Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycan Kinosunun 120 illiyi aktyorlarımızın gözü ilə - FOTO
Azərbaycan kinosunun tarixi 1898-ci ilin avqust ayının 2-dən başlayır.
İlk filmlər isə Aleksandr Mişon tərəfindən çəkilmiş xronika süjetləri – “Bibiheybətdə neft fontanı yanğını”, “Balaxanıda neft fontanı”, “Şəhər bağında xalq gəzintisi” və “İlişdin” bədii kinosüjetindən ibarət idi.
İlk bədii film isə İbrahim bəy Musabəyovun “Neft və milyonlar səltənətində” romanı əsasında Boris Svetlovun rejissoruluğu əsasında çəkilib.
İlk Azərbaycan kinokomediyası “Arşın mal alan” olub. Beləliklə, Azərbaycan kinosu inkişaf edib və bir sıra aktuallığını itirməyən filmlər meydana gəlib.
Bu illər ərzində cizgi filmləri sənayesi də inkişaf etməyə başlayıb. “Fitnə”, “Tülkü Həccə gedir”, “Cırtdanın yeni sərgüzəştləri”, “Çaqqal oğlu çaqqal”, “İlham”, “Göyçək Fatma” və “Möcüzələr adası” kimi bir sıra cizgi filmləri çəkilib.
Bu gün Milli Kinomuz inkişaf etməkdə davam edir. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə çəkilən filmlərdən başqa, kommersiya məqsədilə çəkilən filmlər də artıb. Ancaq tamaşaçıların marağı daha çox komediya filmlərinədir və onu da qeyd edək ki, çəkilən filmlərin hamısı keyfiyyətli alınmır.
Aktyorların çoxu şikayət edib gileylənsə də, bütün əziyyətlər və ərsəyə gələn işlər Azərbaycan kinosu adınadır.
Oxu.Az Milli Kinomuzun 120 illiyi münasibətilə aktyorlarımızın fikirlərini öyrənib.
Aktyor Əjdər Zeynalov düşünür ki, kinomuzun inkişafı “Nəsimi” filmi ilə başlayıb:
“Milli kinomuzun inkişafı “Nəsimi” filmindən başlayıb. Ondan öncə də filmlər çəkilib. Amma qlobal ajiotaj yaratmış, minlərlə insanın rəğbətini qazanmış, Azərbaycanı kino sənayesində tanıdan filmlər “Babək”, “Nəsimi”, “Arxadan vurulan zərbə”, “Axırıncı aşırım”, “Qanun naminə”, “Böyük dayaq”, “Əhməd haradadır?”, “Ulduz” kimi filmlərdir.
Onlar hələ də öz aktuallğını qoruyur. Milli kinomuzun inkişafında Həsən Seyidbəylinin, Adil İsgəndərovun, Tofiq Tağızadənin adını çəkmək olar.
Sonrakı dövrlərdə isə Azərbaycan Film Kinostudiyasında Müşfiq Hətəmovun gəlişindən sonra “Dolu”, “Qisas almadan ölmə”, “Nabat”, “Nar bağı” kimi filmlər işıq üzü gördü və Azərbaycan xalqını bir çox dünya festivallarında təmsil etdi. Həmin festivallarda uğur qazanan bu filmlər layiqli yerlər tutdular.
Hazırda filmlərimiz inkişaf edir. Fuad Əlişovun “Son iclas” adlı Azərbaycan Demokratik Respublikasının 100 illiyinə həsr olunmuş filmi təqdirəlayiqdir. İnanıram ki, filmlərimiz daha da uğur qazanacaq və bizi dünyada təmsil edəcək”.
Dünya kinosunda Azərbaycanı təmsil edən aktyor Kamran Ağabalayev hesab edir ki, bir ildən sonra Azərbaycanda dram janrında çəkilən filmlər artacaq:
“Mənə görə, kinonun millisi və ya qeyri-millisi olmur. Kino ya var, ya yoxdur! Mən deyirəm var! Son üç ildə 200-ə yaxın festivallarda iştirak, həmçinin, bəzilərində qalib olmaq bunun sübutudur.
