Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Heydər Əliyev Mərkəzində qala-konsert olub - FOTO/VİDEO
Mayın 25-də Heydər Əliyev Mərkəzində qala-konsert olub. Konsert Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində təşkil edilib.
Mərkəzin Auditorium zalının səhnəsində bayram əhvallı konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycanın Xalq artistləri Dinarə Əliyeva (soprano), Fərhad Bədəlbəyli (fortepiano), Murad Adıgözəlzadə (fortepiano), Yusif Eyvazov (tenor) və İtaliyanın opera ifaçısı Ambrogio Maestri (bariton) çıxış ediblər.
İki hissədən ibarət qala-konsertin dirijorları Azərbaycanın Əməkdar artisti Fuad İbrahimov, yerli və beynəlxalq müsabiqələr laureatı Mustafa Mehmandarov olub.
Klassik musiqi gecəsində Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.
Tamaşaçılar Üzeyir Hacıbəyli, Cakomo Puççini, Cuzeppe Verdi, Fikrət Əmirov, Françesko Cilea, Niyazi, Pyetro Maskanyi, Sergey Raxmaninov, Umberto Giordanonun bəstələrini dinləyiblər.
“1001 gecə” baletindən introduksiya və bayram rəqsi ilə başlayan konsert “Sevil” operasından Balaşın ariyası, “Don Karlos” operasından Rodriqonun ariyası, “Toska” operasından ariya, “Otello” operasından Yaqonun ariyası və digər məşhur əsərlərlə davam edib. Konsert Dinarə Əliyeva, Yusif Eyvazov və Ambrogio Maestrinin “Trubadur” operasından birgə ariya ifaları ilə başa çatıb.
Bakıda olmaqdan məmnunluğunu bildirən İtaliyanın opera ifaçısı Ambrogio Maestri şəhərimizin gözəlliyinə vurğunluğunu gizlətməyib. O, Xalq artisti Yusif Eyvazovun ən yaxşı tenorlardan biri olduğunu xüsusilə qeyd edib və onunla bir səhnədə ifa etməkdən zövq aldığını bildirib.
Xalq artisti Yusif Eyvazov isə sənət dostları ilə birgə belə möhtəşəm mərkəzdə eyni səhnəni bölüşməyin onun üçün çox xoş olduğunu dilə gətirib:
“Uzun illərdir ki, Ambrogio Maestri ilə Avropa və Amerika səhnələrində birgə çıxış edirik. Azərbaycanın Xalq artisti, opera müğənnisi, Rusiya Böyük Teatrının solisti Dinarə Əliyeva ilə bir çox tamaşalarda duet oxumuşuq. Belə təntənəli ildə - “Heydər Əliyev İli”ndə konsert proqramı ilə çıxış etmək bizim üçün böyük şərəfdir”.
Xalq artisti Dinarə Əliyeva yenidən doğma Bakıda olmaqdan və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev İli”ndə konsertdə iştirak etməkdən məmnunluq duyduğunu deyib:
“Ulu öndər Heydər Əliyevə ehtiramımız böyükdür. Odur ki, konsertə böyük məsuliyyətlə hazırlaşmışdıq. Konsert proqramına Azərbaycanın və İtaliyanın ən tanınmış bəstəkarlarının əsərləri daxil edilmişdi. Ümidvaram ki, tamaşaçılar bizdən razı qaldılar”.
"Heydər Əliyev" teqi üzrə xəbərlər
- "Qalib lider faktoru: Ölkəmizin dünyada artan nüfuzu və yeni reallıqlar" konfransı keçirilib
- Rüstəm Minnixanov ulu öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
- "The Rıtz-Carlton Resıdences, Baku" Azərbaycanın paytaxtında təntənəli açılış edib
- Bakının hansı küçələrində sıxlıq var? - 16.12.2024
- Misir Mərdanovun Heydər Əliyevlə bağlı xatirəsi: "Dedi ki, qərarımı xalqa səhv çatdırmısınız"
Rəylər