Oxu.Az-ın “Oyundan kənar” rubrikasının növbəti qonağı peşəkar K1 döyüşçüsü və “Best Of Best Promotion” idmançısı, dünya çempionu, KOK dünya kəmərinin sahibi, “K1 World Max” final mərhələsinin iştirakçısı Tural Bayramovdur.
- Tural Bayramov, başlayaq lap əvvəldən. İdman və sən?
- Mən Tərtər rayonunda böyümüşəm, orada oxumuşam, yeddi yaşımdan idmanın nə olduğunu bilirəm.

Demək o vaxtı nə idman alətləri var idi, nə də xüsusi bir alət, amma mən özüm məşq edirdim, həvəsim var idi. Onda ancaq kinolara baxıb həvəslənirdik. Mənim ilk məşqçim Rəşad və Ruhi qardaşları olub, onlar bizə məşq keçirdi. İlk dəfə də karate ilə məşğul olmuşam. Məşqlərimizi məktəbin idman zalında edirdik, çünki şəraitimiz yox idi. On il karateylə məşğul oldum. Daha sonra isə kikboksinqlə məşğul oldum.
2003-cü ildə gəldim Bakıya. Burada Çingiz müəllimlə tanış oldum və burada məşqlərimi davam etdirdim.
- Nə vaxtdan etibarən kikboksinqlə məşğulsan?
- 1998-ci ildən kikboksinqlə məşğulam.
- İdmançıların əksəriyyəti savadsızdır və heç nədən xəbərləri yoxdu. Lakin mənim tanıdığım kifayət qədər savadlı idmançılarımız var. Bəs sən necə bir tələbə olmusan? İdmanı qoyduq kənara, hansı fənni yaxşı oxumusan?

- Mən “Tarix”i yaxşı oxumuşam, marağım da vardı o fənnə. Həm də tarixi bilmək vacibdir. Əsas da Hüquq fakültəsində oxumaq istəyirdim. Universitetə qəbul zamanı çox az balım çatmadı, o da məşqlərlə bağlı idi. İkinci ili sənədlərimi İdman Akademiyasına verdim və qəbul olundum.
- Yaxşı idmançı nəyə əməl etməlidir?
- Yaxşı idmançı tərbiyəli olmalıdır, işinə ciddi yanaşmalıdır.
- “Best Of Best”ə səni kim dəvət elədi?
- “Best of the Best Promotion”da 2012-ci ilin dekabr ayında KOK World Grand PRİ-nin keçirdiyi turnirdə 4-lük döyüşündə qalib gələrək KOK kəmərin sahibi oldum.

Elnur Məmmədov “Best of the Best Promotion” qrupunun prezidenti və K1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsidir. Məni dəvət etdi və öz promotion şirkətinin idmançılarının komanda rəhbəri təyin elədi.
Bu gün “Best of the Best Promotion”un çox cavan və perspektivli idmançıları var. Məsələn: Ziya Bayramov, Ruslan Kobzev, Amil Şahmarzadə, balaca təcrübəli döyüşçümüz Ramazan və s..

Bildiyiniz kimi 2014-cü ildə Tailandda keçirilən K1 Max final döyüşündə iştirak elədim. Oradakı rəqibim dünyaca peşəkar K1 üzrə ispan idmançısı Maximo Suarez oldu. Təəssüf ki, əlimdən zədə almağım məni döyüşü dayandırmağa məcbur elədi.
Biz təşkilat olaraq dünya səviyyəli işlər görürük. Yoxsa bizim idmançılar yüz qat dünya çempionu olmur (gülür). Uduzanda da, udanda da düzgün formada olur. Yalandan yüz dəfə çempion olmağa nə var ki. İldə beş dəfə turnir keçirməklə olmaz, gərək iş görəndə ciddi görəsən.
- Bu yaxınlarda “Xocalıya Ədalət” adlı kampaniya keçirdiniz. Moskvada keçirilən yarışda nəsə narazılıq oldu bildiyimə görə?

- Xocalını bütün dünyaya çatdırmaq lazımdır. Biz də yarışa üzərində “Xocalıya Ədalət” yazısı olan köynəklə çıxmışdıq. Həmin günü televiziya, media işıqlandırdı. Bunu çatdırmaq lazımdır. Yarışda narazılıq oldu, bəli. Birinci raundda demək olar ki, mən qalib olmalıydım və xal hesabına qalib gəlirdim, amma xalı öz idmançılarına verdilər. Hətta zaldan qışqırdılar, haqsızlıq olduğunu dedilər. Elnur Məmmədov da sonradan yaxınlaşıb yarışın təşkilatçılarına öz narazılığını bildirdi. Təbii ki, çox adam gördü ki, haqsızlıq oldu. İdmanda belə şeylər olur. Hətta Nenad Kuruc - K1 brendinin direktoru öz səhifəsində “bu, haqsızlıqdır. Tural, sən qalibsən” yazmışdı. Bu, ona o qədər pis təsir eləmişdi ki, mənim də döyüşümdən olan şəklin altına yazmışdı. Onlar revanş döyüşü olmasını istədilər.
Amma irəlidə yenidən yarışımız olacaq, ona hazırlaşıram. Aprel ayının 4-də Moldovada Dünya Qran Prisi keçiriləcək, orada onların yerli idmançısı ilə döyüşəcəm.
- Azərbaycanda ən yaxşı kikboksçu kimdi?
- Misal olaraq Ruslan Kobzevi deyə bilərəm. İdmançı saxta olmamalıdır, o camaatı aldada bilər, amma biz idmançıları yox.

- Baku-2015 sənə bir idmançı kimi maraqlıdır?
- Əlbəttə. Beynəlxalq layihədir və inanıram ki, yüksək səviyyədə təşkil olunacaq. Çünki Azərbaycanın indiyənə kimi imza atdığı layihələr yüksək səviyyədə keçirilib. Avropanın Bakıya gəlib Azərbaycan mədəniyyətini görüb tanıması bizim uğurumuzdur.
- Özündə hansı xüsusiyyəti bəyənmirsən?
- Əsəbiyəm, bir az bunu bəyənmirəm. Bunu özümdə dəf etməyə çalışıram (gülür).

- Bəs ən çox nəyə əsəbiləşirsən?
- Haqsızlığı sevmirəm. Haqsızlıq görəndə əsəbiləşirəm.
- Daha çox hansı içkini sevirsən? İdmançılar bu mövzuda həssasdır axı.
- Daha çox çayı sevirəm. Bizim çay mədəniyyətimiz var.




Nərmin Kazımova
www.oxu.az