygöl rayonunun Qırıxlı kəndində yerləşən xüsusi bir qadın müəssisəsinə yerləşdirilməsini asanlaşdırmaq üçün Qəyyumluq komissiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməlidir”, - deyə hüquq müdafiəçisi bəyan edib.
Bu arada, 15 dekabr axşamı məlum oldu ki, İnqa stasionar müalicə üçün nəhayət xəstəxanaya yerləşdirilib, ancaq bu, çox az çəkib. Bu, qadının mənzili yenidən yandırmasından sonra baş verib.
Müvafiq dövlət qurumlarının diqqətini bu problemə yönəldərək, davranışları ilə vəzifə şərəfini ləkələyən polis məmuru tərəfindən mənzilin ələ keçirilməsinin qarşısını almağı və İnqa Trifonovanın hərtərəfli müalicəsinin təmin edilməsini xahiş edirik. Bir sözlə, vicdanla hərəkət etsinlər.
Ramella İbrahimxəlilova
"Bakı" teqi üzrə xəbərlər
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi
- Əfsanəvi Ronaldinyo Bakıya COP29-la bağlı səfərindən paylaşım edib
- Dünya futbolunun əfsanəsi Ronaldinyo Azərbaycana gəlib
Rəylər