Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini Füzuli Hüseynovun (1975-ci il təv.) CM-nin 178.2.2 (dələduzluq təkrar törədildikdə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 216 (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxışı yekunlaşıb.
Oxu.Az xəbər verir ki, ittiham aktına əsasən, Füzuli Hüseynov tanışı, Qarabağ müharibəsi veteranı Cəmil Məmmədova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən qohumunun vasitəsi ilə ona avtomobil veriləcəyinə kömək edəcəyini yalandan vəd verib, aldadıb.
Ötən il mayın 2-də Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən “Olimp” mağazasının qarşısındakı yeraltı keçiddə o Məmmədovdan 1500 manat, mayın 5-də isə 1700 manat pulunu alıb ələ keçirməklə, zərərçəkmişə ümumilikdə 3200 manat məbləğində xeyli miqdarda ziyan vurub.
Analoji üsulla mayın 4-də Hüseynov tanış olduğu müharibə veteranı Dilsuz Məmmədovu aldatmaqla, ondan adıçəkilən yerdə 1000 manat pulunu alıb və zərərçəkmişə xeyli miqdarda ziyan vurmaqla dələduzluq edib.
Bundan əlavə, dekabrın 11-i axşam saat 18 radələrində Füzuli Hüseynov sərxoş vəziyyətdə mobil telefonundan FHN 112 xidmətinə zəng edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yasamal rayon şöbəsində partlayıcı qurğu quraşdırıldığını, bir neçə dəqiqədən sonra partladacağını deməklə insanların həlak olmasına səbəb ola biləcək partlayış barəsində məlumat verib. Onun verdiyi məlumat əsasında hadisə yerinə xilasedicilər cəlb olunub, lakin heç bir partlayıcı qurğu aşkar edilməyib. Elə həmin gün F.Hüseynov şübhəli şəxs qismində Yasamal RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb və istintaqın gedişatında onun dələduzluq əməlləri üzə çıxıb.
Məhkəmə prosesində F.Hüseynov ittiham üzrə özünü təqsirli bilib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
C.H.
www.oxu.az