Oxu.Az-ın “Uğurun tarixi” layihəsinin bugünkü qonağı Azərbaycan – Britaniya Məzunlar Birliyinin (Azerbaijan - UK Alumni association - AUKAA) üzvü Əli Cəfərovdur.
Görüşümüz ilk dəqiqələrdə vizit-kart mübadiləsi ilə başladı və ilk sualı Əli bəy verdi.
- “Nettrends”? Bu şirkət nə ilə məşğuldur?
- “Nettrends” Media monitorinq və PR şirkətidir. Sizin çalışdığınız “Bloomberg” haqqında da bunu demək olar?
- Bilirsiniz, “Bloomberg” də sizin çalışdığınız şirkət kimi media təşkilatıdır. Amma fərqli yanaşma var. “Bloomberg” amerikan şirkəti olsa da, dünyanın 110 ölkəsində ofisi var. Dünyanın yalnız dörd şəhərində baş ofisi var: New York, Sinqapur, Tokio və Londonda. Mən isə London baş ofisində Türkiyə üzrə mütəxəssis olaraq çalışıram.
Dediyim kimi “Bloomberg” media şirkətidir, müştəriyə iqtisadi-maliyyə və bəzən siyasi xəbərlər verir. “Bloomberg”-in öz mediası var, TV, qəzet-jurnalları var. Bunlarla yanaşı, “Bloomberg” maliyyə məsləhətləri də verir. Yəni banklar, şirkətlər, hər hansı fondlar investisiya qərarlarını verərkən “Bloomberg”-in məsləhətlərindən, texnologiyalarından istifadə edirlər.
Bu texnologiyalar vasitəsilə siz hər hansı bir investisiya etmədən öncə analizlər apara bilirsiniz. Çünki bizim əlimizdə media var, media vasitəsilə bütün maliyyə bazarının məlumatları bizdə olur. Qısacası, “Bloomberg” gücünü mediadan alır, əlindəki məlumatlar texnologiya ilə birləşir və ortaya etibarlı analizlər çıxır. Bu analizlərdən istifadə edən şirkətlər isə daha uğurlu invsetisiyalar edir.
- Görünür ki, dünyanın hər yerində müştəriləriniz var…
- Bəli, ağlınıza gələn bütün banklar “Bloomberg”-in müştərisidir.
- Azərbaycanda müştəriləriniz varmı?
- Neft Fondu, Mərkəzi Bank, Paşa Bank müştərimizdir. Məsələ burasındadır ki, “Bloomberg” maliyyə bazarına şəffaflıq gətirib. Çünki biz tərəf deyilik. Nə alan, nə də satan tərəf deyilik. Sadəcə alan və satan tərəfə doğru məlumat veririk. Bu səbəbdən də “Bloomberg” investorları sevir.
- “Bloomberg”də işə necə başlamağınızdan danışaq. Belə böyük şirkətdə işə qəbul olunmaq şübhəsiz asan olmayıb…
- Çox çətin oldu. Amma ilk olaraq təhsilimdən danışmaq istərdim. Mən bakalavr təhsilimi Türkiyədə almışam. Sonra İsveçdə magistratura təhsili aldım. Bu, mənim ilk magistratura təhsilim idi, karyeramı diplomatiya üzərində qurdum. Orada Beynəlxalq Münasibətlər fakültəsini bitirdim. Bakıya qayıdandan sonra hərbi xidmətdə oldum və daha sonra dövlət orqanında işə başladım.
- Harada işə başladınız?
- İqtisadi İnkişaf Nazirliyində – Beynəlxalq əlaqələr şöbəsində. Burada işim diplomatiya olsa da, maliyyə institutları ilə işləyirdim. Beləliklə, məndə maliyyəyə maraq oyandı və qərar verdim ki, İngiltərədə maliyyə təhsili alım. Çünki maliyyə üzrə bilgim güclü deyildi. “London School of Economics”də təhsil aldım. Bu, İngiltərənin ən yaxşı universitetləri sırasında ilk üçlükdədir. Burada elə bir təhsil aldım ki, maliyyə sahəsinə keçidimi asanlaşdırdı.
