"Əsas məqsədim, Quba rayonunun potensialını tam şəkildə reallaşdırmaq və əhalimizin həyat səviyyəsini yüksəltməkdir".
Bu sözləri Oxu.Az-a müsahibəsi zamanı 01.09.2024-cü il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar parlament seçkilərində Quba rayonundan namizədliyini irəli sürən Fərhad Səttarov deyib.
Həmin müsahibəni təqdim edirik:
- Fərhad müəllim, zəhmət olmasa, özünüzü təqdim edə bilərsiniz?
- Mən Fərhad Qəhrəman oğlu Səttarov 07.01.1974-cü ildə Bakı şəhərində Ziyalı ailəsində anadan olmuşam. Valideynlərim əslən Qubadandır. Bir müddət sonra ailə Bakı şəhərinə köçüb orada yaşayıblar.
Bakı Dövlət Universitetinin hüquq fakültəsinin məzunu olmaqla bərabər, hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəm var. 2003-2004-cü illərdə LSE-nin Londonda təşkil etdiyi təcrübə və staj proqramlarında iştirak etmişəm. Azərbaycan, rus və ingilis dillərini səlis bilirəm. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüyəm və 20 ildən artıq əsasən vergi, əmək və transsərhəd biznes məsələləri üzrə ixtisaslaşmış kommersiya hüquqşünasıyam. Eyni zamanda "Sahibkarların Hüquqi və İqtisadı Maarifləndirilməsi Cəmiyyəti" İctimai Birliyinin sədri və bir sıra iri müəssisələrin rəhbəriyəm".
- Bildiyimiz qədərilə səmərəli fəaliyyətinizə görə bir neçə dəfə təltif edilmisiniz, bu haqda məlumat verə bilərsiniz?
- 25 ildən artıq sahibkarlıq sahəsi üzrə çalışdığım müddət mənə geniş təcrübə qazandırıb. Bu təcrübələrə uyğun olaraq isə iqtisadi sahədə həyata keçirilən tədbirlərin, sahibkarlara göstərilən dəstəyin təbliği və maarifləndirməyə verdiyi töhfəyə görə Azərbaycan Respublikası iqtisadiyyat naziri cənab Mikayıl Cabbarov tərəfindən 6 noyabr 2023-cü il tarixdə "Fəxri Fərman"la təltif edilmişəm. Həmçinin səmərəli vəkillik fəaliyyətimə görə Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən 15 mart 2024-cü il tarixdə "Fəxri Fərman"la təltif edilmişəm.
- İlk olaraq, niyə deputat olmaq istədiyiniz barədə danışa bilərsinizmi?
- Deputatlığa namizədliyimi irəli sürməyimdə əsas məqsədim, Quba rayonunun potensialını tam şəkildə reallaşdırmaq və əhalimizin həyat səviyyəsini yüksəltməkdir. Mən uzun illər boyu hüquq sahəsində çalışmışam və insanların hüquqlarını müdafiə etmək, ədalət prinsipini təmin etmək mənim üçün vacib olub. İndi isə bu təcrübəmi və biliyimi Quba rayonunun inkişafına yönəltmək istəyirəm. Hüquq müdafiəçisi olaraq qazandığım təcrübəni və biliyimi Quba rayonunun iqtisadi, sosial və mədəni inkişafına yönəltmək istəyirəm. İnsanların problemlərini dinləmək, onların səsinə səs olmaq və konkret həll yolları təklif etmək mənim əsas prioritetimdir.
- Sahibkarlara dəstək göstərilməsi üzrə apardığınız fəaliyyətlərdən bəhs edə bilərsiniz?
- Bildirirəm ki, 2021-ci ildən etibarən "Sahibkarların hüquqi və iqtisadi maarifləndirilməsi" İctimai birliyinin təsisçisi və direktoru olmuşam. Qeyd edilən ictimai birlik vasitəsilə ödənişsiz olaraq sahibkarlara biznes mühiti ilə əlaqədar hüquqi və digər məsələlərlə bağlı məlumatlar verməklə yanaşı, sahibkarlıq və biznes idarəetməsi ilə bağlı müxtəlif məzmunlu treninqlər, seminarlar təşkil etmişik. Həmçinin bu tədbirlərimiz bu gün də davam etdirilir və bundan sonra da davam etdirəcəyik. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının birgə təşəbbüsü ilə həyata keçirilən və "CBC" televiziya kanalında yayımlanan "Sahibkar saatı" ("Час Предпринимателя") telelayihəsinin 2018-ci ilin fevral ayından daimi eksperti və aparıcı-müəlliflərindən biriyəm. Həmin telelayihə Azərbaycanda sahibkarlığın inkişafına yönəlik mövzuları əhatə edir. Proqramda sahibkarların üzləşdiyi çətinliklər və digər problemlər müzakirə olunur. Burada innovasiya, biznes strategiyaları, iqtisadi mühit və sahibkarlara bu mühitin idarə edilməsi bağlı zəruri informasiyalar verilir. Bundan əlavə qeyd edilən telelayihə ilə müxtəlif biznes sahələri üzrə fəaliyyət göstərən sahibkarlara ödənişsiz olaraq iqtisadi və hüquqi sferada məsləhətlər verilir, qanunvericiliyin mövcud normaları onların diqqətinə çatdırılır.
- Deputatlığa namizəd olaraq Quba rayonunun sakinləri üçün əsas vədiniz nələrdən ibarətdir?
- "Hal-hazırda rayonumuzun əsas problemi sakinlərin müəyyən qisminin işsiz olmasıdır. Deputat seçiləcəyim təqdirdə rayonumuzda işsizliyin aradan qaldırılması üçün bütün imkanlardan maksimum şəkildə istifadə edəcəyəm. Belə ki, yerli və xarici investorları cəlb etmək üçün xüsusi təşviq proqramlarının həyata keçirilməsi, yeni iş yerlərinin açılması üçün yerli və xarici investisiyaların cəlb edilməsi, biznes sahələri üzrə güzəştli kreditlərin verilməsi, zərurət yarandığı təqdirdə müasir texnologiyaların və yeni iş bacarıqlarının öyrədilməsi üçün təlim mərkəzlərinin yaradılması, gənclər və işsizlər üçün staj və təcrübə proqramlarının artırılması ilə bağlı tərəfimizdən bütün zəruri addımlar atılacaqdır. "Qubamızda işsiz qalmasın!" sloqanı isə bizim planlaşdırdığımız layihələrin nəticəsini ifadə edir.
- Çox sağ olun. Sonda oxucularımıza nə demək istərdiniz?
- Mənim üçün hər birinizin fikirləri və istəkləri önəmlidir. Birlikdə çalışaraq Quba rayonunu daha güclü, ədalətli və inkişaf etmiş bir bölgə halına gətirə bilərik. Gələcəyimizi birlikdə daha parlaq edək! Əziz Qubalıların dəstəyinə ümid edirəm. Təşəkkür edirəm!
Təşəkkür edirik, Fərhad bəy, müsahibəyə vaxt ayırdığınız üçün. Sizə uğurlar arzulayırıq!