Oxu.Az-ın “Uğurun tarixi” layihəsinin bugünkü qonağı Azərbaycan – Britaniya Məzunlar Birliyinin (Azerbaijan - UK Alumni association - AUKAA) üzvü Zaur Allahverdizadədir.
- Zaur, ixtisasca hüquqşünassınız. Sizcə Azərbaycanda yaxşı hüquqşünaslar kəmiyyətcə çoxdur ya keyfiyyətcə?
- Mən Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirmişəm. Dördüncü kursda oxuyanda isə“London Williams College”- de biznesin idarə ediləmsi üzrə bir illik təhsil almışam. Daha sonra qayıdıb təhsilimi BDU-da bitirdim və daha sonra İqtisadiyyat Universitetində magistrarura oxudum.
Əlbəttə, Azərbaycanda Beynəlxalq hüquq və hüquq fakültəsini bitirən insanlar çoxdur. Lakin həm də kifayət qədər yaxşı hüquqşunaslarımız var. Onların bəzisi təhsilini xaricdə alıb və ya davam etdirib, bəziləri isə Azərbaycanda. Elə AUKAA üzvləri arasında çox savadlı hüquqşünaslarımız var. Hər bir halda, zamanla keyfiyyət kəmiyyəti üstələyəcək.
- AUKAA-ya Siz necə gəlmisiniz?
- AUKAA ilə tanışlığım İngiltərədən dönəndən sonraya təsadüf edir. Mən İngiltərədə təhsil almış dostlarımın vasitəsi ilə AUKAA-ya gəldim. O zaman AUKAA-nın aktiv dövrü idi. Söhbət 2009-2010-cu ildən gedir. AUKAA-nın maraqlı bir layihəsi vardı, biz müxtəlif rayonlara gedərək, şagirdlərlə görüşürdük, onlara xaricdə təhsil almaq haqda məlumatlar verirdik, xaricdə təhsil almaq ideasını aşılayırdıq. O zamandan başlayaraq həmişə təşkilatın işlərində aktiv iştirak etməyə çalışmışam. Təşkilata üzv olduqdan iki il sonra isə AUKAA-nın sədri seçilmişəm.
- Sədr olduğunuz bir ildə hansı yadda qalan işlər görülüb və ya layihə həyata keçirmisiniz?
- QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə 2012-ci ildə böyük layihə həyata keçirdik. Lahiyə “Londonun Bukingham sarayının önündə Azərbaycan mətbəxi və mədəniyyətinin nümayişi” adlanırdı. Məqsədimiz Azərbaycan mədəniyyətini, milli rəqslərini təbliğ etmək idi. Layihə müddətində təşkilatımız Londonda fəaliyyət göstərən diaspora üzvləri ilə, xüsusən Kaspian-Xəzri cəmiyyəti ilə yaxından əməkdaşlıq edirdi.
Layihəni Respublika günündə keçirməyi qərara almışdıq. Layihədə yalnız İngiltərədə yaşayan və təhsil alan azərbaycanlılar iştirak edirdi.
Yallı rəqsini öyrətmək üçün Azərbaycandan müəllimlər getmişdi. Tədbir Respublika günündə Böyük Britaniyanın ən böyük və qədim universitetlərindən olan Kral Kollecində baş tutdu və orada yallı rəqsinin əsasında Azərbaycanın müxtəlif xalq rəqs və musiqi nümunələri nümayiş etdirildi. Həmçinin ölkəmiz haqqında geniş məlumat verilərək tədbir iştirakçılarına Yallı rəqsi öyrədildi.
Deyərdim ki, mən tələbəlik dövründən aktiv olmuşam, müxtəlif QHT-lərdə çalışmışam. Avropa Tələbələr Birliyinin həmtəsisçisiyəm. İngiltərədən qayıtdıqdan sonra isə BMT-nin İctimai İnformasiya Departamentində işləmişəm. BMT-nin fəaliyyəti ilə bağlı müxtəlif tədbirlər keçirirdik, məlumatlar və press-relizlər yayırdıq. BMT-dən sonra bir müddət Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzdə (İCNL) işləmişəm. 2012-ci ildən isə “Baker Hughes” şirkətində baş huquqşünas olaraq çalışıram. Bu şirkət neft və qaz sənayəsi sahəsində fəaliyyət göstərən böyük şirkətlərdən biridir.
- Humanitar hüquqdan, kommersiya hüququna maraqlı keçid olub...
- İndi özümü tapdığımı deyə bilərəm. Bu iş hər şeyi ilə məni cəlb edir. Bir sözlə sanki mənim üçün yaranıb.
- Zaur, görünür insan özünü xoşbəxt edəcək işi tapmaq üçün Sizin kimi uzun müddət və müxtəlif yerlərdə işməlidir...
- Razıyam. Fərqli sahələrdə işləmək insana geniş diapazonlu bilgilər verir.
Sizə bir şeyi deyim ki, əslində bizdə təhsil almaqla bağlı belə bir yanlış yanaşma var: sanki hər şey öncədən ciddi şəkildə planlaşdırılıb– bağça, məktəb, sonra baklalavr təhsili, daha sonra magistratura və doktorantura. Elə bil bu ardıcıllığa ara vermədən sona qədər mütləq davam etmək lazımdır.
Düşünürəm ki, bakalavr təhsilinin ardından mütləq magistrarura oxumağa məncə tələsmək lazım deyil. Təcrübədə bunu göstərir. Bakalavr təhsilindən sonra biraz ara verərək bir müddət işləmək və təcrübə qazanmaq lazımdır. Lakin burda da problemlərimiz var. Çünki bir çox işəgötürən bakalavrı bitirmiş təcrübəsiz gəncə iş vermək istəmir. Məncə işəgötürənlər bu gənclərə özünü göstərmək üçün şans verməlidirlər.
İşləyərək təcrübə yığmış gənc daha sonra magistratura təhsili alarkən aldığı təhsillə təcrübəsini qarşılaşdırır və savadını möhkəmlədir. Məsləhətim budur ki, magistratura təhsilinin xeyrini görmək, uğurlu nəticə göstərmək istəyirsinizsə, mütləq bir müddət işlədikdən sonra təhsilinizi davam etdirin.
- Uğur qazanmaq üçün magistratura şərtdirmi?
- Məncə şərt deyil. Şərt keyfiyyətli təhsil almaqdır. İstənilən sahəyə qoyduğunuz investisiyanı itirə bilərsiniz. Təhsil yeganə sahədir ki, qoyduğunuz investisiya və sərf etdiyiniz zaman sizə qazanc olaraq geri qayıdır.
Sədan Bünyadova
Fotoqraf: Nüsrət Abdullayev
www.oxu.az