Heydər Əliyev Mərkəzində məşhur almaniyalı fotoqraf Teo Allofsun “Ram edilməmiş Afrika” adlı fərdi sərgisinin açılış mərasimi keçirilib.
Açılış mərasimində Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Adil Kərimli çıxış edərək mərkəzin incəsənətimizin inkişafına dəstək verən növbəti layihələrdən birini təqdim etməsini diqqətə çatdırıb.
Mərkəzdən Oxu.Az-a bildirilib ki, Teo Allofs çəkdiyi fotolar barədə öz təəssüratlarını bölüşüb. Heydər Əliyev Mərkəzində fotosərgisinin keçirilməsindən qürur duyduğunu bildirən almaniyalı fotoqraf deyib:
“Belə bir möhtəşəm binada olmaqdan çox şadam. Çünki mən və xanımım Ceymi bura gəlməzdən öncə Heydər Əliyev Mərkəzinin çoxsaylı fotolarını internetdə araşdırıb baxmışdıq. Lakin bura gəldikdən sonra binanın həm daxilən, həm də zahirən reallıqda daha gözəl olmasının şahidi olduq”.
Sərginin təşkil olunmasında Heydər Əliyev Fondunun dəstəyini vurğulayan Teo Allofs Fondun vitse-prezidenti Leyla Əliyevaya dərin təşəkkürünü bildirib.
Almaniyalı fotoqraf bu sənətə gəlməsi, iş üslubu haqqında da fikirlərini tədbir iştirakçıları ilə bölüşüb. O deyib:
“Mən həftələrlə xanımımla birgə səyahətlər edirik. Biz insan əli dəyməmiş, məhz öz gözəlliyi ilə seçilən təbiət mənzərə və hadisələrinin şahidi oluruq. Məhz bu məqsədlə də mən Arktika, Antarktida, Afrika qitələrinə getmişəm. Mən açıq təbiətdə özümü evdəki kimi hiss edirəm. Qərara gəlmişəm ki, növbəti illəri daha çox - ildə ən azı 4-5 ay olmaqla Afrika qitəsində fotolar çəkək”.
Daha sonra qonaqlar sərgi ilə tanış olublar.
Teo Allofs 30 ildən çoxdur ki, peşəkar fotoqrafiya ilə məşğuldur. 1995-ci ildən o, təbiət (vəhşi həyat və peyzaj) fotoları çəkir.
Teo Allofs indiyədək bir çox beynəlxalq mükafatlara layiq görülüb. Bunların sırasında o, BBC (Bi-Bi-Si) teleradio yayım şirkətinin “Vəhşi təbiət üzrə ilin fotoqrafı” mükafatı ilə 11 dəfə təltif olunub. Onun işləri “National Geographic”, “New York Times”, “Newsweek”, “Time Magazine”, “GEO”, “Der Spiegel”, “Focus”, “Smithsonian”, “BBC Wildlife Magazine”, “Terre Sau¬vage” və “Australia Geographic” kimi məşhur qəzet və jurnallarda, kitab və təqvimlərdə dərc edilib.
Almaniyanın “Foto Magazin” jurnalı onu dünyanın ən yaxşı təbiət fotoqrafı adlandırıb.
A.S.
www.oxu.az