Oxu.Az-ın “Oyundan kənar” rubrikasının növbəti qonağı “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) korporativ direktoru, Atletlər kəndinin meri Elçin Səfərovdur.

- Elçin Səfərov - Avropa Oyunları zamanı ən çox eşidilən, adıçəkilən ad, soyad! Sizcə sizi ən çox nəyə görə sevirdilər?
- Bilirsiz, insan üçün ən vacib ünsiyyətdir. Ünsiyyətin alınırsa, deməli nəsə bacarırsan. Mən hər zaman komanda işini sevmişəm, yaxşı komanda olsun deyə çalışmışam, hansısa bir işi görürsənsə o işin nəticəsi yaxşı olsun deyə sən yaxşı komandayla çalışmalısan. Tək əldən səs çıxmır!
Hansı sahədə çalışmışamsa orda mənim yaxşı, bacarıqlı komandam olub.
İşdən əlavə biz basketbol, voleybol oynayırıq. Yəni komandada təkcə iş prosesində birgə olmamalısan, asudə vaxtı da bəzən bir yerdə keçirmək lazımdır. Adətən komanda 20-30-35 nəfərdən ibarət olur. Avropa Oyunlarında isə bu say çox idi, artıq məsuliyyət çox idi. Burda əcnəbilər də var idi, çox dövlətdən mütəxəssislər də var idi.
İlk dəfə bir ölkədə keçirilən böyük bir yarış, böyük bir komanda və uğurlu nəticə...



- Hansısa bir işi görəndə mənfi rəylər də olur, müsbət də. Bu, Oyunlardan da yan keçmədi. Bu proseslər necə baş verdi?
- Bəli, mənfi və müsbət fikirlər oldu. Ən ideal iş görsən də orda nəsə narazılıqlar olacaq. Mən şəxsən vətəndaş kimi ölkəmdə belə uğurlu iş görüldüyünə sevinirəm.
- İxtisasca maliyyəçisiz. Maliyyəçi, təşkilatçılıq, rəhbərlik, komanda işi - hamısı birgə necə alınırdı?
- Bəli, ixtisasca maliyyəçiyəm. 17 ildir maliyyə sahəsindəyəm, Neft Şirkətində müxtəlif şirkətlərdə çalışmışam. 2013-cü ilin yanvar ayından artıq Gənclər və İdman Nazirliyinin dəvəti ilə Avropa Oyunlarının Təşkilat komitəsində yer aldım. Məsuliyyətli işdir, təbii ki. Əsas odur ki, işlərdən üzüaçıq çıxaq.
“Bakı 2015” adı artıq bir brenddir. Mən daha çox əcnəbilərlə ünsiyyətdə olanda onlardan bizim haqqımızda nə bildiklərini öyrənməyə çalışırdım. Onlarla sual-cavab edirdim, bizi tanıyırdılar, məlumatları var idi, amma əsas məqam Qarabağ haqqında nə isə bildiklərini öyrənməyim idi. Əgər bilmirdilərsə öyrənməli idilər, borcları idi. Onlar bir ölkəyə, böyük bir yarışa gəlirlər, onun mədəniyyəti, musiqisi, idmanı, dostluq etdiyi ölkələri haqqında məlumatları olmalı idi. Mən onlara Qarabağ haqqında nə bildiklərini soruşdum, onlar dedilər ki, biz bilirik ki, sizin Ermənistan ilə münasibətləriniz yaxşı deyil. Mən isə söylədim ki, Qarabağ bizim ərazidir, Azərbaycanın bir hissəsidir, lakin Ermənistan yiyələnib, özününküləşdirib. Bütün bu məlumatlar haqqında xəbərdar olmalarını istədim.



- Biz o ərəfədə ölkə kimi fərqləndik, yeni tikililərimiz, stadionlar, Olimpiya kompleksləri və s. – bir sözlə inkişaf bir ölkə üçün müsbət haldır.
- Jurnalistlərin və atletlərin idman obyektlərinə getmələri üçün Atletlər və Media kəndlərinə xidmət göstərəcək nəqliyyat çox rahat şəkildə təşkil olunmuşdu. 1500-ə yaxın jurnalist oyunları işıqlandırmaq üçün akkreditə olunmuşdu.
Ümumiyyətlə, Bakı Avropa Oyunları Əməliyyat Komitəsi 10 000-ə yaxın rəsmi və qeyri-rəsmi qonaqların Azərbaycana dəvətini təmin etmişdi.
Səhiyyə Nazirliyinin dəstəyi ilə kənddə böyük poliklinikanın fəaliyyət göstərməsi və orada bütün lazımi avadanlıqların quraşdırılması yüksək səviyyədə təşkil olunmuşdu.
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi yarandığı gündən siyasətdən kənarda dayanıb. Bakıda bütün ölkələrin idmançıları və nümayəndə heyətlərinə maksimal dostluq şəraitində hər cür şərait yaratdıq ki, Azərbaycanın dost, sülhsevər ölkə olduğunu və burada istənilən ölkənin nümayəndəsinin özünü tam rahat hiss edə biləcəyini başa düşsünlər.


