Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Əfran İsmayılov: Bir komanda həqiqətən ailədir – MÜSAHİBƏ + FOTOSESSİYA
Oxu.Az-ın “Oyundan kənar” rubrikasının növbəti qonağı futbolçu Əfran İsmayılovdur.
- Əfran İsmayılov, “Qarabağ”ın parlaq futbolçularından biri kimi yadda qalmısan. Başlayaq əvvəldən - Əfran və futbol?
- Mən bir çox klublarda oynamışam, amma əksəriyyət məni “Qarabağ”dan yadda saxlayıb və elə bir çox uğurlarım da o komandada olub, bunu yaddan çıxara bilmərəm.
“Qarabağ”da 2006-2011-ci il ərəfəsində oynamışam, sonra “Bakı”ya transfer oldum.
- “Bakı” futbol klubunda ab-hava necə idi? “Qarabağ” kimi bir komandadan Bakıya getmək çətin olmadı ki?
- Düzdü, həmin ərəfədə bir çoxları “Qarabağ”dan ayrılmağımı istəmirdilər. Amma bu futboldu və futbolda bir yerdə qalmırsan, yerin dəqiq bilinmir. İstənilən vaxt istənilən kluba keçə bilərsən. Oynadığın klubdasan, bir də baxırsan ki, başqa klubdasan, yəni futbolda bu mümkündür. Mən də Bakıya keçdim, ilk altı ayı hər şey yaxşı idi, sonradan artıq hər kəsin bildiyi kimi komanda böhran yaşadı və artıq futbolçular klubdan getməyə başladılar.
- Sonra “Xəzər-Lənkəran” dövrü başladı. Futbol həyatın orda necə keçdi?
- Bilirsən, hər klubun özünün rejimi, qrafiki, psixologiyası var. Futbolçu da bu rejimə öyrəşməyə çalışır. Hər biri özünə görə yaxşı klubdu.
Bir müddət bu klubda oynadım, sonra da öz istəyimlə ayrıldım.
- Ayrılmağına səbəb nə idi?
- Komandaya yeni tərkib gətirəcəklərini söylədilər və bəzi işlərdə mənimlə razılıq olmadı, ona görə də ayrıldım.
- Bu qədər klubda oynamısan və bir komanda ailə deməkdir. Hansı məşqçi sənə daha yaxın idi? Hansı məşqçi ilə çalışmaq daha rahatdı?
- Bir neçə klubda olmuşam və bir neçə məşqçi ilə çalışmışam. Hər kəs bilir ki, Qurban müəllim başqadır, onun xarakteri, davranışı, bir komandaya rəhbərlik etməsi başqadır. Onunla bir klubda olmaq, bir komandada oynamaq daha rahatdır.
- Bir komandada oynayırsan və o komanda sənin üçün ailə olur, digər bir komandaya keçəndə o ailənlə rəqib olursan. O anda nə baş verir?
- Hər birimiz rəqibik. Bir komanda həqiqətən ailədir və biz futbol oynadığımızı bilirik. Oyundan kənarda dostuq, amma oyunda rəqibik və hər kəs də bunu çox yaxşı anlayır.
- Bəs dava düşəndə?
- Çox böyük davalar olmayıb, amma sözləşmə olur, o da oyunda qalır. Sözsüz oyun olmur.
- Azərbaycan futbolu deyəndə ilk ağıla kim gəlir?
- Mən uşaqlıqdan futbol deyəndə ilk gözümün önünə Rəşad Sadıxov gəlib, daha sonra Zaur Tağızadə və Qurban müəllimin özü.
- Bəs Əfran deyəndə kimlər nə deyəcək?
- Onu zaman göstərəcək, pis, ya da yaxşı nəsə deyəcəklər.
- Futboldan savayı hansı işlə məşğulsan?
- İnanırsan, ondan başqa heç nə bacarmıram (gülür).
- Məsələn, sənə doktor Əfran deyə bilərdilər?
- İnanmıram (gülür). Ola bilməzdi...
- Əfran, yenidən adın “Qarabağ”da çəkilə bilərmi?
- Bilmək olmaz, hələ ki düşünmürəm. Həm də indi istirahətdəyik, bəlkə də ola bilər, ona mən özüm və “Qarabağ”ın rəhbərliyi qərar verə bilər. Onu da ki yaşayıb görərik.
- Sənin zarafatlarından çox adam danışır, həmişə beləsən, yoxsa kefinə baxır?
- Dost-tanış deyirsə deməli eləyəm, zarafatı xoşlayıram.
- Hal-hazırda planın, istəyin, məqsədin nədir?
- Futboldayam. Məqsədim, istəyim, planım Azərbaycan futbolunda adımı yenidən yazdırmaqdır. Tənbəllik etməməliyəm, məşqləri davam etdirməliyəm. İnanıram ki, istəklərim də reallaşacaq.
Nərmin Kazımova
Foto: Nahid Nağızadə
www.oxu.az
"Azərbaycan" teqi üzrə xəbərlər
- Abdulkadir Uraloğlu: "Türkiyə-Azərbaycan tranzit keçid sənədi kvotası 100 minə yüksəldildi"
- Göyərtəsində azərbaycanlıların olduğu gəmi Kerç boğazında çətin vəziyyətə düşüb
- Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsi qəbul edildi
- Zahid Oruc: "Qərb Gürcüstanda xərclənən 20 milyard dolların hesabını istəyir"
- Mənbicli gəncin Azərbaycan bayraqlı, "Qarabağ" yazılı köynəyi diqqət çəkdi
Rəylər