Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Nigar Arpadarai: Xanım mütləq işləməlidir – MÜSAHİBƏ
Oxu.Az-ın Bakıda Formula 1 yarışını təşkil edəcək Baku Grand Prix şirkətinin Milli Mətbuat Katibi və Marketinq və kommunikasiyalar şöbəsinin rəhbəri Nigar Arpadarai ilə müsahibəni təqdim edir.
Ölkənin aparıcı PR mütəxəssislərindən biri olan xanım Arpadarai, uzun illər çalışdığı telekom sahəsindən ayrılaraq, Baku Grand Prix komandasına qatıldı. Nigar xanım idman dünyasının ən maraqlı yarışlarından biri olan Formula 1 yarışına hazırlıqlardan və izləyiciləri gözləyən sürprizlərdən bəhs etdi.
Yaradıcı ailədə doğulmuş həmsöhbətim, yüksək təşkilatçılıq bacarığı ilə həm uğurlu karyera qurmağı, həm də ailəsinə yetərincə vaxt ayırmağı bacarır. O, həmçinin uğurunun sirrlərini bizlərlə bölüşdü və işləyən xanımlara gərəkli olacaq məsləhətlər verməyi də unutmadı.
- Təxminən 2 ay öncəsinə kimi hər kəs Sizi “İCT woman” kimi tanıyırdı. “Nar”-da uzun müddət çalışmısınız. Və bu gün Azərbaycanda “Avropa Qran Pri Bakı” (Formula 1, Grand Prix of Europe) yarışını təşkil edəcək Baku Grand Prix şirkətinin Marketinq və Kommunikasiyalar şöbəsinin rəhbərisiniz. Bu vəzifə təklifini necə qarşıladınız? Gözləyirdinizmi?
- Sizə səmimi deyim ki, gözləmirdim. “Nar”ı çox sevirəm, hər zaman özümü şirkətin bir hissəsi kimi hiss etmişəm. Bildiyiniz kimi, bir neçə ay öncə Nar mobil operatorunun rebrendinqini etdik, həmçinin Avropa Oyunlarının rəsmi tərəfdaşı olaraq, Oyunların təşviqi və yüksək səviyyədə keçirilməsi üçün bir çox layihələri həyata keçirdik. Layihə çox idi, bu məqamda mənə təklif gəldi. Etiraf etməliyəm ki, Formula 1 yarışının Bakıda keçirilməsi ideyası və bu prosesə töhfə vermək imkanı mənə son dərəcə maraqlı gəldi və təklifi böyük məmnuniyyətlə qəbul etdim.
- O zaman bu vəzifəni Sizin karyeranızda ən məsuliyyətli məqam adlandırmaq olar?
- Mən hər zaman işimə məsuliyyətlə yanaşmışam və işimdən zövq almağa çalışmışam. Çalışdığım bütün şirkətlərdə, “Nar”-da, ondan öncə Avropa İttifaqının Nümayəndəliyində də çalışarkən hesab etmişəm ki, bu, mənim üçün ən vacib və məsuliyyətli məqamdır, öhdəsindən ən yüksək şəkildə gəlməliyəm.
İndi mənim üçün yeni bir mərhələdir. Və BGP komandasının qarşısında duran əsas vəzifə maraqlı bir yarış keçirməklə yanaşı, vətəndaşlarımızı F1 sahəsində maarifləndirmək, bu sahəyə marağı artırmaq və dünyada olan F1 fanatlarını cəlb etməkdir.
- Yeri gəlmişkən mənim də böyük həvəs və maraqla izlədiyim idman yarışıdır.
- Formula 1 yarışı 185 ölkədə 110 yayım şirkəti tərəfindən yayımlanır və yarışı 500 milyondan çox televiziya tamaşaçısı izləyir (2012-ci il statistikası). Onu deyim ki, Formula 1 yarışlarının izləyiciləri də ənənəvi və bu yarışlara sədaqətlidirlər. Məncə belə fanat ordusu bir də futbolda var. Qran priləri izləmək üçün ölkədən ölkəyə səfər edirlər, könüllü kimi prosesə qatılırlar. Mən çox sevinirəm ki, Azərbaycanda da Formula 1 yarışlarının pərəstişkarları var, hətta bir çox insan bizə müraciət edərək kömək təklif edir. Bu bizi çox ruhlandırır.
- Mən də yarışların həvəskarı kimi, bu yarışların kommunikasiya işlərinin peşəkar şəxs tərəfindən aparılacağı üçün sevinirəm. Çünki istənilən sahədə peşəkar şəxslər təəssüf ki, azlıq təşkil edir və hazırda onların uğrunda mübarizə aparılır.