- Başa düşdülərmi?
- Yəqin ki (gülür).
- İlk hansı ölkə Azərbaycana gəlmişdi?
- Biz çalışırdıq ki, hər şey yüksək səviyyədə olsun, onlarla danışılan zaman oyunlardan neçə gün qabaq gəlmələrinə artıq özləri qərar verirdi. Tez gələnlər şəhərlə tanış olmaq istəyirdilər, həm də idmançılar adaptasiya olsunlar deyə.
İtaliya, Almaniya, Rusiya tez gələn ölkələr siyahısında idi.
- Hansı idman növü idi ki, ondan nailiyyət gözlənmirdi?
- Tanınmış idman növləri, tanınmış idmançılar var idi. Güləş, cüdo, boks, taekvondo, karate və s. - bunlar özünü sübut etmiş idman növləridir, ancaq triatlon idman növündə də medal qazanıldı.



- Oyunlarda könüllüləri də xüsusi qeyd etmək lazımdır, onların işi də az deyildi.
- Mütləq şəkildə. Onlar özlərini bu layihədə göstərdilər, təsdiq etdilər, halbuki təcrübəsi olmayan gənclər idi. Sevindirici haldır ki, belə bacarıqlı, həvəsli gənclərimiz var.
- Elçin müəllim, irəlidə bizi önəmli iki layihə gözləyir - İslam Oyunları və Formula-1 yarışları. Onlarla bağlı nə deyə bilərsiz?
- Formula-1 yarışlarının da yüksək səviyyədə keçəcəyini bilirəm, biz artıq buna hazırıq.
İslam Oyunları da həmçinin. Artıq cənab Prezident sərəncam verdi. Təşkilat, Əməliyyat komitəsi yaranandan sonra biz keçirik kadr seçiminə. Artıq kadrlar da problem deyil, çünki oyunlar zamanı çox yaxşı kadrlarımız var idi.

- Oyunlar zamanı maraqlı məqamlar olmamış olmazdı.
- Mənim üçün ən maraqlısı bu qədər tamaşaçı marağı olması idi, oyunlara, yarışlara bilet qalmırdı. Ən əsası isə əlil yoldaşlarımız var idi, həm tamaşaçı qismində, həm də könüllü qismində. Bir əlil könüllümüz var idi, iştirak etmək istəyirdi, Sumqayıtda qalırdı, bacısı ilə gəlib gedirdi. Onun üçün burda şərait yaratdıq ki, rahat iştirak edə bilsin.
- Oyunlar zamanı ən çox narazıçılıq yeməklə bağlı idi.
- Bilirsiz, burda idmançılardan söhbət gedir, məşqçilər də söyləyə bilər ki, burda yağlı, kalorili yeməkdən söhbət gedə bilməz və biz şirkətlə danışanda orda sadəcə dietik yeməklər olacağını söyləmişdik.
- 2024-cü ildə Yay Olimpiya oyunlarına ev sahibliyindən imtina etdik?!
- Düşünürəm ki, bu, düzgün addımdır. Ən azı 2028-ci ildə daha yaxşı halda çıxa bilərik, özümüzü göstərə bilərik, nəinki 2024-cü ildə.
- Siyasət və idman! Oyunlar zamanı qara piar aparanlar oldu. Tribunalarda tamaşaçılar bəzi halda fitə basırdılar, bu da aydındır ki, kimlərin yarışı vaxtı olurdu.
- Belə hallar çox oldu, qara piar aparıldı, amma oyunların nəticəsini gördülər və susdular. Avropa Oyunlarında siyasətdən söhbət gedə bilməzdi. Hətta cənab Prezident əli ilə etdiyi jestlə bütün dünyaya göstərdi ki, biz necə ölkəyik.
Həmin vaxt “Bakı-2015” I Avropa Oyunlarının boks yarışında gümüş medal qazanan Qevorq Manukyana medal təqdim edilirdi, Ukraynanı təmsil edən 91 kq çəkidə olan idmançı kürsüyə qalxan zaman tribunada olan tamaşaçılar tərəfindən fitə basıldı və nəticə olaraq hər kəs hörmət edərək sükut halını aldı.

Nərmin Kazımova
Foto: Müslüm Mikayılov
www.oxu.az