Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycan 10-dan çox ölkəyə silah satır
Müdafiə Sənayesi Nazirliyində 2018-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.
Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, kollegiyaya sədrliyi nazir Yavər Camalov edib.
Kollegiya üzvləri Yavər Camalovu yenidən Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin olunması münasibətilə təbrik ediblər. Yavər Camalov öz növbəsində ona göstərilən böyük etimada görə prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Kollegiyada Müdafiə Sənayesi Nazirliyinin birlik və müəssisələrinin hesabat dövrü üzrə istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər müzakirə edilib.
Bildirilib ki, hesabat dövründə nazirliyin müəssisələrində 2018-ci il üçün nəzərdə tutulan tədbirlərin icrası davam etdirilib, respublikanın güc strukturlarının sifarişləri əsasında bağlanmış müqavilələr üzrə müxtəlif adda müdafiə təyinatlı məmulatlar istehsal olunaraq sifarişçilərə təhvil verilib.
Hesabat dövründə istehsal olunan məhsulun 89 faizini müdafiə və xüsusi təyinatlı, 11 faizini isə mülki təyinatlı məmulatlar təşkil edir. İstehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşid sayı 1200-ə çatdırılıb.
İstehsal olunan məmulatlardan döyüş sursatları, müasir atıcı silahlar və artilleriya silahları, pilotsuz uçuş aparatları, zirehli texnikalar və digər müdafiə təyinatlı məmulatlar 10-dan çox ölkəyə ixrac olunur. İxrac olunan məhsulun həcmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb.
Cari ildə nazirliyin müəssisələrində Müdafiə Sifarişi Proqramına müvafiq olaraq 118 mövzunu əhatə edən 127 adda məmulat üzrə təcrübi-konstruktor işlərinin aparılması nəzərdə tutulur. Aparılacaq işlər 181 mərhələni əhatə edəcək.
Yaradılması nəzərdə tutlan məmulatlardan xüsusi təyinatlı hücum pulemyotunu, müxtəlif millimetrlik avtomat silahları, iri çaplı pulemyotlar və avtomatik toplar üçün lülələri, avtomatik qumbaraatan kompleksini, lüləaltı qumbaraatanını və snayper tüfəngləri üçün optik nişangahları göstərmək olar.
Hesabat dövründə yeni müdafiə təyinatlı məmulatların yaradılması üzrə nazirliyin Elmi-Tədqiqat İnstitutu (ETİ) və Milli Aerokosmik Agentliyi (MAKA) tərəfindən dövlət sifarişi xəttilə elmi-tədqiqat və təcrübi-konstruktor işləri uğurla davam etdirilib.
2018-ci ilin birinci rübündə nazirliyin qarşısında qoyulan tapşırıqların vaxtında təmin edilməsi üçün dünyanın inkişaf etmiş dövlətlərinin hərbi sənaye kompleksinə daxil olan şirkət və qurumlarla hərbi-texniki sahədə əməkdaşlıq davam etdirilib.
2009-cu ildən beynəlxalq sərgilərə qatılan Müdafiə Sənayesi Nazirliyi cari ilin iyununda Fransada keçiriləcək beynəlxalaq müdafiə və təhlükəsizlik sərgisində - “EUROSATORY-2018”-də iştirak edəcək.
“EUROSATORY-2018” sərgisinə ilk dəfə qatılan Müdafiə Sənayesi Nazirliyi bu sərgidə 268 adda məmulat nümayiş etdirəcək. Sərgidə bir neçə adda yeni növ müdafiə təyinatlı məmulatın nümayişi nəzərdə tutulur.
Kollegiyada cari ilin sentyabrında Bakıda keçiriləcək “ADEX-2018” beynəlxalq müdafiə sərgisi ilə bağlı aparılan işlərdən də danışılıb. Bildirilib ki, 2014-cü və 2016-cı illərdə “ADEX” adı altında Azərbaycanda keçirilən beynəlxalq müdafiə sərgilərinin təşkilatçısı və iştirakçısı olan Müdafiə Sənayesi Nazirliyi tərəfindən üçüncü Azərbaycan beynəlxalq müdafiə sərgisinin (ADEX-2018) yüksək səviyyədə təşkili istiqamətində müvafiq işlər aparılır.
Bununla bağlı xarici ölkələrin müvafiq qurumları ilə danışıqlar aparılır və təşkilati işlər həyata keçirilir. Eyni zamanda, “ADEX-2018” sərgsində Azərbaycan istehsalı olan yeni müdafiə təyinatlı məmulatların nümayiş etdirilməsi üçün nazirliyin müəssələrində müvafiq işlər görülür.
İclasda nazirliyin birlik və müəssisələrinin rəhbərlərinin hesabatları dinlənilib və müəssisələrin fəaliyyətləri müzakirə edilib.
Nazir hesabat dövründə tabeli birlik və müəssisələr tərəfindən görülmüş işləri müsbət qiymətləndirdiyini bildirib.
Yavər Camalov Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında prezident İlham Əliyevin verdiyi tapşırıqları bir daha iclas iştirakçılarına xatırladıb.
Nazir respulikanın müdafiə sənayesinin inkişafı istiqamətində qarşıya qoyulan tapşırıqların icrası ilə əlaqədar struktur bölmə, birlik və müəssisələrin rəhbərlərinə xüsusi göstərişlər verib.