Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Onkologiya, “Rehabus”, yoqa, rəqs terapiyası: Departament müdiri bərpada yeniliklərdən danışdı-MÜSAHİBƏ+FOTO
“Əlilliyi olan şəxslərə daha əlçatan, davamlı və effektiv reabilitasiya xidmətlərinin göstərilməsi məqsədilə ölkə üzrə reabilitasiya infrastrukturunun genişləndirilməsi və müasir standartlara uyğunlaşdırılması istiqamətində tədbirlər həyata keçirilir. Reabilitasiya xidmətlərinin əlçatanlığını artırmaq məqsədilə uğurla həyata keçirilən layihələrdən biri “Rehabus”dur. Bu xidmət çərçivəsində razılaşdırılmış marşrut üzrə reabilitasiya avtobuslarından biri Sumqayıt şəhərindən agentliyin Bakı şəhərindəki 2 saylı Uşaq Reabilitasiya Mərkəzinə hərəkət edir. İkinci avtobus isə əlilliyi olan şəxslərin Suraxanı və Kürdəxanı istiqamətində, metronun “Koroğlu” stansiyasından keçməklə Bakı Reabilitasiya Mərkəzinə daşınmasını həyata keçirir”.
Bunu Oxu.Az-a müsahibəsində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin departament müdiri Bahadur Rzayev deyib. Onunla müsahibəni təqdim edirik:
- Reabilitasiya xidmətlərindən kimlər yararlana bilərlər?
- Reabilitasiya xidmətlərindən əlilliyi olan şəxslər yararlana bilərlər. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində fəaliyyət göstərən mərkəzlərin nizamnaməsinə uyğun olaraq, əlilliyi olan şəxslər dövlət büdcəsi hesabına bu xidmətlərdən yararlana bilərlər.
Ümumilikdə isə qeyd edim ki, agentliyin fəaliyyət istiqamətlərinə əlilliyin qiymətləndirilməsi, əlilliyi olan şəxslərin reabilitasiyası və reabilitasiya vasitələri ilə təminatı daxildir.
- Bu xidmətlərdən yararlanmaq üçün əlilliyi olan şəxslər hara müraciət etməlidirlər?
- Əlilliyi olan şəxslər agentliyə tabe reabilitasiya müəssisələrində bərpa kursu keçmələri üçün qeydiyyatda olduqları ərazi üzrə Tibbi-Sosial Ekspert Komissiyalarına (TSEK) və DOST mərkəzlərinə müraciət etməlidirlər. Reabilitasiya mərkəzlərində (RM) növbəliliyin və şəffaflığın tam təmin edilməsi məqsədi ilə 2022-ci ildən elektron rezervasiya sisteminə keçid edilib və bununla da əlilliyi olan şəxslər fərdi reabilitasiya proqramına, yataq fondunun doluluq səviyyəsinə əsasən seçdikləri reabilitasiya mərkəzinə rezervasiya formalaşdıra bilirlər.
2022-ci ildən etibarən 46 mindən çox rezervasiya formalaşdırılıb. Sistem üzərindən rezervasiya formalaşdırılan zaman əlilliyi olan şəxslərin tarix və mərkəz seçimi könüllü olaraq onların ixtiyarına verilir. Bu sistem ədalətli şəkildə əlilliyi olan şəxslərin reabilitasiya prosesindən yararlanması üçün önəmli məqamdır. Əməkdaşlarımız tərəfindən rezervasiya formalaşdıran əlilliyi olan şəxslərə SMS və zəng vasitəsilə onların reabilitasiya müddətinin yaxınlaşdığı da xatırladılır. Əlilliyi olan şəxslər rezervasiya tarixlərini dəyişdirə və ləğv edə bilirlər.
Rezervasiya modulu əsasında ötən il 85%-in üzərində çarpayı doluluğunu icra edə bilmişik. Bu, çarpayı doluluğunun maksimum səviyyədə, standartlara uyğun olaraq idarə edilməsi deməkdir.