- İstənilən şirkətin irəli getməsi üçün insan resursu önəmlidir, bizim şirkətdə də əlbəttə komandanın formalaşması prosesinə xüsusi önəm verilir. Hazırda bütün rəhbər vəzifələrə əməkdaşlar cəlb olunub, işçilərin çoxu işə başlayıb. Onu da qeyd edim ki, işçilərin sayı 50-60 nəfərdən çox olmayacaq. Gələn il yarış zamanı müvəqqəti vakansiyaların açılması gözlənilir. Hazırda isə, yüksək entuziazma malik gözəl bir komandamız var. Artıq tam tərkibdə işə başlamışıq.
Gələn ilin əvvəli isə könüllülərin cəlb olunması prosesinə başlayacağıq. Avropa Oyunları zamanı könüllülərin cəlb edilməsi təcrübəsini çox bəyəndim. Zənnimcə, bu tələbələr üçün ünsiyyət qurmaq, cəld qərar vermək və s. baxımından çox yaxşı iş təcrübəsi idi.
- Nigar xanım, bizimlə ən böyük nailiyyətinizi bölüşün. Hesab etmək olar ki, bu Sizin ən böyük nailiyyətinizdir? Təbii ki, bu suala yarışlardan sonra cavab vermək daha doğru olardı..
- Əlbəttə bu suala cavab vermək üçün tezdir. Mən işimə bağlı insanam. Lakin hesab edirəm ki, mənim ən böyük nailiyyətim 2 oğul övladımdır. Necə ki, hər səhər böyük zövq və həvəslə işə gedirəm, eyni həvəslə də axşam evimə, ailəmin yanına tələsirəm.
Karyera baxımından isə hər zaman işlədiyim bütün şirkətlərdə işimə eyni məsuliyyətlə yanaşmışam və həyata keçirdiyim layihələrin uğurunu gördüyüm zaman bunu şəxsi nailiyyətim hesab etmişəm. Tələbə olanda çox aktiv olmuşam, tədbirlərə, konfranslara qatılmışam və təsadüfən Yunanıstan səfiri ilə tanış olub, işə dəvət olunmuşam. Səfir köməkçisi olmağı bir tələbə üçün həm böyük məsuliyyət, həm də nailiyyət hesab etmək olar. 3 ildən sonra səfirliyin katibliyinin rəhbəri olmuşam. Lakin başqa nəsə əldə edəcəyimi düşünmədiyim üçün oranı tərk etdim.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna dəstək adlı TACİS layihəsində işlədim. Bir müddət sonra gözləmədiyim bir vaxtda Avropa Komissiyasının nümayəndəliyinə qatılmaq təklifi gəldi. Nümayəndəliyin Əlaqələndirici şəxsi olaraq Avropa İttifaqının Səfiri ilə birgə işlədim. Sonradan Nümayəndəliyinin mətbuat Katibi oldum. Bütün sadaladığım işlərin hər biri mənim üçün nailiyyətdir.
- Bəs telekom sahəsinə keçid necə oldu?
- Nar Mobile mənim üçün tamamilə yeni bir arena oldu. Mən özəl sektora keçid etdim, o zaman bazara təqdim olunan Azerfon-Vodafone brendini təmsil etmək lazım idi. Terminlər belə mənim üçün yeni idi. Bu anlar mənim karyeramda ən çətin anlar idi. Telekom son dərəcə dinamik inkişaf edən sahədir. Amma hesab edirəm ki, öhdəsindən gələ bildim. O zaman tərəfdaşı olduğumuz “Vodafone” şirkətinin əməkdaşları ilə ünsiyyətdə olurdum və onlardan çox şey öyrəndim. Sonradan “Nar Mobile”ın İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiyalar şöbəsinin rəhbəri oldum. Bacardığım qədər “Nar”ın reputasiyasına töhfə verməyə çalışdım. Çox uğurlarımız oldu. Çünki “Nar”da çox yaxşı komandam və mənə etibar edən rəhbərliyim vardı.
Bu gün “Baku Grand-prix”də olmağımdan da çox məmnunam. Bu, yeni çətinlikləri dəf etmək və daha böyük işlərə imza atmaq üçün imkandır.
- Yaş və təcrübə artdıqca uğurun miqyası da artır. Ən azından bu sizin karyera xəttinizdə müşahidə olunur. Bəs uğur sizin üçün nədir? Çox tanınan olmaq, ya yaxşı gəlir əldə etmək?
- Əslində tanınmaq mənim işimin bir parçasıdır. Bunu uğur hesab etmirəm. Mənim üçün uğur, qarşıma qoyduğum hədəflərdən daha yaxşı nəticəni ortaya qoymaqdır. Bu gün bu vəzifə mənə etibar edilibsə, mütləq ən yaxşı nəticələr olmalıdır. Mən komanda işinə çox inanıram və bütün nəzərdə tutulan işləri mən tək deyil, komandamız görəcək. Uğurlar da bütün komandamızın və ən sonda Azərbaycanın olacaq.
