Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
"Kurtlar vadisi"nin "Nazife ana"sı ilə müsahibə: Rasim Balayevlə bir filmdə çəkilmək istəyərəm
"Kurtlar vadisi", "Bir zamanlar Çukurova" serialları ilə tanınan türkiyəli aktrisa Serpil Tamurun Oxu.Az-a müsahibəsi:
- Serpil xanım, Bakıya xoş gəlmisiniz. Türkiyədə çoxdan tanınmışdınız, lakin Azərbaycan tamaşaçısına "Kurtlar Vadisi" serialı ilə tanışsınız. "Nazife ana" obrazı ilə ürəklərə yol tapmısınız. Kifayət qədər döyüş səhnələri olan bir serial idi. Çəkilməyə necə oldu ki, razılıq verdiniz?
- Əvvəlcə, Bakıda olduğum üçün çox şadam. Çünki Bakı mənim ikinci vətənimdir. İlk dəfə iki il əvvəl gəlmişdim. Bakı iki ildə çox dəyişib.
"Kurtlar vadisi"nə çəkilməyimə gələndə isə, sevdiyim rejisor Osman Sınav bu serilda oynayacağımı söylədi. Mən də heç vaxt onun sözündən çıxmadığım üçün təklifi qəbul etdim. Yaxşı ki, razılıq vermişəm. Türkiyədə qastrollara getdiyim bütün yerlərdə hər kəs "siz bizim anamızsınız" ifadəsini işlədir. Hətta "Poladın anası bizim anamızdır" deyərək əlimi öpürlər. Bu, inanılmaz bir hissdir. Onların mənə olan sevgi və hörmətlərindən başqa gözəl bir sevinc yoxdur.
- Niyə 12 il serialda oynadıqdan sonra ayrıldınız?
- Filmdə "Nazife xanım"ın həyat yoldaşı obrazını canlandıran Emin Olcay serialdan ayrılmaq istədi. Onun "ölüm"ündən sonra 13 bölüm tək oynadım. Amma serialın maraqlı olması üçün həyat yoldaşlarının birlikdə olması lazım idi. O səbəbdən tək olaraq davam etmək istəmədim.
- Serialda bir çox tanınan aktyorla tərəf müqabili oldunuz. Kimlərlə işləmək sizə asan idi?
- Gənclərin hamısı rollarının öhdəsindən çox yaxşı gəlirdi. Rejissor Osman Sınav hər birini seçərək seriala dəvət etmişdi. Yanılmadığı da sübut olundu. Məsələn, Özgü Namal, Oqtay Kaynarca möhtəşəm aktyorlardır.
- Hansı ilə daha yaxşı anlaşdınız?
- Özgü Namal ilə qarşılıqlı səhnələrimiz var idi. Onun yatalaq xəsətəsi olduqdan sonra çəkdiyi səhnələrdə ağlamaqdan özümü saxlaya bilmirdim. Hətta danışmaqda belə çətinlik çəkirdim.
Ümumi olaraq 12 il gözəl keçdi.
Vurulmağımdan başqa dava-döyüş səhnələrinə çəkilmədim. Ona görə Emin Olcayla oynamaq mənim üçün xoş idi.
- Hər kəsin çox sevdiyi Necati Şaşmazla birlikdə oynamaq necə bir hissdir?
- Necati çox sevgi dolu və hörmət bilən biridir. Seriala hazırlaşmaq üçün məcburiyyətdən hər ikimiz eyni otağı paylaşırdıq. Baş rol aktyoru olaraq özünə ayrıca bir otaq belə istəmədi. Onun bu tərəfi təqdirə layiqdir.
- Amma hər kəs Necati Şaşmazın kaprizli biri olduğunu söyləyir. Hətta mətbuatda bununla bağlı tez-tez məlumat gedir.
- Mən heç görmədim. Bəlkə başqa səhnələrdə olub. Amma mən onun anasından belə böyüyəm. Bu səbəbdən mənə lazım olan hörməti göstərirdi. Tanıdığım üçün çox yaxşı ailə tərbiyəsi aldığını deyə bilərəm. Ola bilsin ki, kapriz elədiyini mən heç görməmişəm.
- Məşhur olan ana-oğul səhnələriniz var…
- Həmin səhnələr bir neçə dəfə təkrarlanaraq çəkilirdi. Ən çox sevdiyim səhnə isə “Polad”a "Acsanmı?" dediyim yerdir. İndi belə yadıma düşəndə ağlamaq istəyirəm (kövrəlir). O səhnədə istədiyim effekti, duyğunu 5-ci dəfə təkrarladıqdan sonra alındıra bildim. İllər sonra belə həmin səhnə sevilir.
"Polad"ın gəlib mənim oğlum olduğunu söylədiyi səhnə möhtəşəmdir. O cür gözəl səhnələri oynayan zaman özümüz belə gördüyümüz işlə qürur duya bilirik.
- Qatar yolunda Poladın sizi qurtardığı səhnə hələ də sosial şəbəkələrdə paylaşılır...
- Möhtəşəm səhnə idi. O səhnə səhər saatlarına kimi çəkilib. Bizim çəkildiyimiz yerdə qatarlar saat 12-yə kimi işləyirdi. Ona görə də səhnəni səhər 6-da yekunlaşdıra bildik. Poladın gəlib məni qurtararaq özünə çəkməsi inanılmaz möhtəşəm səhnə idi. Yenə ağlatdınız məni (ağlayır).
