Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı bəyanat yayıb
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı bəyanat yayıb.
Bəyanatda bildirilir:
Sentyabrın 27-də, saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Allahdan həlak olanlara rəhmət, yaralılara şəfa diləyirik! Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.
Cəbhənin ən gərgin Tərtər-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində yerləşən ön xətt hərbi hissələri, raket və artilleriya bölmələri, cəbhə aviasiyası, zirehli texnika və digər qoşun növlərinin qarşılıqlı fəaliyyəti ilə Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur və döyüş fəaliyyətinin qarşısı alınır. Şanlı ordumuzun uğurlu əməliyyatları nəticəsində işğal altındakı bir sıra strateji yüksəkliklər, kəndlər azad olunub. Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdürrəhmanlı, Cəbrayılın Böyük Mərcanlı, Nüzgər və Aşağı Əbdurrəhmanlı kəndləri işğaldan azad edilib.
Ağdərə rayonu istiqamətində və Murovdağı silsiləsində hündürlüklərində yerləşən düşmən postları darmadağın edilərək, bir sıra hakim yüksəkliklər nəzarətə götürülüb. Ölkənin Tələbə Gənclər Təşkilatlarını və yüzminlərlə gəncini ətrafında birləşdirən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı olaraq, cəbhəboyu baş verən döyüşlərlə bağlı aşağıdakıları bəyan edirik:
1. Ermənistan hökuməti təcavüzkar siyasətini davam etdirərək, işğalçı qüvvələrini Azərbaycanın beynəlxalq tanınmış ərazilərindən çıxarmaq əvəzinə, yeni mövqelər ələ keçirmək, gərginliyi artırmaq məqsədilə təxribatlar törədir. Bu təxribatları Azərbaycanın ərazi bütövlüyünə yeni təhdid kimi qiymətləndirir və sərt şəkildə qınayırıq,
2. Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrini, mülki əhalini qəsdən hədəfə alması beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının kobud surətdə pozulmasıdır.
3. Cəbhədə rəşadətlə müqəddəs torpaqlarımızı müdafiə edən, işğal altında olan torpaqlarımızın azadlığı uğrunda döyüşən ordumuzla fəxr edirik və onlarla həmrəylik ifadə edirik,
4. Ölkəmizə qarşı 30 ilə yaxındır davam edən işğalın dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə sosial şəbəkələrdə fəal olmağa və #StopArmenianAggression #KarabakhisAzerbaijan həştəqləri ilə paylaşımlar etməyə dəvət edirik.
5. Bu həssas məqamda xalqımızı yalnız rəsmi mənbələrə istinad etməyə və hərbi məlumatlar, foto və videoları sosial şəbəkələrdə paylaşmamağa çağırırıq. Gənclərimiz daima dövlətimizin yanında sıx olduğunu bir daha nümayiş etdirməyə hazırdır və cənab Ali Baş komandanın əmrinə müştaqdır. Tanrı şanlı ordumuzu qorusun!
"Ağdam" teqi üzrə xəbərlər
- Ermənilərin xeyli silah-sursat topladığı ərazidən YENİ GÖRÜNTÜLƏR
- Ağdamda 94 yaşlı kişini avtomobil vurub
- "Qafqazın Hirosiması" adlandırılan Ağdam: Ermənilərin viran qoyduğu şəhər
- Ombudsmanların Beynəlxalq Bakı Forumu iştirakçılarının azad olunmuş ərazilərə səfəri başlayıb
- Ağdam şəhərinə ilk köç gələn ilin payızında planlaşdırılır
Rəylər