Xalq artisti Zaur Rzayev yenidən reanimasiyaya yerləşdirilib.
Bu barədə Oxu.Az-a açıqlamasında müğənninin oğlu Azər Rzayev məlumat verib.

O bildirib ki, atası ötən gün yenidən Mərkəzi Neftçilər Xəstəxanasına aparılıb:
"Vəziyyəti ağır olaraq qalır. Təxminən 50 gündür bu durum davam edir. Bəzən reanimasiyadan çıxarırıq, evdə olur, sonra vəziyyəti ağırlaşır və yenidən xəstəxanaya aparmalı oluruq. Dünən də səhhəti yenidən pisləşdi və reanimasiyaya yerləşdirdik. Demək olar ki, yemək yemir, gəzə bilmir".
Oxu.Az-ın sorğusuna cavab olaraq Mərkəzi Neftçilər Xəstəxanasından bildirilib ki, 1952-ci il təvəllüdlü Zaur Rzayev oktyabrın 14-də saat 21:30-da Mərkəzi Neftçilər Xəstəxanasının qəbul şöbəsinə hospitalizasiya edilib:
"Ona qaraciyər sirrozu, assit və toksiki ensefalopatiya diaqnozları təyin edilib. Hazırda pasiyentin müalicəsi Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir".
Xatırladaq ki, Z.Rzayev sentyabrın 5-də xəstəxanaya yerləşdirilib.