Oxu.Az-ın “Oyundan kənar” rubrikasının budəfəki qonağı cüdo üzrə Avropa çempionu Tərlan Kərimovdur.
- Kərimovun ailəsi nə ilə fərqlənir?
- Böyük fərq olduğunu deməzdim. Sadə ailədə böyümüşəm. Siyəzən rayonundanam, amma 1986-cı ildə Sumqayıtda doğulmuşam, uşaqlığım orada keçib. 12 nömrəli məktəbdə təhsil almışam, davakar uşaq olmuşam. Oxuyan olmamışam, fikrim idmanda olub həmişə. İlk dəfə məni idmana əmim aparıb, gözümü açıb idmanla məşğul olan insanları görmüşəm. Ona görə də başqa peşələrə nisbətən idmana həvəsim, marağım daha çox olub. Qardaşlarım da mənimlə bərabər gedirdi, amma onlar davam eləmədi, mən isə elədim.
- İlk olaraq karate, ya samboyla məşğul olmusan?
- Cüdo, sambo, güləşlə məşğul olmuşam, amma marağım daha çox cüdoyadı, ona görə də cüdoyla davam eləmişəm.
- Hər kəs sevdiyi peşə ilə məşğul olmalıdı, bunu anladım. Bəs necə oldu ki, cüdonu digər idman növlərindən özün üçün fərqləndirdin?
- Cüdo təmizlikdi, səliqəlilikdi, məsələn, bizim geyim kimonodur, mütləq geyimimiz təmiz olmalıdı. Ağ rəngdədi deyə daha çox cəlb edir. Daha sonra bu idman növündə salamlaşma və sağollaşmanı sevirəm. Təmizlik, səliqə cüdoda mütləqdir. Bu idman növündə belə bir qayda var, döyüş vaxtı ən nifrət etdiyin adamla döyüşsən də, məğlub olsan da ayrılanda onunla sağollaşmalısan. Bu, artıq idmanın tərbiyəsidir.
- Uğursuz nəticələrin günahı kimdədir?
- Təbii ki, günahı özümdə görürəm.
- İdmanla məşğul olan hər kəs özünə idmançı deyir. Bəs sən kimə idmançı deyirsən?
- Mənim üçün yaxşı idmançı təkəbbürlü olmayandı. Ümumiyyətlə, insan təkəbbürlü olmamalıdır, ələlxüsus da idmançı. Ağac bar verdikcə başını aşağı əyməlidir.
- Avropa vətəndaşı olsaydın necə olardın? Nəyin fərqli olardı?
- Əslində, yaxşı ki, müsəlmanam, amma əgər avropalı olsaydım yəqin ki, daha rahat geyinərdim. Onların geyimi sadə və rahatdı. Demirlər ki, bu rəng buna uyğun olmadı, ya da ayaqqabını kəmərlə uyğunlaşdırım, onlara necə rahatdısa elə geyinirlər. Bizdə isə oğlan şortik geydisə normal baxmırlar. Soruşursan niyə? Cavab məntiqə uyğun olmur. Yəni istəsək də burda rahat geyinmək çətin məsələdir.
- Satıcı, çilingər, bənna? Hansı işi özünə uyğun görürsən?
- Bənna olmağı bacarardım bəlkə. Həm də maraqlı gəlir mənə. Əslində insan halal qazanırsa, demək ki, onun üçün bütün peşələr əziz olmalıdır. Fərqi yoxdu satıcı, bənna, və yaxud idmançı. Əsas odur ki, məşğul olduğun peşəyə qayğıyla yanaşasan.
- Təkcə idmanla məşğulsan, yoxsa?
- Xeyr, peşəkar idmandayam, həm də FHN-in əməkdaşıyam. Bu işdə inkişaf etmək, irəliləmək istəyirəm. İstəyirəm ki, rütbəm olsun. İnanıram ki, bunu qazana biləcəm. Ən əsası da cənab nazir Kəmaləddin Heydərova təşəkkür edirəm, o, hər zaman biz idmançılara dəstəkdi. Başda isə cənab prezidentimizə minnətdarlığımı bildirirəm, bunu qeyd etmək bizim borcumuzdu, o hər zaman bizə diqqət edir, bizi izləyir və qiymət verir.
- Sarkisyanla bir görüşdə olsaydın nə deyərdin ona?
- Adam kişi olar...
- Olimpiya çempionu olmaq kimə yaraşır?
- Olimpiya çempionu yüksək addır. O adın şərəfi başqadır, bütün əziyyət çəkən idmançılara qismət olsun, insanın əziyyətinin imzasıdır. İnanıram ki, bir gün mən də olimpiya çempionu olacam. Amma olimpiya çempionu olan dostlarımız var və həqiqətən də sevindirici haldır. Məsələn, Elnur Məmmədli, Fərid Mansurov – onlar idmanda öz sözlərini artıq deyiblər.
- Hər bir insanın həyatında əhvalat da, təsadüf də, maraqlı hadisə də olur. Səndə də olmamış olmaz?
- Deməli, əsgərlikdə idim, televizorda kinoya baxırdıq. Birdən əsgər yoldaşlarım dönüb mənə təəccüblə baxdılar, bir az sonra “o kinodakı oğlan sənsən?” dedilər. Mən də diqqətlə baxdım, heç özüm də tanımadım, birdən “hə mənəm” dedim. (gülür)
Bir gün Sumqayıtda film çəkirdilər, orda bir neçə səhnə üçün idmanla bağlı çəkiliş olmalıydı, bizi seçib çağırmışdılar. O vaxtlar mən Sumqayıtda idmana getdiyim vaxtlar idi. Belə olub bu filmə çəkilmişdim.
- Bakıda nəyi bəyənmirsən?
- Yollarımızı az qazsınlar. Tər-təmizdi, səliqəlidi, amma baxırsan ki, yolu qazırlar, bağlanır, beləcə tıxaclar başlanır. Buna fikir versinlər.
- İrəlidə olan Avropa oyunlarına hazırlaşırsan? Yoxsa “bəsdi” demisən?
- Yox, qətiyyən. Var gücümlə hazırlaşıram. Londonda bəxtim gətirmədi, ora çox hazırlaşmışdım, amma şans gətirməyəndə gətirmir. İnanıram ki, burda alınacaq. İnam, istək çox önəmlidir. Bunlar oldusa deməli, mane olan olmayacaq.
P.S. Çəkilişdə göstərdiyi köməyə görə “Erto” mebel şirkətinə təşəkkürümüzü bildiririk.
Nərmin Kazımova
Foto: Asif Əliyev, Orxan Əzim
www.oxu.az