Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Neftçalanın sabiq icra başçısı apellyasiya şikayəti verməkdən imtina etdi
Neftçalanın həbs edilən sabiq icra başçısı İsmayıl Vəliyev barəsində seçilən həbs qətimkan tədbirindən apellyasiya şikayəti verməyib.
İ.Vəliyevin vəkili Əyyub Ələkbərov Oxu.Az-a açıqlamasında bildirib ki, həbs olunan şəxslərdən yalnız rayonun Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev barəsində seçilmiş həbs-qətimkan tədbirindən apellyasiya şikayəti verib.
Digər saxlanılan şəxslər isə bu hüquqlarından istifadə etməyiblər.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələrinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri başlanılıb.
Toplanılmış materiallarla rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin mütəmadi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib təhsil, səhiyyə və digər yerli dövlət təsisatları rəhbərlərindən müxtəlif adlar altında şəxsən pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən olunub.
Həmçinin, İsmayıl Vəliyevin şəxsən, habelə icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, tabeçiliyində olan digər vəzifəli şəxslər vasitəsi ilə rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.
İsmayıl Vəliyevin, Vurğun Əkbərovun, icra başçısının müavini Gültəkin Sadıqovanın, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərovun xidməti otaqlarına məhkəmənin qərarı əsasında keçirilən baxış zamanı müxtəlif yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, külli miqdarda pul vəsaitləri, sənədlər və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.
Aparılan araşdırmalarla İsmayıl Vəliyev tərəfindən təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin nağdlaşdırılaraq mənimsənildiyi, vəzifə səlahiyyətlərindən sui-istifadə edilməklə rayon ərazisində torpaq sahələrinin özbaşına tutulduğu, qanunsuz olaraq şəxsi məqsədlər üçün istifadə edildiyinə, həmin ərazilərdə qanunsuz tikinti işləri aparıldığına əsaslı şübhələr müəyyənləşib.
İstintaq araşdırmaları ilə həmçinin, dövlət qayğısı ilə əhatə olunmuş işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün onlara məxsus əməkhaqqı kartlarının İsmayıl Vəliyev tərəfindən müxtəlif adlar altında ələ keçirilməsinə əsaslı şübhələr müəyyənləşib.
Qeyd olunan vəzifə səlahiyyətlərindən sui-istifadə faktlarının təhsil, səhiyyə və digər yerli dövlət orqan və müəssisələrində davamlı korrupsiya əməllərinin törədilməsinə yol açdığı təsbit edilib.
Cinayət işləri üzrə İsmayıl Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə faktlarına görə, Vurğun Əkbərov, Anar Cəfərov, Vüqar Nağıyev, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov və digərləri rüşvət alma və rüşvət vermə ilə bağlı faktlara görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə şübhəli şəxs qismində saxlanılıblar.
Səbail Rayon Məhkəməsi sabiq icra başçısı İsmayıl Vəliyev, onun birinci müavini olmuş Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, şöbə müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Rəylər