- "Polad" kimi bir oğlunuzun olmasını istərdiniz?
- Əslində bir oğlumun olmasını istərdim. Amma "Polad" kimi həyatını fikirləşməyən birinin olmasını istəmərəm. Çünki oğlumun o cür əziyyətlər çəkməsinə dayana bilmərəm. Gecələri rahat yata bilmərəm. İnsan hər an oğlunun öldürülməsi qorxusu ilə yaşaya bilməz.
- Necati Şaşmazla indi də əlaqələriniz var?
- Bəli. Son olaraq filminin qalasına dəvət etmişdi. Hərdən də telefonda mesajlaşırıq. 11 il bir otaqda səhnələrə hazırlaşan insanlarıq.
- Necati Şaşmazın yenidən seriallarda çəkilmək fikri var?
- "Kurtlar vadisi"ni yenidən gündəmə gətirmək istəməsi ilə bağlı xəbərlər eşitmişəm. Serialı yenidən çəkməyi fikirləşir. Amma gözləyək görək nə baş verəcək.
- İndi də reytinqlərdə birinci olan "Bir zamanlar Çukurova" serialında fərqli bir obrazda oynayırsınız.
- Haminnə (Əzizə) mənim sevimli rolumdur. İnanın ki, ssenarini oxuduğum ilk anda bu serialda olmaq istədim. Həyat yoldaşım da razılıq verdi. Xəstə birini canlandırmaq üçün hələ də araşdırmalar edirəm. 57 il sonra bu rol mənə həyacan verdi. Bu rolu oynadığım üçün çox xoşbəxtəm.
- Əgər sirr deyilsə, necə yaşınız var?
- 75 yaşındayam.
- Bu yaşda belə enerjili olmaq...
- Bir saatlıq teatr tamaşasında oynayıram. Tək başına həm rəqs edirəm, həm də oynayıram. Biz səhnədə olduğumuz müddətdə yaşayırıq.
- "Bir zamanlar Çukurova" serialının yeni mövsümündə olacaqsınız?
- İki bölümü çəkmişik. Amma sonrasını deyə bilmərəm. Çox böyük sürprizlər olacaq. Təəssüflər olsun ki, yenilikləri açıqlaya bilmərəm.
- Gənc aktyorlardan kimləri bəyənirsiniz?
- Aslı Enveri "İstanbullu gəlin" və əvvəlki seriallarından çox bəyənirəm. Kıvanç Tatlıtuğu həm insan, həm də aktyor olaraq çox sevirəm. Onunla birlikdə bir filmdə oynadım. Amma digər aktyorların seriallarını izləyə bilməmişəm. Vaxtım olmur. Yeni gənclər haqqında məlumatım yoxdur. Hətta çoxunu tanımıram.
Ümumiyyətlə, hər zaman teatrlarda yaxşı aktyorların olmaması ilə bağlı dedi-qodular var idi.
Sənətini çox sevən gənclərimizin olduğunu söyləyə bilərəm. Lakin mən tanımıram.
- Hazırda Türkiyədə sevilən, ən bahalı aktyorlar olan Serenay Sarıkaya, Kerem Bürsin, Neslihan Atagül, Can Yaman, Demet Özdemiri belə tanımırsınız?
- Tanımıram. Heç biri ilə birlikdə oynamamışam. Bəlkə də yaxşı olduqları üçün sevilirlər.
- Neçə illik evlisiniz?
- 50 illiyimizi qeyd edəcəyik. İki qızım var. Böyük qızım 48, balaca isə 40 yaşındadır.
- Qızlarınızdan bu sahədə olan var?
- Hər ikisi bu sahədən uzaqdır. Amma balaca qızım sizin "O Səs Türkiyə" yarışmasında qalib olan Elnur Hüseynovdan musiqi dərsləri alır.
- Bizim sənətçilərdən kimləri tanıyırsınız?
- Alim Qasımov və Rasim Balayevi tanıyıram. Hətta Rasim Balayevlə birlikdə oynamaq belə istərdim. Təəssüflər olsun ki, Alim Qasımovla İstanbulda görüşə bilmədim. Onun səsi möhtəşəmdir.
- Ən çox sevdiyiniz Azərbaycan mahnısı hansıdır?
- "Ayrılığ"ı çox sevirəm. Onu oxumaqdan doymuram. Səsim olmasa belə, onu oxumaq mənə xoşdur.
Sevinc Yasinqızı
Foto: Ramil Zeynalov
"Alim Qasımov" teqi üzrə xəbərlər
- Alim Qasımov: "Mikrofonu İbrahim Tatlısəsə uzatdım, mənimlə oxumadı"
- Azərbaycan muğamını dünyaya tanıdan sənətkar: Xalq artisti Alim Qasımovun doğum günüdür
- Bazarda işləyən müğənni: “Efirə çıxandan sonra işimi itirdim” - VİDEO
- Bakıda özbəkistanlı idmançı azərbaycanlı xanımla evləndi - VİDEO
- Fantastik qiymətə toya gedən Natiq Şirinov: “45 000 çox kiçik rəqəmdir, 220 min manat qazanmışam” - FOTO
Rəylər