Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Xalq artisti Elmira Şabanovanın doğum günüdür
Noyabrın 1-i Xalq artisti Elmira Şabanovanın doğum günüdür.
Oxu.Az xatırladır ki, Elmira Balahüseyn qızı Hüseynova 1940-cı ildə Bakıda anadan olub.
O, 1958-62-ci illərdə M.A.Əliyev adına Dövlət İncəsənət İnstitutunda aktyorluq, 1969-cu ildə isə rejissorluq fakültəsində təhsil alsa da, atası sənətini davam etdirməsinə mane olur.
E.Şabanova institutun I kursunda rejissor Rüfət Şabanovla ailə qurur və rejissor qadağan etdiyi üçün o, 1977-ci ilə kimi kinoya çəkilmir. Aktrisa bu haqda deyir:
"Əvvəl atam, sonra da həyat yoldaşım mənə qadağa qoydular. Mən həyat yoldaşımı başa düşürdüm. Bizim insanlarımız bir az başqa cürdürlər. O bilirdi ki, mənim istedadım var. Amma həmişə deyirdi ki, Elmira, sevgi filmində bircə rol ifa etsən, o dəqiqə şayiə yayılacaq ki, sən mənə xəyanət edirsən. Ona görə də mən qırx yaşa qədər ancaq pedaqoji fəaliyyətlə məşğul oldum. Bundan sonra isə rejissorlar mənə ancaq ana rolları verdilər".
E.Şabanova 1962-97-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim və dosent işləyib. "Azərbaycanfilm" kinostudiyasında 30-a yaxın bədii filmdə çəkilib.
1977-ci ildə "Bədbəxtliyin astanasında" qısametrajlı bədii filmi ilə ekranlarda görünən aktrisa xüsusilə 1980-ci illərdə bir-birinin ardınca kino, radio və televiziyada maraqlı obrazlar yaradıb. Onların arasında Anarın ssenarisi əsasında və rejissorluğu ilə çəkilmiş "Qəm pəncərəsi" filmində ustalıqla oynadığı "Həmidə xanım" obrazı mühüm yer tutub.
E.Şabanova "Qocalar", "Qafqaz", "40-cı qapı" filmlərində bir-birindən gözəl obrazları ilə yadda qalıb.
Aktrisa 2006-cı ildə "Xalq artisti" fəxri adına layiq görülüb.
Rəylər