Reabilitasiya xidmətinin də tibb xidməti kimi göstərişləri və əks-göstərişləri mövcuddur. Belə ki, əks-göstərişlər Nazirlər Kabinetinin 149-№li Qərarına əsasən tənzimlənir. Sözügedən qərarın 5,5-ci bəndində reabilitasiya müəssisəsinə əlilliyi olan şəxslərin qəbul edilməsinə əks-göstəriş hesab olunan bir neçə xəstəliklər sadalanıb ki, onlardan bəzilərini diqqətinizə çatdırmaq istəyirəm.
Buraya xəstəliyin xüsusi stasionar müalicə tələb edən kəskinləşmə və yarımkəskin mərhələsini, stasionarda müalicə tələb edən tez-tez kəskinləşməyə və dekompensasiyaya, residivə meyilli ruhi xəstəlikləri, fəal fazada bədxassəli şişləri, müxtəlif mənşəli kaxeksiyaları (orqanizmin güclü zəifləməsi, arıqlama - red.), geniş trofik və yataq yaralarını, irinli-nekrotik xəstəlikləri, yoluxucu və zöhrəvi xəstəlikləri aid etmək olar.
Bu halda əlilliyi olan şəxslər əgər diaqnozunda əks-göstərişlər mövcuddursa, xəstəliyinin son gedişatı haqqında müvafiq həkimin müsbət rəyini (hazırda reabilitasiya xidməti keçməsi üçün heç bir əks-göstərişin olmaması barədə) TSEK-ə təqdim etdiyi təqdirdə agentliyə tabe RM-lərdə reabilitasiya kursu keçə bilər.
- Əlilliyi olan şəxslərin sayı kifayət qədər çoxdur. Hazırda agentliyin tabeliyində nə qədər reabilitasiya mərkəzi mövcuddur?
- Bu gün agentliyin tabeliyində Bakı şəhəri və regionları əhatə edən 15 reabilitasiya müəssisəsi fəaliyyət göstərir. 15 müəssisədən üçü 18 yaşınadək əlilliyi müəyyən olunmuş şəxslərə reabilitasiya xidmətləri göstərməkdədir. Digərlərində isə 18 yaşından yuxarı əlilliyi olan şəxslər bərpa keçirlər. Reabilitasiya mərkəzlərində əlilliyi olan şəxslərə yüksəkkeyfiyyətli və müasir avadanlıqlarla təchiz olunmuş tibbi reabilitasiya, bütün növ fizioterapiya prosedurları, həmçinin sosial-psixoloji xidmətlər göstərilir.
- 2023-cü ildə əlilliyi olan nə qədər şəxs reabilitasiya xidmətləri alıb?
- Ötən il rekord sayda əlilliyi olan şəxs reabilitasiya xidmətlərinə cəlb olunub. Belə ki, 87 min 680 əlilliyi olan şəxsə 883 min 748 reabilitasiya xidməti göstərilib.
2024-cü ilin ilk üç ayında ümumilikdə 24 min 833 nəfərə reabilitasiya xidmətləri göstərilib. Bu xidmətlərə stasionar, ambulator, icmaəsaslı, sosial-psixoloji dəstək layihəsi, onlayn xidmətlər, eləcə də yeni xidmət növləri olan hippoterapiya, səyyar xidmət və s. daxildir. Əsas məqsəd əlçatanlığı, yüksəkkeyfiyyətli xidməti və davamlılığı təmin etməkdir. Belə ki, 10 min 943 nəfər ambulator, 3 min 91 nəfər stasionar, 3 min 743 nəfər icmaəsaslı, 6 min 179 nəfər onlayn, 223 nəfər sosial-psixoloji, 162 nəfər hippoterapiya, 492 nəfər isə səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.
- Əlilliyi olan şəxslərin agentliyin reabilitasiya müəssisələrinə getməsi ilə bağlı bir sıra çətinliklər olur. Bu barədə sosial şəbəkələrdə də məlumatlar paylaşılır. Agentlik tərəfindən son illər reabilitasiya sahəsində tətbiq edilən yeniliklər zamanı bu məqam necə, nəzərə alınıbmı?
