Oxu.Az-ın suallarına siyasi icmalçı Yuri Siqov cavab verir.
- Siz Ermənistanda elektrik enerjisinin qiymətinin artırılmasına qarşı etiraz aksiyalarının getdikcə siyasi xarakter almasını necə xarakterizə edərdiniz?
- Düşünürəm ki, elektrik enerjisinin qiymətlərinin qalxmasından danışmağın mənası yoxdur. Bu olmasaydı başqa bir şey tapacaqdılar. Yalnız Ermənistanda deyil, ümumiyyətlə, postsovet məkanı ölkələrinin (daha doğrusu, onların hakimiyyətlərinin) problemi uzun illər müstəqillik dövrünə baxmayaraq vətəndaşları üçün yaşamaq üçün lazımi şəraiti yarada bilməməsidir.
Vahid SSRİ olanda mərkəzi hökumət bu məsələləri tənzimləyirdi, indi isə yerli hakimiyyətlər yalnız milli bayraqları asaraq xaricdə səfirliklər açmalı deyil, eləcə də ölkənin adi vətəndaşlarının necə yaşadıqlarına baxmalıdır. Təbii ki, bu aksiyalar siyasidir, su-işıq tariflərində imtiyazlarla sona çatan deyil. Onlara ya Belarus ssenarisi üzrə (narazı olanları güclə qovmaq, araqatanları isə uzun müddətli həbs etmək), ya da daha öncə Gürcüstanda və ya Qırğızıstanda, sonra isə Ukraynada baş verənlər nümunə olmalıdır.
- Xarici KİV-də Ermənistanda baş verənləri rəngli inqilabın xəbərdarlığı adlandırırlar. Sarkisyanın rejimi mümkün dövlət çevrilişinə qarşı nə dərəcədə dayanıqlıdır?
- Düşünürəm ki, idarə strukturları çox kövrəkdirlər. Və əgər “aşağıdan” xalqın qiyamı ilə bir qədər təsir edilsə, hakimiyyət öz mövqelərini saxlamaya bilər. Bu inqilabın “rəngli” olmasına gəldikdə, bəli ola bilər ki, ona kənardan kim isə yardım edir, amma bu sual artıq hakimiyyətədir: onlar ölkədəki vəziyyətə nə dərəcədə nəzarət edirlər və bu xarici qüvvələrə ölkədə ağalıq etməyə nə dərəcədə imkan verirlər və bu etiraz dalğası mahiyyətcə nə qədər güclüdür? Hamını satın almaq olmaz, deməli hansısa hissə bilərəkdən etiraz edir, bu isə hakimiyyətin səhvidir ki, işi bu vəziyyətə çatdırıb.
- Etiraz edənlərin tez-tez Avropa İttifaqının bayrağından istifadəsini nə ilə izah etmək olar?
- Bu, postsovet məkanı ölkələri və burada yaşayan xalqların xəstəliyidir. Avropa İttifaqının bayrağı axirətə inam kimi bir şeydir. Hamı onun haradasa olduğunu bilir, amma ora necə düşmək olar - və buna bənzər bir şeyi evində necə düzəltmək olar - bunu heç kim bilmir. Avropa İttifaqının bayraqları ilə gəzirlər, amma başa düşmürlər ki, onlara nə Ermənistan, nə də bütün postsovet məkanı heç havayı da lazım deyil. Ölkədəki vəziyyəti isə özləri düzəltməlidirlər. Heç bir Avropa və ya xarici qüvvə onlara bu işdə yardımçı deyillər. Məncə Ukrayna nümunəsi Avropada axirətin olmasına inananlara nə isə öyrətməlidir.
- Yeri gəlmişkən, bu aksiyaların getdikcə antirusiya xarakteri almasına dair fikir mövcuddur. Bir zamanlar RF Dövlət Dumasının spikeri Qrızlov Ermənistanı “Rusiyanın regionda forpostu” adlandırmışdı. İrəvanda hadisələrə dair reportajlarda “Ermənistan Qərbin forpostudur” ifadəsi işlədilir. Bunu nə ilə izah etmək olar? Rusiyanın Ermənistanda mövqeləri nə dərəcədə möhkəmdir?
- Düşünürəm ki, ümumilikdə Ermənistanda heç bir antirusiya əhval-ruhiyyəsi yoxdur və əlbəttə ki, müstəqillik əldə etdikdən sonra vətəndaşların yarısının ölkəni tərk etməsində Rusiyanın günahı yoxdur. Amma Rusiya yalnız Ermənistan üçün deyil, başqaları üçün də real olaraq cazibədar görünmək istəmir.
Bütün bu Avrasiya İttifaqına və MDB-KTMT səviyyəsində müttəfiqlik – daha çox xarici görünüşdür, bunun arxasında əsas ölkələrin həqiqətən sadəcə başqa sərhəd və bayraqlara ayrılan müttəfiq, tərəfdaş, vahid bir məfhumun olması hiss olunmur. Bu olmadıqca, gənclər Avropa İttifaqının bayrağı ilə gəzərək Rusiyanı tənqid edəcəklər. Ermənistanın gənc nəsli hələlik özü üçün başqa istiqamət görmür.
- Ermənistanda qeyri-sabitliyin dərinləşməsi regionda vəziyyəti daha da pisləşdirə bilərmi?
- İstənilən xaos və özbaşınalıq zamanı regionda vəziyyət gərginləşəcək. Dağlıq Qarabağ var, Rusiyanın Ermənistanda hərbi bazası var (o isə Ermənistan və Türkiyə ilə sərhəddi saxlayır – bu isə xırda bir şey deyil). Ona görə də Ermənistanda qeyri-stabil vəziyyət nə qədər uzun sürərsə, onun dövlətçiliyinin olduğu kimi qalma şansı azalır. İş Ermənistanda kimin hansı bayraqla gəzməsində deyil. Problem ondadır ki, bir çoxları Ermənistanda bu müstəqillik ilə özləri üçün heç bir perspektiv görmürlər. Kimlər isə ölkəni tərk edəcək, kimlər isə dəfələrlə mərkəzi meydana gələrək etiraz etməyə davam edəcəklər. Və Amerika Qərb ilə bu işdə bilavasitə günahkar olmayacaq.
F.H.
www.oxu.az