- Bu gün Nigar Arpadarai uğurlu karyeraya sahib qadın obrazı yaradıb. Şübhəsiz ki, bu obrazı yaratmaq çox vaxtınızı alıb. Bu obrazı yaratmaq üçün hansı fədakarlıqları etməli olmusunuz?
- Əlbəttə ki, əsas fədakarlıq vaxtla bağlıdır. Mən düşünürəm ki, bu gün əldə etdiyim nailiyyətlərimi həyat yoldaşımın dəstəyinə borcluyam. O mənə qarşı anlayışlı olmasaydı, yəqin ki, hər şey bu qədər asan olmazdı. Ən məsuliyyətli qərarları verərkən onunla məsləhətləşirəm. Nə qədər təcrübəm, yaşım artsa da onu özümdən daha ağıllı və müdrik hesab edirəm. Onun mənə göstərdiyi etimaddan sui-istifadə etmirəm. Hər zaman özümü insanlara professional və işgüzar obrazda tanıtmağa çalışmışam.
Amma bütün hallarda etiraf etməliyəm ki, evdar qadınlar övladlarına da çox vaxt ayıra bilir. Mən daha az vaxt ayırmalı oluram. Lakin var gücümüzlə həyat yoldaşım da, mən də bu boşluğu kompensasiya etməyə çalışırıq.
- Oğlanlarınızın neçə yaşı var?
- Böyük oğlumun 6 yaşı var. Kiçik oğlum isə 10 aylıqdır.
- Yəni yaxşı təşkilatçı olmağınız evdə də köməyinizə çatır...
- Bəli. İşlərimi elə planlaşdırıram ki, hər şeyə vaxtım çatsın. Planla addım atmağı sevirəm. Məncə işləyən qadınlar özlərini daha çox səfərbər edirlər. Boş vaxtı çox olan qadınlar daha rahat olur və adətən vaxtlarını boş yerə sərf edirlər.
- Bütün bu gərgin iş rejiminin fonunda Siz həmişə gülərüzsünüz. Bunu necə bacarırsınız?
- Xasiyyətim belədir. Mən optimist insanam. Problemlə qarşılaşanda da ilk olaraq düşünürəm ki, bunu necə öz xeyrimə çevirə bilərəm?! Optimist olanda həyat da sənə yaxşılıqlar gətirir. Depresiv, pessimist insanları da pis enerji tapır.
- Nigar xanım, işləyən, lakin vaxt azlığından şikayət edən xanımlara nə məsləhət görərdiniz?
- İlk öncə onu deyim ki, xanım mütləq işləməlidir. Həm həyat yoldaşına dəstək olursan, həm də özünə əmin olursan. Mən istəyirəm ki, oğullarım böyüyəndə fəxr etsinlər ki, anaları müəyyən uğurlara nail olub, bilsinlər ki, lazım olarsa məndən məsləhət ala bilərlər. Vaxtın azlığından şikayət etməmək üçün isə düzgün planlaşdırma aparmaq lazımdır. Xanımlar bu bacarığı özlərində inkişaf etdirməlidirlər. Hər zaman qarşılarına çatmalı olduqları hədəf, məqsəd qoysunlar.
Bu gün də qarşımdakı məqsəd “Avropa Qran Pri Bakı Formula-1” yarışının ən yüksək şəkildə keçirilməsinə töfhəmi verməkdir. Bu tədbir yalnız yarışlardan ibarət olmayacaq, həm də fanatlar üçün maraqlı festivallar keçirmək nəzərdə tutulub. Çalışacağıq ki, gələn il iyul ayında Formula 1 yarışlarının izləyicilərinin gözü Bakıda olsun. Bu TV yarışı olduğundan Bakının göz oxşayan görüntülərini izləyicilərə çatdırmağa çalışacağıq.
- Bir sözlə, Nigar Arpadarai bütün gücünü səfərbər edib...
- Tamamilə doğrudur.
Sədan Bünyadova
Foto: Nüsrət Abdullayev
www.oxu.az
"Azərbaycan" teqi üzrə xəbərlər
- Türkiyə vətəndaşı Azərbaycanda öldü
- Köhnə dünyanın fiaskosu: "Güllələrin istehsalı çörək istehsalını qabaqlayıb"
- Abdulkadir Uraloğlu: "Türkiyə-Azərbaycan tranzit keçid sənədi kvotası 100 minə yüksəldildi"
- Göyərtəsində azərbaycanlıların olduğu gəmi Kerç boğazında çətin vəziyyətə düşüb
- Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsi qəbul edildi
Rəylər