- Əlilliyi olan şəxslərə daha əlçatan, davamlı və effektiv reabilitasiya xidmətlərinin göstərilməsi məqsədilə ölkə üzrə reabilitasiya infrastrukturunun genişləndirilməsi və müasir standartlara uyğunlaşdırılması istiqamətində tədbirlər həyata keçirilir. Reabilitasiya xidmətlərinin əlçatanlığını artırmaq məqsədilə uğurla həyata keçirilən layihələrdən biri “Rehabus”dur. Reabilitasiya avtobusu layihəsinin məqsədi Bakı və ətraf ərazilərdə yaşayan əlilliyi olan şəxslərin ambulator reabilitasiya xidmətlərinə əlçatanlığını artırmaq, müvafiq müəssisəyə asan, rahat şəkildə çatdırılmasını təmin etməkdir.
Bu xidmət çərçivəsində razılaşdırılmış marşrut üzrə reabilitasiya avtobuslarından biri Sumqayıt şəhərindən agentliyin Bakı şəhərindəki 2 saylı Uşaq Reabilitasiya Mərkəzinə hərəkət edir. İkinci avtobus isə əlilliyi olan şəxslərin Suraxanı və Kürdəxanı istiqamətində, metronun “Koroğlu” stansiyasından keçməklə Bakı Reabilitasiya Mərkəzinə daşınmasını həyata keçirir. Bu layihəmiz ambulator şəkildə reabilitasiya kursuna cəlb olunmuş şəxslərin yaşadıqları ünvanlara yaxın ərazilərdən götürərək ödənişsiz şəkildə həmin mərkəzlərə çatdırılmasını təmin etmək üçün tətbiq edilir. Reabilitasiya proseduru bitdikdən sonra isə onları eyni qaydada geri qaytarırlar. Layihə start götürdüyü gündən çox müsbət geri dönüşlər almışıq. “Rehabus” vasitəsilə müraciət etmiş hər bir əlilliyi olan şəxs ən azı iki və daha çox xidmətdən yararlana bilir. Qeyd edim ki, indiyədək 1 358 əlilliyi olan şəxs “Rehabus” xidmətindən faydalanıb.
- İlkin əlilliyi olan şəxslərin reabilitasiya xidmətlərinə cəlb olunması layihəsi üzrə proseslər necə gedir?
- Ötən il ərzində 25 min 200 nəfərə ilkin əlillik təyinatı aparılıb. Məlumdur ki, reabilitasiya erkən müddətdə tətbiq edildiyi halda daha effektiv və faydalı olur. Bu məqsədlə 2023-cü ilin avqust ayından etibarən ilkin qiymətləndirmə əsasında əlillik təyinatı almış şəxslərin reabilitasiya xidmətlərinə cəlb olunması layihəsinə start verilib. Layihə çərçivəsində ilkin əlillik təyinatı aparılmış şəxslərin reabilitasiya xidmətlərindən yararlana bilmələri üçün onların bu barədə maarifləndirilmələri istiqamətində işlər aparılır.
Layihənin prinsipi hər reabilitasiya müəssisəsinin yerləşdiyi ünvanın yaxınlığında yaşayan əlilliyi olan şəxslərlə əlaqə saxlamaq, məlumatlandırmaq və xidmətlərə dəvət etməkdən ibarətdir. Layihə çərçivəsində 5 000-dən çox əlilliyi olan şəxslə əlaqə saxlanılaraq reabilitasiya xidmətlərindən yararlanmaları üçün onlara ətraflı məlumat verilib.
- Onkoloji diaqnozlu əlilliyi olan şəxslər də az deyil. Bildiyim qədər, onların sözügedən stasionar reabilitasiya proqramlarına qatılması effektiv hesab edilmir. Onlarla bağlı agentlik tərəfindən hansı layihələr həyata keçirilir?
