Böyük Britaniyada yaşayan Cina və Den Levis cütlüyü körpənin dünyaya gəlməsini gözləyirdilər. Hamiləliyin 20-ci həftəsində USM zamanı məlum olub ki, uşağın onurğa sütünü tam inkişaf etməyib və onun bir hissəsi açıq qalıb.
Bu nadir və çox ağır anadangəlmə patologiya tibbdə “spina bifida” adlandırılır. Bu patologiya ilə doğulan uşaqlar əlil olur, sərbəst yeriyə bilmir, əlil arabasından istifadə edirlər.
Oxu.Az saglamolun.az-a istinadla xəbər verir ki, həkimlər ailə cütlüyünə bətndaxili əməliyyatın keçirilməsini təklif ediblər. Unikal əməliyyat Belçikada baş tutub. 2 saat davam edən əməliyyatda 22 həkim iştirak edib. Həkimlər sinirləri yerinə, onurğa sütununun içinə yerləşdirib, deffekti süni dəri ilə bağlayıblar. Daha sonra bu yerdə uşağın öz dərisi inkişaf edib.
Frenki adlı qız hamiləliyin 35-ci həftəsində dünyaya gəlib. Doğulandan sonra uşaq ayaqlarını tərpətməyə başlayıb. Bu o demək idi ki, sinirlər öz funksiyasını bərpa edib və uşaq gələcəkdə yeriyə biləcək. Hal-hazırda uşağın 2 yaşı var və o, sərbəst yeriyir.
A.S.
www.oxu.az