Azərbaycanda naməlum, oğurlanmış və ya icbari sığorta müqaviləsi olmayan avtonəqliyyat vasitələrinin səbəb olduğu yol-nəqliyyat hadisələri nəticəsində sağlamlığına zərər dəymiş və ya həyatını itirmiş vətəndaşlar üçün kompensasiya ödənişlərinin verilməsi mexanizmi nəzərdə tutulub.
Bu mexanizmin icrası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, İcbari Siğorta Bürosu (İSB) tərəfindən təmin edilir.
Bu barədə Oxu.Az-a İSB-dən bildirilib.
Bürodan bildirilib ki, əfsuslar olsun ki, bəzi hallarda zərərçəkənlərin düşdüyü durumun həssaslığından, eləcə də onların məlumatlı olmamasından sui-istifadə edən, son məqsədi zərərçəkənə düşə biləcək kompensasiya ödənişinin bir hissəsini (hətta yarısını və ya daha çox qismini) qanunsuz yolla mənimsəmək olan dələduz “vasitəçilər” peyda olur və vətəndaşları aldatmaq yolu ilə guya Bürodan kompensasiyanın alınması prosesinin mürəkkəbliyini, hətta mümkünsüzlüyünü iddia edərək vətəndaşları onların adından vasitəçi kimi çıxış etməyə razı salırlar.
Naməlum, oğurlanmış və ya icbari sığorta müqaviləsi olmayan avtonəqliyyat vasitəsinin səbəb olduğu yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa dəymiş zərərlə bağlı kompensasiya ödənişinin alınması üçün İcbari Sığorta Bürosuna müraciət edərkən aşağıdakı vacib məqamları nəzərə alın:
- Kompensasiya ödənişi almaq üçün Büroya şəxsən müraciət edin;
- Əgər kompensasiya ödənişinin alınması prosesi ilə bağlı sizə əlavə hüquqi xidmətlərin lazım olacağı qənaətinə gəlsəniz, yalnız bu zaman analoji xidmətləri təqdim edən vasitəçi ilə ünsiyyətə keçməyiniz tövsiyə olunur;
- Əməkdaşlıq edəcəyiniz vasitəçi ilə mülki münasibətlərinizi müqavilə ilə rəsmiləşdirin. Müqavilənin bütün şərtləri və vasitəçiyə ödəniləcək xidmət haqqını aydın əks etdirməsini və notarial qaydada təsdiqlənmiş olmasını tələb edin;
- Hər hansı səbəbdən Büroya şəxsən müraciət edə bilmədikdə, eləcə də vasitəçi ilə müqavilə bağlamaq mümkün olmadıqda, ona verəcəyiniz etibarnaməni Büro qarşısında sizi yalnız təmsil etmə hüququ ilə məhdudlaşdırın. Daha geniş səlahiyyətlər həvalə edən etibarnamə verməklə bəzi nadürüst vasitəçilərin dələduzluq əməllərinin qurbanı ola bilərsiniz;
- İstər şəxsən, istərsə də vasitəçinizlə müraciət etdiyiniz hallarda, Büronun əməkdaşları proses boyu sizi və ya nümayəndənizi təmənnasız şəkildə istiqamətləndirəcəklər;
- Vasitəçinizlə yanaşı özünüz də Büronun əməkdaşları ilə ilkin görüşlərdə iştirak etməyə çalışın və sizi maraqlandıran sualları birbaşa Büronun əməkdaşlarına verin;
- Yalnız yol-nəqliyyat hadisəsi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarından sonra kompensasiya ödənişinin alınması ilə bağlı Büroya müraciət etmək olar. Qanunla müəyyən olunan bu tələb kompensasiya ödənişinin verilməsi üçün əsasdır;
- Büro tərəfindən verilən kompensasiya ödənişini yalnız şəxsən qəbul edin, hər hansı şəxsə bunu həvalə etməyin.
U.A.
www.oxu.az