Dayə kimi işlədiyi evdən 80 min manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən paytaxt sakini Sevinc Fərəcova artıq saxlanılıb və hazırda fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Oxu.Az bu barədə spacetv.az-a istinadla xəbər verir.
Ümumiyyətlə, kimlər dayə ola bilər? Valideynlər uşaqlarına dayə seçərkən nələrə diqqət etməlidirlər?
Əslində tarixən xan, bəy, zadəgan övladlarının tərbiyəsi dayələrə - xüsusi mürəbbiyələrə həvalə olunardı. Kecmişdə dayələr də elmi, savadı ilə seçilən xüsusi qabiliyyətli insanlar olub. İndi isə dayəlik iş tapa bilməyən orta, bəzən lap ali təhsilli qadınların dolanışıq yerinə çevrilib.
Əgər bir qadın uşağın yeməyinə, geyiminə nəzarət edib, vaxtında yatıb-durmasını təmin edə bilirsə deməli o dayəlik edə bilər. Əslində paytaxtda barmaqla sayılacaq qədər az dayəlik kursu var ki, həmin kursda dayələr 3 ay olmaqla iki ay təlim və 1 ay təcrübə kursu keçir və bu peşənin incəliklərinə yiyələnirlər. Həmin kurslardan birinin təlim-tərbiyə üzrə mütəxəssisi Xalidə Rzayeva deyir ki, dayə olan şəxsin ilk novbədə psixoloji durumu, savadı, əxlaqı, dünyagörüşü yoxlanılmalıdır.
Xarici olkələrdə agentlik vasitəsilə çağırılan dayələr xüsusi kurs keçmiş olurlar. Bu adət indi də qərb ölkələrində qorunub saxlanır. Məsələn, İngiltərədə dayələr üçün xüsusi məktəblər var. Onlarla əmək müqaviləsi bağlanır, şirkət ailəyə zəmanət verir, hər hansı neqativ hala görə məsuliyyəti də öz üzərinə götürür.
A.S.
www.oxu.az