- Təəssüf ki, onkoloji əlilliyi olan şəxslərin də sayı çoxdur. 10 000-dən çox şəxsə onkoloji xəstəlik səbəbindən ilkin əlillik təyinatı aparılıb. Onlarla beynəlxalq təcrübəyə uyğun olaraq, sosial-psixoloji iş layihəsinə start verdik. Bu şəxslərin reabilitasiya xidmətlərindən kənarda qalmamaları və reabilitasiya infrastrukturuna əlçatanlığın təmin edilməsi məqsədilə onkoloji xəstəliklər üzrə ilkin əlillik təyinatı aparılmış şəxslərin sosial-psixoloji dəstək layihəsinə xüsusi mütəxəssislər cəlb olunublar. Ötən ilin sonlarından etibarən ümumilikdə 234 nəfərə layihə çərçivəsində fərdi və ya qrup şəklində sosial-psixoloji dəstək layihəsi həyata keçirilib.
- Ümumilikdə agentliyin hippoterapiya, yoqa, rəqs terapiyası mövcuddur. Bu terapiyalardan yararlanmaq istəyənlər varmı?
- Sadaladığınız terapiyalar son dövrlər ərzində alternativ reabilitasiya xidmətləri kimi agentlik tərəfindən həyata keçirilir. Belə ki, qurumun reabilitasiya mərkəzlərində bərpa müalicəsi kursundakı əlilliyi olan şəxslər üçün hippoterapiya (atlarla terapiya) tədbirləri də həyata keçirilir. Bu xidmət təbabətdə effektivliyini sübut edib və inkişaf etmiş ölkələrdə çox geniş istifadə olunur.
Xidmətə başlanan tarixdən cari ilin mart ayının sonunadək 1 231 nəfər əlilliyi olan şəxs hippoterapiya xidmətindən yararlanıb. Hippoterapiyada əsas məqsəd at üzərində hərəkət etməklə bədən əzələlərinin aktivliyini artırmaqdır.
Beynəlxalq təcrübəyə əsaslanan bu terapiya üsulu, həmçinin, əlilliyi olan şəxslərin ümumi psixoloji vəziyyətinin, əhvali-ruhiyyəsinin yüksəldilməsinə də xidmət edir. Bu terapiyadan daha çox autizm spektr pozuntusu, Daun sindromu, serebral iflic, nitq qüsurları, Parkinson xəstəliyi aşkarlanmış uşaqların sosial-psixoloji və fizioterapevtik reabilitasiyasında istifadə edilir və sözügedən diaqnozlu uşaqlarda atlarla terapiyanın təsiri kifayət qədər böyükdür.
Digər terapiya növü yoqadır. Artıq iki ildir ki, agentliyin reabilitasiya müəssisələrində xidmət alan əlilliyi olan şəxslər yoqa məşqlərində iştirak edirlər. Məşqlər Azərbaycan Respublikasının Fəxri bədən tərbiyəsi və idman işçisi, əməkdar məşqçi, idman ustası, beynəlxalq dərəcəli hakim, Azərbaycan Yoqa Klubunun prezidenti Sevindik Mehdiyev tərəfindən aparılır.
Yoqa ilə müntəzəm məşğul olmaq emosional fonu yaxşılaşdırır, insanın stresədavamlılığını artırır. Eyni zamanda, dayaq-hərəkət aparatının işini yaxşılaşdıraraq qan dövranı, ürək-damar və tənəffüs sisteminə müsbət təsir göstərir. Bu baxımdan, alternativ reabilitasiya metodu kimi yoqa təlimlərinin davamlı şəkildə həyata keçirilməsi məqsədəuyğun sayılır.
Rəqs terapiyası isə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və “DanceAbility Azərbaycan” İnklüziv Rəqs Şirkətinin birgə təşkilatçılığı ilə “Bütün vücudlar danışır” adlı sosial layihə kimi həyata keçirilir.
