Suraxanıda həyat yoldaşını amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Natiq Məhərrəmovun cinayət işi üzrə məhkəmənin ilk baxış iclası keçirilib.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilənə ittiham aktını elan edib.
Təqsirləndirilən məhkəmədə sərbəst ifadəsi zamanı hadisəni qısqanclıq zəminində törətdiyini vurğulayaraq bildirib ki, o, həyat yoldaşının ona xəyanət etməsinə və sonuncu övladının öz uşağı olmadığına dair şübhələri yarandığından bu cinayəti törədib.
Məhkəmənin növbəti baxış iclası oktyabrın 2-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2025-ci ilin aprelində Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində baş verib. Qəsəbədə yerləşən parkların birində 39 yaşlı Sevinc Məhərrəmova amansızcasına qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 35 yaşlı Natiq Məhərrəmov saxlanılıb.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi açılıb.
Natiq Məhərrəmova Cinayət Məcəlləsinin 120.2.2- ci (Xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (Xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə yekun ittiham irəli sürülüb.
Elgün Həsənli