Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
"Ermənistan hər zaman təxribata əl ata bilər" - Azərbaycan nə etməlidir?
2014-cü ildə NATO-nun baş katibi vəzifəsindən gedəndən sonra Ermənistanın qatı tərəfdarına çevrilən, ermənilərin çaldığı hər havaya oynayan Anders Foq Rasmussen Azərbaycan əleyhinə növbəti sərsəm açıqlamaları ilə gündəmə gəlib. Sirr deyil ki, NATO-nun baş katibi olduğu müddətdə Azərbaycanın ünvanına təriflər yağdıran sabiq baş katib vəzifədən gedəndən sonra erməni lobbisinin himayəsinə sığınmaqla məkrli fəaliyyətə başlayıb.
Ona görə də Rasmussenin Azərbaycan əleyhinə açıqlamaları daha çox Ermənistanın hərbi-siyasi rəhbərliyinin əsas gözləntilərini əks etdirir. Rasmussen son tezislərində COP29-da iştirak edəcək liderlərin Ermənistanla sülh müqaviləsi mövzusunda Azərbaycana təzyiq etməsini tələb edib. Təkcə bu tələb onun nə dərəcədə qərəzli və qeyri-obyektiv olduğundan xəbər verir. Çünki Rasmussenin mövqeyinə görə, sanki sülhü istəyən Ermənistandır, Azərbaycan isə bu prosesdən boyun qaçırır. Halbuki, reallıq bunun tamamilə əksidir. Nümunə üçün xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi 2022-ci ilin mart ayında sülh müqaviləsinin beş bənddən ibarət əsas prinsiplərini Ermənistan tərəfinə təqdim edib. Azərbaycanın təklifləri Ermənistan tərəfindən qəbul edilərsə, bu, regionda sülhün və sabitliyin inkişafına töhfə verə bilər. Bu situasiya münaqişənin sağlam rəqabət və əməkdaşlıqla əvəz olunduğu bir modeldir. Lakin Ermənistan hələ də Azərbaycanın təkliflərindən yayınmaqla sülh prosesini pozur.
Digər tərəfdən, Rasmussen bir az da irəli gedərək Qarabağı mübahisəli ərazi kimi təqdim edib və ermənilərin Azərbaycanı tərk etməsini "insanların köçürülməsi" adlandırıb. Təbii ki, bu yanaşma da qərəzlidir. Çünki Qarabağ beynəlxalq hüquqla Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul edilirsə, ermənilər də ərazilərimizi könüllü şəkildə tərk ediblərsə, hansı köçürülmədən və mübahisəli ərazidən söhbət gedə bilər? Üstəlik, bu məsələlərin müzakirəsi birbaşa Azərbaycanın daxili işinə qarışmaqdır. Beləliklə, gəldiyimiz nəticə bundan ibarətdir ki, Rasmussen vaxtilə NATO-nun baş katibi olmasına baxmayaraq, beynəlxalq hüquqdan xəbərsizdir, ya da erməni lobbisindən aldığı rüşvət onun gözlərini kor edib, həqiqətləri görə bilmir.
Üstəlik, Rasmussen Avropa Sülh Fondu vasitəsilə Ermənistana siyasi, iqtisadi və müdafiə yardımının daha da gücləndirilməli olduğunu, digər dövlətlərin Fransadan nümunə götürərək Ermənistana hərbi yardım göstərməsini, Aİ müşahidə missiyasının gücləndirilməlisini təklif edib. Halbuki, hər kəsə məlumdur ki, Fransanın Ermənistanı silahlandırmaqda məqsədi yeni eskalasiya yaratmaqla regiona kənar müdaxilə imkanlarını artırmaqdan ibarətdir.
Mövzu ilə bağlı Oxu.Az-a müsahibə verən politoloq Cavid Vəliyev bildirib ki, indiki məqamda bu açıqlamaların verilməsi Azərbaycanın həyata keçirdiyi uğurlu COP29 siyasətini pozmağa xidmət edir. Yəni müəllif bu məsələdən istifadə edərək diqqəti tamam fərqli bir tərəfə çəkməyə çalışır:
- Azərbaycan COP29-a ev sahibliyi etməyə hazırlaşmaqla, əslində, dünyanın taleyi ilə maraqlanır, problemlərin həllində rol oynayan bir dövlət olaraq özünü təqdim edir. Bu da Ermənistan və onun dəstəkçilərinin Azərbaycan haqqında beynəlxalq aləmdə yaratmağa çalışdıqları imici alt-üst edən vəziyyətdir. Azərbaycan məntiqli şəkildə bir təklif ortaya qoyur ki, davamlı sülh istəyiriksə, Ermənistanın konstitusiyasında ərazi iddialarını ehtiva edən maddələr olmamalıdır. Çünki bu maddələr hər zaman yeni müharibə deməkdir. Azərbaycan bunu deyəndə həm də Ermənistanın öhdəliklərdən boyun qaçırdığı, adekvat olmadığı məlum olur. Hamı bilir ki, bu qarşıdurmada günahkar tərəf Ermənistandır. Ermənistanın tərəfdarları da onu beynəlxalq aləmdə günahkar göstərməmək üçün belə açıqlamalar verirlər ki, gündəmi Ermənistanın lehinə dəyişdirsinlər.
