Xəbər verdiyimiz kimi, Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliği məqsədi ilə Azərbaycan Prezidentinin 11 yanvar 2016-cı il tarixli 1673 nömrəli Sərəncamına əsasən, bu il ölkədə “Multikulturalizm ili” elan olunub.
Oxu.Az xəbər verir ki, məsələ ilə bağlı təsdiq edilmiş Tədbirlər Planına əsasən, respublikamızda çoxsaylı tədbirlər təşkil edilir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, görülən işlərin davamı olaraq 28-30 iyunda Bakı şəhərində “Azərbaycan – doğma diyar” devizi altında Milli Azlıqların V Respublika Festivalının keçirilməsi nəzərdə tutulur.
Festival çərçivəsində 28-29 iyun tarixində R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında bədii kollektivlərin çıxışları, 30 iyunda isə Heydər Əliyev Sarayında festivalın qala-konserti keçiriləcək.
Bununla yanaşı, Azərbaycan Xalça Muzeyində milli azlıqların həyat və yaşayış tərzini əks etdirən “Bir ailədə” adlı fotosərginin, 5 dildə (Azərbaycan, ingilis, rus, fransız, alman) “Azərbaycanda yaşayan milli azlıqların mahnı və rəqs folklor nümunələri” diskinin və foto-kataloqun təqdimatı, habelə “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda dəyirmi masanın təşkili planlaşdırılır.
Aytən Sadıqzadə
www.oxu.az