Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Rafael Ağayev: Karate həm idmanımdır, həm də çörək ağacım – FOTO
- Bizə bir az Rafaeldən danış.
- 7 yaşımdan karateyə gəlmişəm. Əslində iki idmana çox marağım var idi, karate və futbola. Ancaq karateyə gəldim, çünki döyüşməyi və güləşməyi sevirdim. Uşaqlıqdan elə ən çox baxdığım filmlər Brus Lee-nin filmləri idi. Onun döyüşləri adamı həvəsə gətirirdi ki, idmanla məşğul olsun. İlk müəllimim Rafael Məmmədov olub, daha sonra Füzuli Musayev mənə dərs deyib. Yığma komandada məşq edirəm. Bizim yığma komandanın baş məşqçisi Rəhman Hətəmovdur.
- Sənə şanslı idmançı deməliyik yoxsa güclü? Bircə onu bilirəm ki, imkan vermirsən kimsə yarışda medal alsın. Bu qədər güclüsən, yoxsa şansın gətirir?
- Professional idmançı udub-uduzmağı bacarmalıdır. Həmçinin mən də udub-uduzmağı bacarıram və çalışıram ki, yarışlarda qalib gəlim. Bunun üçün əlimdən gələni edirəm.Yarışlarda qalib gəlməyimi şans adlandırmazdım, çünki əziyyət çəkib bu yerə gəlmişəm, kimsə məni bu yerə havayı gətirməyib.
Artıq 21 ildir ki, bu idman sahəsində təcrübəm var. Deyərdim ki, şanslı idmançı hansısa üsulla yarışda qalib gəlirsə, bir dəfə, iki dəfə o artıq şansdır, və yaxud kimsə harasa tapşırır. Ancaq əziyyət çəkirsən, günlərlə, aylarla, illərlə bax o başqadır. Və mən əziyyət çəkmişəm, çünki idman əziyyəti, zəhməti sevir.
- Karate Rafael üçün çörək ağacıdır, yoxsa məşğul olduğu idman növü?
- Hər ikisi.. Mən karatedən başqa heç nə ilə məşğul deyiləm. Bəs onda hardan pul qazanım? Ac qalım? (gülür).
Karate həm idmanımdır, həm də çörək ağacım. Həm də məni başqa ölkələrə dərs deməyə seminarlara dəvət edirlər. Elə bu yaxınlarda komandayla Moskvada olduq, daha sonra Federasiyanın prezidenti Yaşar müəllimlə yüz nəfərdən çox idmançıya dərs dedik.
- İştirak etdiyin yarışlara görə rekord vura bilmisən? İndiyədək neçə yarışda iştirak eləmisən? Narazı qaldığın yarış da olub yəqin ki?
- 1000, bəlkə də daha çox sayda yarışda iştirak etmişəm. Hər yarışdan da qızıl medal gətirmişəm. Bir dəfə olub ki, medalsız gəlmişəm. Bu il də avropa çempionu oldum. Təbii ki, elə olur ki, düzgünlük olmur, ya yarışın qurulması professional olmur amma əsas odur ki, idmançı bunlara baxmayaraq nəticəni yaxşı etsin.
- Tələbə olmaq, yoxsa müəllimlik etmək yaxşıdı?
- Mən həm tələbəyəm, həm müəllim… 16-20 yaşların müəllimiyəm. Həm də Füzuli müəllimin tələbəsi. Hamımız qocalana kimi öyrənib öyrətməliyik.
- Necə müəllimsən? Bildiyini öyrətməyən, yoxsa bildiyinin 1 faizini öyrədən?
- Bildiyimi öyrədənəm. Çünki nəyisə bacarıramsa onu da öyrətməliyəm.
- Səni Federasiyanın prezidenti, vitse prezidenti kimi ya da nə vaxtsa siyasətdə görə bilərik? Artıq dəb halını alıb idmançılar siyasətə qoşulsun. Məsələn: Millət vəkili Rafael Ağayev…
- Hər şey ola bilər. Amma düzünü deyim ki, mən sülhü çox sevirəm. Qalmaqaldan qaçıram, yəni siyasətdə olsam belə, hansı işi görsəm belə sülhlə, sakitçiliklə işimi görməyə çalışaram.
- Keçək idmandan kənarda Rafaeli tanımağa.. Bir xanıma özünü necə təqdim edərdin? Təsəvvür elə ki, idmançı deyilsən?
- Deyərdim ki, olar sizi bir dəqiqə? Ya da o xanıma deyərdim ki, bilirsən nə var? Xoşum gəlir sizdən (gülür). Ancaq qız mənə kobudluq eləsə, nəsə pis söz desə mən də deyərəm, baxmaram qızdı, bəlkə döyərəm də… (gülür).
- Məncə geyimə çox üstünlük vermirsən, sadə geyinirsən. Bu kənardan sadə oğlan görüntüsü yaratmaq üçündü, yoxsa bahalı geyimə pul yoxdu? Ya da elə bir marka varmı ki, ona üstünlük verirsən?
- “Versage”, “Adidas” geyinirəm. Bir çox markalardan geyinirəm, amma həmişə yox. Ayağımı yorğanıma görə uzadıram. Belə də ki, yaxşı oğlan geyimə görə tanınmaz (gülür).
- Deyirlər Rafael qıraqdan göründüyü kimi səmimi deyil?
- Hə, çox deyirlər özündən razısan, ay səmimi deyilsən. Nə qədər ki, insanı yaxından tanımırlar ona görə də belə şeylər çox deyiləcək.
- Hansı marka maşının var? Axırıncı dəfə bildiyimə görə göy rəngdə “BMW” vardı, bəs indi?
- “X6” sürürəm. O “BMW” ilə qəzaya düşdüm. Çox şükür ki, yaxşı qurtardım.
- Oynamağı sevirsən bilirəm. Ancaq elə toylarda oynayırsan, yoxsa hansısa rəqslə məşğulsan?
- Aha, çox sevirəm. Mən rəqs edərək, futbol oynayaraq istirahət edirəm. Deyərdim ki, bunlar mənim hobbimdir və zövq alıram.
Nərmin Kazımova
www.oxu.az
"Füzuli" teqi üzrə xəbərlər
- Füzulidə qəzaya düşən ANAMA əməkdaşlarının SON VƏZİYYƏTİ AÇIQLANDI
- Füzulidə günəş elektrik stansiyasının tikintisi üçün ərazi müəyyən edilib
- Xankəndi və Füzuli şəhərlərinə onlayn sifarişlərin çatdırılmasına başlanılıb
- Füzuli Dövlət Dram Teatrına yeni baş rejissor təyin olundu
- Beynəlxalq səyyahlardan ibarət qrup Ağdama gəlib
Rəylər