Köhnə filmlərimiz deyəndə üç isim – Yusif Vəliyev, Şəfiqə Məmmədova, Həsənağa Turabov, yeni filmlərimizın adı çəkiləndə, əlbəttə, Qurban İsmayılov ağlıma gəlir.
Yeni çəkilən filmlərimizdən danışsaq, bizdə də Türkiyədəki kimi komediya filmlərindən başladılar və dram filmləri onları tam başqa yerə götürdü. İndi də qorxu filmləri çəkilir. Bir ildən sonra Azərbaycanda dram filmləri daha çox olacaq.
Baxın, bir filmə görə ən az 300 nəfər evinə maaş aparır. Çəkilən filmlərimiz də festivallarda iştirak edir və dünya buranı kino ölkəsi kimi tanımağa başlayır”.
Əməkdar artist Hüsniyyə Mürvətova bildirib ki, korifey sənətçilərimiz onu aktrisa olmağa ruhlandırıb:
“Bizim korifey rejissorlarımız, aktyorlarımız olub ki, onlardan ruh almışıq. Bu sənətə gəlib, onların filmlərini, özlərini sevmişik. Müasir kinomuz inkişaf edir. İnkişaf edək, milli ruhumuzu heç vaxt itirməyək.
Köhnə filmlərimizdən bəhrələnək. Fəxri ada layiq görülən həmkarlarımı, Milli Kino Günü münasibətilə bu sənətdə can qoyan hər kəsi təbrik edirəm”.
Cizgi filmlərinin istehsalı ilə məşğul olan “Azanfilm”in eks-direktoru Fariz Əhmədov hesab edir ki, animasiya filmləri uşaqların bir vətəndaş kimi formalaşmasında mühür rol oynayır:
“Bu sahə ölkəmiz, insanlarımız və uşaqlarımız üçün lazımlı sahədir. Bildiyim qədərilə, ildə bir neçə filmin istehsalı Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə həyata keçirilir. Şirkətlər cizgi filmlərinin istehsalına pul ayırmır.
Animasiya filmlərini ya dövlət, ya hansısa özəl kanal sifariş edir. Burada söhbət böyüklər və uşaqlar üçün animasiya filmlərindən gedir. Əgər ildə 1-2 animasiya filmi istehsal edilirsə, bu, böyük nəticə deyil. Bu filmlərlə uşaqlarımız tərbiyə olunur. Onların gələcək həyatına təsir edir.
Həm təhsil, həm elmlə yanaşı, onların bir vətəndaş kimi formalaşmasında rol oynayır. Bir neçə filmlə, təəssüf ki, az nəticə əldə etmək olar. Maliyyə baxımından böyük pul tələb edən sahələrdəndir. Həm də xeyli zaman alır. Aydındır ki, kadr çatışmazlığı da var. Ümid edirəm ki, zamanla hər şey yoluna düşəcək və animasiya filmlərinin istehsalı artacaq”.
Bakı Bələdiyyə Teatrının aktyoru Tural Əhməd “üç günlük kino”ları milli kino sənayemizə aid etmir:
“Milli kino dedikdə, ömrünü bu sənətə həsr edən, canından keçən, sənətinə və özünə hörmət edən fədai insanlar ağlıma gəlir. Milli kinomuzda çəkilən filmlərin çoxu bir-birindən gözəldirlər. İnşallah, zaman keçdikcə müasir dövrdə də milli kinomuzun inkişaf edəcəyinə inanıram. Çünki Azərbaycan kinosu olub, yaşayır, yaşayacaq. Bu ölkənin kinosu da olub, sənətkarları da. Həmişə də olacaq. Təbii ki, söhbət əsl kinodan gedir. Üç günlük kinolardan yox”.
Pərviz Hüseyn
www.oxu.az
Rəylər