Oxu.Az-ın əməkdaşı, foto və videoqraf Ehtiram Cəbiyevin (Ehtiram Jabi) filmi bu il ilk dəfə İtaliyada keçiriləcək “AgriCulture” beynəlxlaq film festivalının nümayiş proqramına qəbul olunub.
Oxu.Az xəbər verir ki, E.Cəbiyevin fotoqraf Rəsul Quliyevlə birgə lentə aldığı “Təpənin arxasında” qısametrajlı sənədli filminin çəkilişləri Gürcüstanın Dmanisi bölgəsində, azərbaycanlılar yaşayan kənddə aparılıb. Ekran işində yayda yaylağa köçən çobanların ailələri ilə birgə bir günlük yaşayış tərzi nümayiş olunur.
Qeyd edək ki, “AgriCulture” beynəlxalq film festivalının müsabiqə proqramına iki bölmə üzrə - dünya və Avropa ölkələrinin istehsalı olan sənədli, bədii, animasiya, kommersiya filmləri və videoreportajlar daxildir. Qaliblər iki yolla - münsiflər heyətinin qərarı və onlayn səsvermə ilə müəyyən olunur. Hər iki bölmə üzrə üç film qalib seçiləcək.
“AgriCulture” beynəlxlaq film festivalının qalibləri 9 dekabrda elan olunacaq.
Aytən Sadıqzadə
www.oxu.az