Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İlham Əliyev: Azərbaycan heç vaxt işğalla barışmayacaq
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır. Azərbaycan heç vaxt işğalla barışmayacaq, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bunu tarixi ədalət və beynəlxalq hüquq tələb edir.
Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev VI Bakı Beynəlxalq Humanitar Forumunun açılışında çıxışı zamanı deyib.
O qeyd edib ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal altındadır, xalqımıza qarşı Ermənistan tərəfindən etnik təmizləmə siyasəti aparılıb, bir milyondan çox azərbaycanlı öz doğma torpağında köçkün vəziyyətinə düşüb:
“Bütün aparıcı beynəlxalq təşkilatlar bu münaqişə ilə bağlı qərar və qətnamələr qəbul etmişlər, o cümlədən BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir. Bu qətnamələrdə açıq-aydın göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələrin qəbul olunmasından 25 il keçir. Ermənistan bu qətnamələri icra etmir və əfsuslar olsun, hələ də beynəlxalq mexanizm işlənilməyib ki, təcavüzkarı beynəlxalq aparıcı qurum tərəfindən qəbul edilmiş qətnamələrin icrasına məcbur etsin.
BMT-nin Baş Assambleyası oxşar qətnamə qəbul edib, digər beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti və digər təşkilatların qəbul etdikləri qərar və qətnamələrdə Azərbaycanın ərazi bütövlüyünə dəstək göstərilir və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi tələb olunur. Münaqişənin həlli üçün yeganə yol məhz budur, ölkəmizin beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü bərpa edilməlidir, işğalçı qüvvələr torpaqlarımızdan dərhal, qeyd-şərtsiz çıxarılmalıdır, - necə ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrində göstərilir, - və Azərbaycan vətəndaşları öz doğma, tarixi, əzəli torpaqlarına qayıtmalıdırlar”.
Dövlət başçısı qeyd edib ki, Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır, Azərbaycanın ayrılmaz hissəsidir:
“Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb, qurub. Bizim tarixi abidələrimiz, şəhərlərin, kəndlərin toponimləri bu torpaqların Azərbaycan xalqına məxsus olduğunu sübut edir. Əfsuslar olsun ki, təcavüzkar dövlət işğal edilmiş torpaqlarda bizim tarixi, dini abidələrimizi də dağıdıb, məhv edib. İşğal edilmiş torpaqlarımıza iki dəfə ezam olunmuş ATƏT-in faktaraşdırıcı və müşahidə missiyası öz məruzələrində bu barədə məlumat verib. Bizim məscidlərimiz, qəbirlərimiz dağıdılıb, muzeylərimiz talan edilib və işğal olunmuş torpaqlarda mədəni soyqırımı törədilib.
1992-ci ildə isə ermənilər Xocalı soyqırımını törədiblər. Bu dəhşətli hərbi cinayət nəticəsində 600-dən çox günahsız dinc insan, onların arasında 60-dan çox uşaq vəhşicəsinə qətlə yetirilib. Xocalı faciəsi dünyanın 10-dan çox ölkəsi tərəfindən rəsmi olaraq soyqırımı kimi tanınıb. Bu soyqırımı zamanı mindən çox insan itkin düşüb və onların taleyi haqqında heç bir məlumat yoxdur.
Bu humanitar fəlakətə baxmayaraq, hesab edirəm ki, müstəqillik dövründə Azərbaycan çox uğurlu inkişafa nail ola bilibdir. Ölkəmizdə sabitlik, təhlükəsizlik hökm sürür. Sabitliyin mənbəyi Azərbaycan xalqının iradəsidir. Bu gün Azərbaycanda yaşanan vətəndaş həmrəyliyi ölkəmizin uğurlu inkişafı üçün əsas şərtdir. Ölkəmiz beynəlxalq müstəvidə böyük hörmət qazanıb və bizimlə əməkdaşlıq edən ölkələrin sayı gündən-günə artır. Düz 7 il bundan əvvəl - 2011-ci il oktyabrın sonlarında Azərbaycan ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Bu, bizim böyük siyasi və diplomatik uğurumuzdur, qələbəmizdir. Ən önəmlisi odur ki, 155 ölkə Azərbaycanın namizədliyini dəstəkləmişdir. Yəni, bu, onu göstərir ki, dünya birliyinin mütləq əksəriyyəti Azərbaycanı dəstəkləyir, Azərbaycanda görülən işlərə yüksək qiymət verir, Azərbaycanı etibarlı tərəfdaş və dost ölkə kimi tanıyır”.