Mən İngiltərədə təhsil almağa başladığım dördüncü aydan iş axtarmağa başladım. Kostyumu geyinib, iş görüşlərinə gedirdim. Sadəcə mənim orda olduğum zaman İngiltərədə vəziyyət ağır idi. Buna səbəb 2008-ci ildə baş vermiş maliyyə böhranı idi. Maliyyə bazarı ağır vəziyyətdə, şirkət işçilərini ixtisar edir, qanun çıxıb ki, xaricilər artıq İngiltərədə çalışa bilməz.
Təsəvvür edin, bu şəraitdə mən dayanmadan müraciətlər edirdim. Digər tələbələrin isə ümidi yox idi, heç müraciət də etmirdilər. Amma mən heç vaxt ümidimi kəsmədim. Uğuru xarakterizə edən bir neçə faktor var. Səbir, istədiyini əldə etmək üçün səbir çox önəmlidir. Mən 10 yerə müraciət edirdim və hamısından rədd cavabı alırdım. Daha sonra istək vacibdir. Çoxları məni şanslı adlandırır. Mən isə belə düşünmürəm. İngilislərin belə bir sözü var, şansı istək yaradır. İstək, ehtiras olmalıdır. Dayanmadan görüşlərə gedirdim.
- Bu proses nə qədər davam etdi?
- Uzun zaman aldı. İlk vaxtlar rədd cavabı kefimi pozurdu. Müsahibələrə hazırlıq dövlət imtahanına hazırlığa bərabərdir. Çünki siz dünyanın hər yerindən olan ağıllılarla mübarizə aparırsız. Ona görə də mən görüşə ciddi hazırlaşırdım, bir həftə vaxt istəyirdim. Bütün bunlara baxmayaraq rədd cavabı alırdım. Amma bu müsahibələr və müsahibələrə hazırlıq mənim üçün böyük təcrübə oldu.
Bu zaman ərzində o qədər öz üzərimdə işlədim ki, “Bloomberg”-i belə razı sala bildim. Çünki orada mənə verilən ilk sual bu oldu ki, sənin ilk təhsilin maliyyə deyil, niyə “Bloomberg”-ə gəlmisən?! Onları inandırdım ki, mənim ruhum maliyyəçidir. Dörd mərhələli müsahibədən sonra belə menecer razı halda mənimlə sağollaşmadı. Səhər mənə kadrlar şöbəsindən zəng edib müsahibəmin necə keçdiyini soruşanda belə, hər şey etdiyimi, amma bu dəfə də keçə bilmədiyimi düşündüyümü dedim.
Onlar isə dedi ki, müsahibədən keçmişəm və həyatım 180 dərəcə dəyişdi. Londonda yaşamaq, orada karyera qurmaq, belə böyük bir şirkətin mənə investisiya qoyması məni hədsiz xoşbəxt edirdi. Mənə təlimlər keçilirdi, investisiya qoyulurdu. Burada mən beynəlxalq təcrübə əldə etdim. İndi isə sadəcə Türkiyədə biznes üzrə “Bloomberg”-in təmsilçisiyəm. Mən bu şirkətdə özümü tapdım. Yalnız ona təəssüf edirəm ki, özümü tapmağım belə uzun zamanımı aldı.
- Elə təəssürat yaranır ki, həyatınız işinizdən ibarətdir.
- Xeyr. Mən saat 6-dan sonra bir dəqiqə belə işləmirəm. Buna görə pul ödəsələr işləyərəm. Ondan sonra idman başlayır, dostlarla görüş, mütaliə başlayır.
- Əli bəy, Azərbaycana qayıdış etməyi düşünürsünüzmü?
- Mən gələcəyimi İngiltərədə görmürəm. Mən gələcəyimi yalnız öz ölkəmdə görürəm. İndiki mərhələdə isə öz üzərimdə çalışıram ki, qayıdandan sonra ölkəmə töhfə verə bilim. Ölkəmin mənə ehtiyacı var. İngiltərədə mən heç bir dəyişiklik edə bilmərəm, amma Azərbaycanda müsbət dəyişikliklər lazımdır.
Sədan Bünyadova
www.oxu.az