- Sirr deyil ki, sülh danışıqları gündəmdə olduğu hər dövrdə Ermənistan sözdə və əməldə ya birbaşa, ya da dolayısı ilə sabotajlara əl ataraq proseslərin müsbət məcrada irəliləməsinə mane olub. Üstəlik, Azərbaycan rəhbərliyi münasibətlərin normallaşmasında, sülhün və sabitliyin tərəfində olduğunu göstərərək Ermənistanı COP29-da iştiraka dəvət edib. Haqqında danışdığımız mövzu da bu situasiyalardan biri ola bilərmi? Yəni rəsmi İrəvan sülhdən boyun qaçırmaq və Azərbaycanın imicini ləkələmək üçün indi də Rasmusseni hərəkətə gətirib?!
- Azərbaycan COP29-da iştirak üçün Ermənistana rəsmi dəvət göndərməklə yanaşı, həm də çərçivə sazişi bağlamağa dəvət edib. Lakin Ermənistan Azərbaycanın nə COP29-da iştirak dəvətinə müsbət cavab verib, nə də çərçivə sazişi təklifinə. Çünki Ermənistan görür ki, bu prosesdə bütün oxlar günahkar kimi onu göstərir, ona görə də məsuliyyəti özündən yayındırmaq üçün belə addımlar atır.
- O zaman belə aydın olur ki, Ermənistan nə sülh danışıqları ilə bağlı müsbət bir addım atacaq, nə də Azərbaycanın təkliflərinə adekvat cavab verəcək. Hətta bu ölkənin havadarları tərəfindən hücum silahları ilə silahlanması fonunda yeni təxribatlarına da şahid ola bilərik...
- Ermənistan hər zaman təxribata əl ata bilər. Təəssüf ki, istər 30 illik işğal dövrü, istər 2020 və 2023-cü ilə qədər keçən dövr onu göstərdi ki, Ermənistan sülhün əldə olunması üçün ciddi addımlar atmaq fikrində deyil. Əksinə, hər zaman prosesi pozmağa, manipulyasiya etməyə və fürsətcil davranmağa çalışır. Bundan sonra da Ermənistanın analoji addımlar atması gözləniləndir.
- Deməli, Ermənistanın Qərbin himayəsinə sığınmaqla regionda yeni çaxnaşmalara imza atacağı istisna edilmir?
- Ermənistan Fransanın dəstəyilə Qərbi - Avropa İttifaqının bütün dövlətlərini öz tərəfinə çəkməyə çalışır. Bir növ Azərbaycanla Qərbi qarşı-qarşıya gətirmək istəyir. Bunun üçün də davamlı olaraq təxribatlara əl atır. Ona görə Ermənistan rəhbərliyinin bundan sonra da bu təxribatları davam etdirəcəyi istisna edilmir.
- Rasmussenin tezislərinə əsasən, Avropa İttifaqı Azərbaycana təzyiqlər etməli, Qarabağ ermənilərinin taleyi gündəmdən düşməməli, Ermənistan təcavüzə məruz qalan ölkə kimi təqdim olunmalı, Avropa Sülh Fondu vasitəsilə bu ölkəyə hərbi-siyasi yardımlar edilməlidir. Sanki Qərb təsisatları məqsədyönlü şəkildə kimlərinsə dilindən bu tezisləri gündəmə gətirməklə öz mənfur planlarını həyata keçirmək üçün zəmin formalaşdırırlar...
- Əlbəttə ki, Qərbdə Azərbaycana qarşı olan qüvvələr var. Bu, hər zaman olub. Onlar həm erməni diasporunun təsiri altındadır, həm xristian təəssübkeşliyi edirlər, həm də Azərbaycanın türk dövləti olması və təsir gücünün artmasından narahatdırlar. Ona görə də bu və ya digər şəkildə Azərbaycanı davamlı hədəf alırlar. Bu dövrdə də bunu etmək ehtimalları yüksəkdir.
- Bəs bütün bunların fonunda Azərbaycan nə etməlidir?
- Bizim xarici siyasətdə qazandığımız hər uğur Azərbaycana qarşı olan qüvvələrin uğursuzluğudur. Onlar bunu belə qəbul edirlər. Biz xarici siyasətimizdə uğurlar əldə edərkən kimisə pisləmək məqsədi daşımırıq, bizim əsas məqsədimiz dostların sayının artırılması, düşmənlərin sayının azaldılmasıdır. Bu səbəbdən, Azərbaycanda keçiriləcək COP29 onlar üçün növbəti dəfə ağır zərbə olacaq. İkincisi, bizim mövqeyimiz Ermənistanla normallaşma prosesində ədalətli bir mövqedir. Çünki biz davamlı sülh istəyirik. Ona görə də bu məsələdə Ermənistan konstitusiyasının dəyişdirilməsi tələblərimiz haqlıdır, yerindədir və doğrudur. Bu mövqeyimizi biz davam etdirməliyik. Bu istiqamətdə Azərbaycan dost ölkələrlə müttəfiq və tərəfdaşlıq əlaqələrini gücləndirir və gücləndirəcək. Biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcək, daha da güclənəcəyik.
Mərahim Nəsib