Oxu.Az-ın “Oyundan kənar” rubrikasının növbəti qonağı kikboksinq üzrə dünya çempionu, uşu sanda üzrə Avropa çempionu Eldar Əlizadədir.

- Eldar, neçə ildir Türkiyədəsən?
- Son üç ildir ki, Türkiyədəyəm. Əslində bura təhsilim üçün gəlmişdim, sonra davamlı qalmağa qərar verdim. Çünki burada bir idmançı üçün hər cür şərait yaradıblar və mənə göstərilən diqqətin qarşısında mən o insanların əməyini yerə vurmamalıyam.


- Azərbaycanda harda doğulub böyümüsən?
- Azərbaycanda Qaradağ qəsəbəsində doğulmuşam, orda böyümüşəm, təhsil almışam. Bilirsiz ki, idmançıların çoxu uşaqlıqdan idmanla məşğul olur, mən də həmçinin idmanı sevmişəm, sevərək məşğul olmuşam. 1997-ci ildə ilk dəfə karateyə getdim, o vaxtı karate ən məşhur idman növü idi. Kim idmana getmək istəsə ilk karateylə başlayırdı. İlk müəllimim də Sədi müəllim olub.
Sonradan artıq peşəkar kikboksinqlə məşğul olmağa başladım.
Ümumiyyətlə, bir neçə idman növüylə tanışam: Uşu sandayla, MMA döyüşü, Muay tayla.



- Türkiyədəki fəaliyyətin nədən ibarətdir?
- Hal-hazırda burada təhsilimi davam etdirirəm. Bizim idman zalımız var, idmanla məşğul olmaq istəyənlər bizə müraciət edirlər, mən və Əmrah məşqlər keçirik.
- Azərbaycanda yarışlara çıxmağa hazırlaşırsan?
- Əlbəttə. Hədəfim İslam oyunlarınadır. Hər gün məşq edirəm, yaxşı nəticə göstərmək ümidi ilə hazırlaşıram.
Azərbaycan və Türkiyə - hər ikisi mənim üçün doğmadır, hər ikisi vətənimdir.
Burada özümü yad kimi hiss etmirəm, gördüyüm sevgi, diqqət məni sevindirir.
Ölkədən kənarda yaşamaq asan deyil və bir o qədər də məsuliyyətlidir. Burada vətənimi təmsil etmək mənim üçün fəxrdir.
Türkiyəyə gələndə ilk Əmrah Şahanoğlunu tanıdım, mənə həm dost, həm də sirdaş oldu. Hal-hazırda biz bir yerdə məşq edirik, həm də məşq keçirik.

Kastomu Üniversitetinin rektoru Səid Aydına, Yücel Karadavuta, Tahsin Babaşa təşəkkürümü bildirirəm. Onlar hər zaman mənə dəstək olurlar, bir idmançı üçün dəstək çox önəmlidir.
- Azərbaycandan dəstək varmı və öz vətənindən gözləntilərin?
- Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev bizə hər zaman diqqət, qayğı göstərir, bunun üçün ona təşəkkür edirəm.
Amma düşünürəm ki, öz ölkəmi təmsil etməyim bir çox insanların marağındadır. Onlardan təbii ki, diqqət, qayğı, dəstək gözləyirəm.
İndiyədək Uşu MMA kikboksinq üzrə yarışların qalibi olmuşam, dünya və Avropa çempionuyam, amma qarşımdakı məqsəd daha irəliyə getmək, inkişaf etməkdir.


- Hər birimiz hansısa ölkəyə gedəndə öz ölkəmizin incəsənətini, idmanını və s. tanıtmağa çalışırıq. Sən artıq uzun müddətdir buradasan. Ən çox Azərbaycanın nəyini tanıdırsan?
- Mən idmançıyam və idmanımızı təbliğ edirəm, amma ən əsası biz hər il universitetdə Xocalı faciəsini layihə şəklində təbliğ edirik. Xalqımızın yaşadığı faciələri unutmaq olmaz və biz həmişə çalışmalıyıq ki, bu barədə tanıdaq, göstərək.
Nərmin Kazımova
www.oxu.az