Baku TV-nin "Oralarda necədir?" rubrikasının yeni buraxılışında Fransanın Lion şəhərindən bəhs edilib.
Bakıdan 3 651 km uzaqda, Rona - Sona çaylarının qovuşduğu nöqtədə salınmış qədim Lion şəhəri təkcə Fransanın deyil, Avropanın ən maraqlı yaşayış məkanlarından biri sayılır. Tarixi eramızdan əvvəl 43-cü ilə gedib çıxan şəhər kinematoqrafiyanın baniləri Lümyer qardaşlarının və "Balaca Şahzadə"nin müəllifi Antuan de Sent-Ekzüperinin vətənidir.
Pulsuz dövlət məktəbləri, bahalı, amma yüksəksəviyyəli özəl xəstəxanaları, evdə fəaliyyət göstərən bağçaları, qastronomiyası və müasir sosial qanunları Lionu fərqli edən əsas amillərdir. Lionda qadınlar adətən 30 yaşdan sonra ana olmağı planlayırlar.
Dövlət xəstəxanalarında doğuş pulsuzdur, amma özəl klinikalarda bu xidmət 5 000 avroya (təxminən 9 875 manat) başa gəlir. Lüks doğum otaqlarında musiqi, rəng terapiyası və xüsusi yeməklərlə qadınlar psixoloji cəhətdən rahatlaşdırılır.
Bu şəhərdə dövlət bağçaları yalnız nahara qədər işləyir. Bu səbəbdən Lionda ev şəraitində fəaliyyət göstərən minibağçalar çox populyardır.
Lionda ailə qanunları sərtdir: boşanma uzun prosesdir və uşaqlar bir həftə anada, bir həftə atada qalırlar. Əgər ana daha çox qazanırsa, alimenti o ödəyir. 12 yaşdan yuxarı uşaqlar kiminlə yaşamaq istədiklərini özləri seçə bilirlər. Burada daşınmaz əmlak bahadır: bir kvadratmetri 5 000-10 000 avro (9 882-19 764 manat). Kirayə tapmaq isə çətindir, çünki çoxlu sənəd tələb olunur.
Daha ətraflı süjetdə: