Mayın 21-də Amsterdam şəhərində GRİD Beynəlxalq Fotoşəkil festivalı çərçivəsində “Əyaləti Tikərkən” adlı sərgidə 3 Azərbaycan rəssamının əsərləri nümayiş olunacaq.
Oxu.Az buro247.az-a istinadla xəbər verir ki, bu il festivalın əsas mövzusu tikintidir. Qeyd olunan sərgi çərçivəsində rəssamlar gündəlik həyatımızda antropogen məkanın oynadığı rolu və həmin məkanda yaşayan sakinlərin mənliyinə təsirini aşkar etməyə çalışacaq.
GRİD 2 ildə bir dəfə keçirilən və müasir vizual mədəniyyətə həsr olunan beynəlxalq fotoşəkil festivalıdır. Festivalda beynəlxalq miqyasda tanınmış rəssamların və gənc istedadların yaratdığı müxtəlif əsərlər, sərgi salonları və yaradıcı sahələr tərəfindən əlavə festivaldankənar “OFF GRİD Festival” proqram tədbirləri təşkil olunacaq. Festival çərçivəsində əlavə təhsil incəsənət layihələrinin, mühazirələrin, məşğələlərin və müsabiqələrin təşkili də nəzərdə tutulub.
Artıq altıncı dəfə keçiriləcək GRİD Festivalında müxtəlif incəsənət üslublarında işləyən üç Azərbaycan nümayəndəsi Zamir Süleymanov, Emin Əzizbəyli və Nəzrin Məmmədova iştirak edəcək. Azərbaycanda müasir incəsənətin inkişafı və yayılması, habelə ölkədə və xaricdə Azərbaycan incəsənətinin təmsil olunması ilə məşğul olan “YARAT” qeyri-kommersiya təşkilatı tərəfindən sifariş olunan bu sərginin kuratoru vəzifəsində Suad Qarayeva çalışacaq.
2012-ci ildə Zamir Süleymanov və Emin Əzizbəyli tərəfindən çəkilən “Astar” qısametrajlı filmində Bakı şəhərinin ətrafında yaşayan gənc oğlanın hekayəsi nəql olunur. Sonu bəlli olmayan filmdə rejissorlar baş qəhrəmanın ictimai və şəxsi həyatda etdiyi yeknəsəq hərəkətlərdən və fəaliyyətdən bəhs edirlər. Gerçəkliyin təxəyyülə qarışdığı filmdə nəinki baş qəhrəmanın yaşadığı məhəllədə mövcud olan, həmçinin xəyalında yaradılan antropogen landşaft üzrə irəlilədikcə Arzuman adlı baş qəhrəmanın obrazı formalaşır. Baş qəhrəman adının açıqlaması “xəyalpərəst şəxs” mənasını kəsb edən (“arzu”-istək, dilək; “man”-insan) filmdə paytaxt şəhərin ətrafında olan həyatdan, sahibkarlıqdan, sevgidən və gerçəkliyin özündən söhbət açılır.
Nəzrin Məmmədovanın ərsəyə gətirdiyi silsilə işlərdə, müəllifin Azərbaycan bölgələrinə etdiyi səfər zamanı çəkdirdiyi evlərin dam örtüklərinin şəkilləri öz əksini tapır. 2014-cü ildə yaradılan “Şirvan” silsilə şəkillərində rəqəmsal vasitələrlə düzəldilən və çoxaldılan dam örtüklərinin surətləri mövcud olduğu kontekstdən qopardılarkən müstəqil işarələr qismində təqdim olunur.
Həm binanın örtülməsi, həm də bəzədilməsi məqsədilə adətən istifadə olunan polad damlar yerli müasir incəsənətinin simvollarını, habelə mənsub olduğu özünəməxsus yaşayış binalarının birmənalı həmahəngliyini təşkil edir. Beləliklə, Məmmədovanın ərsəyə gətirdiyi əsərlər “tikinti bum”unun əmələ gətirdiyi eyniliyi, qədim sənətkarlıq ənənələrini və ucuz tikinti materiallarını birləşdirən əyalət sakinlərinin və onların məxsusi ifadə tərzinin rəqəmsal portretini müəyyənləşdirir.
Tarix: 21 may-12 iyun 2014-cü il
Tədbirin açılışı: 21 may (saat 18:00-20:00 radələrində)