Rəqs terapiyası təhlükəsiz və qərəzsiz mühit yaratmaq, insanlara vücud vasitəsilə öz emosiyalarını ifadə etmək, həmçinin empatiyaəsaslı ünsiyyət və münasibət qurmağın yolları barədə praktiki təlimlər keçirilir. Həyata keçirilən inklüziv proqram əlilliyi olan şəxslərin yeni bacarıqlarının formalaşması, eləcə də onların sosiallaşması üçün şərait yaradır. 2023-cü ildə 1 400-dən çox əlilliyi olan şəxs rəqs terapiyasından faydalanıb.
- Paytaxt və Abşeron yarımadası üzrə əlilliyi olan şəxslərin reabilitasiya müəssisələrinə gəlib-getmələrini təmin edən maraqlı “Rehabus” layihəsindən danışdınız. Axı regionlarda da əlilliyi olan şəxslərimiz var ki, Bakıya gəlməkdə çətinlik çəkirlər. Bu barədə gələcək illərdə hansısa işlərin görülməsi planlaşdırılır?
- Əlilliyi olan şəxslərin reabilitasiya xidmətlərinə əlçatanlığının artırılması, bərpa prosesində əldə edilən nəticələrin davamlı olması, yaşayış yerinin tərk edilməsində çətinliklər yaşayan əlilliyi olan şəxslərə evdə tibbi və sosial-psixoloji reabilitasiya xidmətinin göstərilməsi, eyni zamanda, vətəndaş məmnuniyyətinin artırılması və növbəliliyin azalması məqsədi ilə agentliyə tabe reabilitasiya mərkəzləri tərəfindən səyyar xidmət təşkil edilir.
Bu xidmət xüsusi təyin olunmuş meyar və diaqnozlara əsasən göstərilir. 2023-cü il üzrə 1 437 nəfər əlilliyi olan şəxs səyyar reabilitasiya xidmətinə cəlb edilib. Cari ilin ilk üç ayında isə 492 nəfər bu xidmətlərdən istifadə edib. Bu halda vətəndaş xidmət üçün TSEK-ə və ya birbaşa RM-ə müraciət etməlidir. İlk olaraq, həkim və psixoloq əlilliyi olan şəxslərin ilkin vəziyyətinin dəyərləndirilməsi üçün vətəndaşın evinə yönləndirilirlər və vətəndaşa fərdi reabilitasiya proqramı (FRP) tərtib olunduqdan sonra FRP əsasında digər mütəxəssislər ƏOŞ-nin evində ona reabilitasiya xidməti göstərirlər. 2022-ci ilin iyunundan 2024-cü ilin mart ayına qədər ümumilikdə 2 154 nəfər əlilliyi olan şəxs səyyar reabilitasiya xidmətinə cəlb olunub.
- Bəs sizin bütün regionlara reabilitasiya mərkəzləriniz varmı?
- Düzdür, bir sıra regionlarda reabilitasiya mərkəzləri yoxdur, lakin bununla bağlı da layihəmiz var. Reabilitasiya müəssisəsi olmayan regionlarda yaşayan əlilliyi olan şəxslərin reabilitasiya xidmətlərinə əlçatanlığını artırmaq məqsədilə Agentlik tərəfindən Bərdə şəhərindəki Qarabağ Regional DOST mərkəzində dekabrın 1-dən “RehaPoint” - Reabilitasiya Məntəqəsi fəaliyyət göstərir.
Məntəqədə bölgədə yaşayan əlilliyi olan şəxslərə ambulator formada müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, psixoloq və loqoped xidmətləri göstərilir, eləcə də onların ehtiyac duyduqları reabilitasiya vasitələri ilə təminatı həyata keçirilir. Məqsəd regionlarda əlilliyi olan şəxslərin reabilitasiya xidmətlərinə əlçatanlığının və vətəndaş məmnunluğunun artırılması, bərpa prosesində əldə edilən nəticələrin davamlılığının təmin edilməsi, regionlarda reabilitasiya infrastrukturunun gücləndirilməsidir.
