Paytaxtın Buzovna-Bilgəh yolunda sürət həddi yüksək olmasına baxmayaraq, piyada keçidləri çox uzaqdadır. Vətəndaşlar dəmir arakəsmələrin üzərindən keçməklə qarşı yola çıxırlar.
Oxu.Az Xəzər Tv-yə istinadən məlumat verir ki, sözügedən ərazi paytaxtın Xəzər rayonu Buzovna-Bilgəh yolunun Buzovna qəsəbəsinə giriş hissəsidir.
Ərazidə yaşayan sakinlər deyir ki, əvvəllər bu yolda piyada zolağı olub. Ancaq sonradan silinərək yol dəmir arakəsmələrlə bağlanıb.
Ərazidə çəkiliş apardığımız zaman, həqiqətən də bu yolda sürücü və piyadalar üçün təhlükə olduğunun şahidi olduq. Vətəndaşlar qarşı tərəfə dəmir arakəsmələrin üzərindən keçməklə gedirdilər. Çünki ən yaxın piyada kecidi - 800-900 metr uzaqlıqdadır.
Ərazidə yaşayış evlərin və məktəbin olması qəza riskini daha da artırır. Bununla yanaşı, yolun hər iki tərəfində avtobus dayancağı da qoyulub. Avtobusdan düşən sərnişinlər yolu keçməkdə çətinlik çəkirlər. Elə bunu sürücülər də etiraf edirlər.
Məsələ ilə bağlı “Azəravtoyol” Açıq Səhimdar Cəmiyyətindən bildirildi ki, ümumilikdə paytaxt yollarında piyada keçidlərinin tikilməsi ilə bağlı Nazirlər Kabinetinin Yol hərəkəti təhlükəsizliyi komissiyasına təkliflər verilib. Artıq 12 piyada keçidinin tikintisinə başlanılıb. Həmin yolun üzərində də piyada keçidinin tikilməsi nəzərdə tutulur.
A.M.