Oxu.Az-ın “Oyundan kənar” rubrikasının budəfəki qonağı cüdo üzrə idman ustası Xəyyam Kazımovdur.
- İdmançı deyəndə o şəxsi bəlli bir kütlə tanıyır. Sən də bizə özündən danış, səni də tanıyaq.
- Mən 1982-ci ildə Qubadlı rayonunda anadan olmuşam, amma demək olar ki, Bakıda yaşamışam. Ziyalı ailədə böyümüşəm. İqtisad Universitetini bitirmişəm, o da valideynlərimin təkidi ilə. İqtisadiyyat sahəsini sevmirəm, amma yaxşı oxumuşam.
Anam müəllimədir. Qardaşım da idmanla məşğuldur, o sumo güləşi üzrə kişilər arasında çempion olub, hal-hazırda isə sistem işindədir.
- Taekvondodan bodibildinqə keçid çətin deyildi ki?
- 7 yaşım var idi, taekvondo ilə məşğul olmağa başladım, amma bodibildinqə həvəsim var idi. Evdə istəmirdilər ki, bodibildinqlə məşğul olum, daha sonra 14 il professional olaraq cüdo ilə məşğul oldum, daha sonra qaydasız döyüşlə maraqlandım və məşğul oldum. Deməli, düzünü deyim ki, bu idman növləri ilə məşğul ola-ola bir yandan da bodibildinqə can atırdım.
- Demək olar ki, əksər idman növləri ilə məşğul olmusan. Hansı çətin sayılır?
- Deyərdim ki, hər idman növünün özünün çətinliyi var, amma bodibildinq daha çətindir. Elə ən azı yemək rejiminə görə. Yeməyə xüsusi diqqət etməlisən.
- Yemək olaraq nə yeyirsiniz?
- Mən artıq neçə ildir ki, qızartma yemirəm. Səhərlər 10 qaynanmış yumurtanın ağını yeyirəm.
- Neçə ildir məşqçi kimi fəaliyyət göstərirsən?
- Çox vaxt özüm məşq edirdim, işlərimlə əlaqədar olaraq məşqçi kimi fəaliyyət göstərməyim alınmırdı, amma işdən ayrıldım, məşqçi kimi işimi davam etdirməyə başladım. İndi həm fərdi məşğul oluram, həm də tələbələrlə.
- Xanım tələbələrin çoxdur? Xanımlar bir yerdə olanda söz-söhbət çox olur deyirlər?!
- Xanımlarımız çox gəlir və bu da təbii ki yaxşı haldır. Həm arıqlamaq, həm də bədən quruluşuna görə. Ümumiyyətlə, insan ilk olaraq sağlamlığına görə, daha sonra isə bədən quruluşuna görə idmanla məşğul olmalıdır. Amma mən onların arasında fərq qoymuram, hamısı mənim üçün birdi. Ona görə də ayrıseçkilik yoxdur.
- Bu idman növünün xüsusi geyimi var? Məsələn, güləşin, cüdonun öz geyimləri var.
- Bizdə əsas bədənin gözəlliyini nümayiş etdirməkdir, amma idman geyimi mütləq olmalıdır. Məsələn, elə olur ki, kimsə məşqə gecə yatdığı mayka ilə gəlir (gülür). Belə də düzgün deyil. İdmanın öz geyimi var, səhv salmasınlar.
- Bütün günü məşq?! Başqa bəs?
- Səhər tezdən məşqdə oluram, günortaya evlə bağlı işlərimi görürəm, axşam yenə məşq. Bir az məşq etməsəm narahat oluram, məşqsiz günüm olmasın (gülür).
- Bəlli bir zaman cüdoyla məşğul olmusan. Kiminlə münasibətin var?
- Elxan Məmmədovla, Elnur Məmmədli ilə. Həm yaxşı insan, həm də yaxşı idmançıdırlar.
- İdmana yeni başlamaq istəyən şəxsə ilk olaraq nə deyirsən?
- İlk olaraq sağlamlığı ilə bağlı hansı problemi olduğunu soruşuram. Bunu əvvəlcədən bilirik və ona görə proqram qururam. Nə gəldi edə bilməz axı. İdman kiməsə fiziki olaraq, kiməsə bədən forması kimi, kiməsə də sağlamlıq üçün lazımdır.
- Ailəndə narazıçılıq yoxdumu? Xanımlarla məşq...
- Biz artıq 9 ildir ki, evliyik. Arada davalarımız olur, o da sadə şeylərin üstündə. Xanımım şirkətlərin birində işləyir, işləri çox olur. Hər ikimiz bir-birimizə qarşı anlayışlı olmağa çalışırıq. Mənim işimə gəldikdə isə o anlayır ki, bu, mənim işimdir və anlayışlı, hörmətlə yanaşır.
- İndi deyirsən ki, mən bu işdə olmalıydım, amma idmanla məşğulam?
- Yox, mən kostyum işini sevmirəm (gülür). Özümü diplomat kimi görmürəm (gülür). Rahat və sərbəstəm, başımın üstündə kimisə sevmirəm, ona görə də mənə trener kimi daha rahatdır.
- Oğlun sənin işinlə məşğul olsa nə deyərsən?
- Çox rahat adamam, yəni bunu problem etmərəm. Uşağın özünü sərbəst ifadə etməyi üçün şərait yaratmaq lazımdır. Ona görə də inanmıram ki, hansısa peşəni seçsin və mən mane olum. Əksinə, ürəyi necə istəsə dəstək olaram. Hal-hazırda üzgüçülüklə məşğuldurlar, hər iki oğlum da rəqsə gedir və öz seçimində sərbəstdirlər.
Nərmin Kazımova
www.oxu.az