Bölgədəki əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatını həyata keçirmək üçün də məntəqə əhəmiyyətli rol oynayır.
“RehaPoint” infrastrukturunun yeni yaradılacaq regional DOST mərkəzləri üzrə genişləndirilməsi nəzərdə tutulur. Hər regional DOST mərkəzi üzrə 1 “RehaPoint” perspektivi ilə həyata keçirilən layihədə ilkin olaraq 12 regional DOST mərkəzi ilə ümumilikdə 72 min əlilliyi olan şəxsin əhatə olunması nəzərdə tutulur. Qeyd edim ki, 2024-cü ildə “Rehapoint”da 207 nəfərə 339 xidmət göstərilib.
- Vətən müharibəsində xəsarət alan hərbçilərimizin reabilitasiyası ilə bağlı hansı yeniliklər gözlənilir?
- Agentlik tərəfindən kompleks tədbirlər həyata keçirilir. Postmüharibə dövründə müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə reabilitasiya xidmətlərinin göstərilməsi agentliyin əsas prioritet istiqamətlərindən birinə çevrilib. Vətən müharibəsindən sonra agentliyə tabe Bakı Reabilitasiya Mərkəzi bütövlükdə hərbi qulluqçuların reabilitasiyası, o cümlədən protezləşmədən öncə və sonra reabilitasiya tədbirlərinin həyata keçirilməsi üzrə ixtisaslaşmış müəssisə kimi fəaliyyətini davam etdirir.
Nazirlik tərəfindən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin yüksəktexnologiyalı xüsusi idman protezləri ilə də təmin olunması planlaşdırılır. Bununla əlaqədar Danimarkanın “Levitate” şirkətinin Türkiyə və Azərbaycan üzrə təmsilçisi olan “Bionic Center Prosthetics Orthotics” tərəfindən bir qrup müharibə ilə əlaqədar əlilliyi olan şəxsin iştirakı ilə xüsusi idman protezlərinin sınağı keçirilib. Sınaq işləri müsbət nəticələnib və müharibə veteranları bu protezlərin idmanla məşğul olmaq üçün etibarlı və rahat, uyğun olduğunu bildiriblər.
468 nəfər hərbçi 489 ədəd IV nəsil yüksəktexnologiyalı protezlə təmin olunub. Sözügedən protezlər Almaniyanın “Ottobock”, İslandiyanın “ÖSSÜR” şirkətlərinin məhsullarıdır. Elektron diz oynaqları ilə təchiz olunan yüksəktexnologiyalı protezlər aktivlik və funksionallığı ilə seçilir. Xüsusi idman protezləri isə yüksəktexnologiyalı protezlərə quraşdırılmaqla, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin qaçış və digər bir çox idman oyunlarında daha sərbəst və aktiv şəkildə, rahat hərəkətlər etməsinə şərait yaradacaq. Qısa müddətdə aktiv həyat sürən amputantlar, mərhələli şəkildə Vətən müharibəsi iştirakçıları idman protezləri ilə təmin olunacaqlar. Postmüharibə dövründə 2 min 105 nəfər müharibə ilə əlaqədar əlilliyi olan şəxs 53 min 365 ədəd reabilitasiya vasitəsi ilə təmin edilib.
Həmin dövrdə agentliyin tabeliyində fəaliyyət göstərən reabilitasiya müəssisələrində müharibə ilə əlaqədar əlilliyi olan 3 276 nəfərə reabilitasiya xidmətləri göstərilib. Onlardan 1 674 nəfər müharibə veteranı stasionar və ambulator olaraq reabilitasiya xidmətinə cəlb edilib.
- Ümumilikdə bu ilin ilk üç ayında əlilliyi olan şəxslərə nə qədər reabilitasiya vasitəsi təqdim edilib?
- Cari ilin ilk üç ayında ümumilikdə 4 349 nəfər əlilliyi olan şəxs 28 min 912 reabilitasiya vasitəsi ilə təmin olunub.
Daha çox foto burada: PhotoStock.az
Könül Cəfərli
Rəylər