Oxu.Az 1990-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2000-ci ildə isə Xalq artisti fəxri adına, həmçinin Prezident mükafatına layiq görülmüş aktyor Valeh Kərimov ilə müsahibəni təqdim edir. V.Kərimovun Hacı Həsən ağa rolunu canlandırdığı “Ölülər XXI əsr” filmi sentyabrın 22-dən Bakının bütün kinoteatrlarında nümayiş olunacaq.




- “Ölülər XXI əsr” filmi “Planet Parni iz Baku” teatrı ilə ilk işinizdir?
- Xeyr. Tahir İmanov məni bir neçə il bundan öncə “Bir kəndin Sevinci” serialında çəkilişlərə dəvət etmişdi. Baxılan bir serial oldu, ancaq müəyyən səbəblərdən çəkilişlər öncədən planlaşdırıldığı kimi getmədi, serial yarımçıq qaldı. “Ölülər XXI əsr” filmi bu kollektiv ilə sayca ikinci işimizdir.
- Müştərək işin davamı oldu, demək, ilk işdə tondem alınmış və nəticə ürəkaçan olmuşdu.
- Bax onu, yəni işimizin nə dərəcədə uğurlu alındığını tamaşaçılar deyə bilər. Bir onu deyə bilərəm ki, Tahir çox tələbkardır, bu səbəbdən də birgə işlədiyi hər kəsdən ciddi yanaşma tələb edir. Peşəkarlığa üstünlük verən biridir. Bu, müsbət cəhətdir, çünki gözlənilən nəticəni peşəkar yanaşma olmadan əldə etmək olmaz, bu, qanundur. Bu dəfə də zəng edib dəvət edəndə, nə gizlədim, belə bir adamın dəvətinə çox sevindim və qəbul etdim.
- Rol seçimi necə oldu?
- Sirr deyil ki, dahi Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri bədii ədəbiyyatımızın incilərindəndir. Unudulmaz əsərlərdəndir. Bu əsərə rejissorlar müraciət edib və edəcəklər də. Sadəcə T.İmanov bu əsərə tam fərqli rakursdan yanaşdı. Mən ilk olaraq “Ölülər XXI əsr” filminin ssenarisini oxudum. Sonradan hansı rolu oynamaq istədiyimi soruşanda, mən əgər teatrda olsaydı, Şeyx Nəsrullahı oynamaq istərdim, amma filmdə Hacı Həsən ağa rolunu oynamaq istəyirəm dedim.



- Demək, rolu özünüz seçmisiniz?
- Bəli. Çünki filmdə Şeyx Nəsrullahı Tahir oynayacaq, deməli, bu tamamən başqa, fərqli Nəsrullah olacaq (gülür). Amma bir şey deyim, bu əsərdə, hətta epizodik rolları oynamaq belə qürurvericidir. Çox sağ olsun, mənə bu rolu etibar etdi. Mən də çalışdım ki, bacardığımı edim (gülür).
- Əksər hallarda müsbət rollarda görməyə alışdığımız Valeh Kərimov filmdə mənfi rol oynayır...
- Bir bilsəniz mən nə rəzilləri, nə şərəfsizləri səhnədə canlandırmışam (gülür). Mən teatr aktyoruyam, filmlərə dəvət edirlər çəkilirəm. Amma teatrın cazibəsi başqadır, səhnədə olan aktyoru tamaşaçılara bağlayan görünməz tellərin yerini heç nə verə bilməz. Mən C.Məmmədquluzadənin daha bir ölməz əsəri “Danabaş kəndinin əhvalatları”nda Xudayar bəyi oynamışam, buyurun, bu da mənfi rol (gülür). Bu filmdə isə mənə həvalə olunan Hacı Həsən ağanın rolu oldu, çalışmışam öhdəsindən gəlim, kollektivin etimadını doğruldum.
Səbinə Səmidxan
www.oxu.az