Oktyabrın 25-də Heydər Əliyev Mərkəzində VI Bakı Beynəlxalq Humanitar Forumu işə başlayıb.
Oxu.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Forumun rəsmi açılış mərasimində iştirak ediblər.
“Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusunda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumunun açılışında dövlətimizin başçısı nitq söyləyib:
“Hörmətli xanımlar və cənablar. Hörmətli qonaqlar.
Bu gün VI Bakı Beynəlxalq Humanitar Forumu öz işinə başlayır. Forumun bütün iştirakçılarını səmimiyyətlə salamlayıram, xaricdən gələn qonaqlara “Xoş gəlmisiniz!” deyirəm. Builki forumda 90-dan artıq ölkədən 400-dən çox xarici qonaq iştirak edir. Bu, özlüyündə bir göstəricidir, onu göstərir ki, dünyada Foruma çox böyük maraq var. Bakı Beynəlxalq Humanitar Forumu qısa müddət ərzində dünyada çox önəmli beynəlxalq tədbirə çevrilmişdir. Əminəm ki, Forumda müzakirə ediləcək məsələlər gələcək humanitar əməkdaşlıq üçün çox önəmli olacaq, xaricdən gələn qonaqlar Forumun işinə çox böyük töhfə verəcəklər.
Humanitar məsələlərin müzakirəsi çox önəmlidir. Çünki biz müasir dünyada bu sahədə həm nailiyyətləri, həm də problemləri görürük. Azərbaycan bu sahəyə çox böyük önəm verən ölkələrdən biridir. Ölkəmizdə humanitar əməkdaşlığa dair bir çox mötəbər beynəlxalq tədbirlər keçirilmişdir. Onların arasında BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunu xüsusilə qeyd etmək istərdim. Bu, çox önəmli beynəlxalq tədbirdir. Eyni zamanda, Bakıda dünya dinləri liderlərinin Zirvə görüşü keçirilmişdir. Dörd dəfə Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Altıncı dəfə Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi onu göstərir ki, doğrudan da Azərbaycan beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi üçün çox önəmli ölkəyə çevrilmişdir.
Bu il biz “Bakı Prosesi”nin 10 illiyini qeyd edirik. “Bakı Prosesi” beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir, o cümlədən BMT bu prosesə çox yüksək qiymət verir. Bizim təşəbbüsümüzlə 10 il bundan əvvəl Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin Bakıda keçirilən toplantısına biz İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini də dəvət etdik. Beləliklə, ilk dəfə olaraq 100-dən çox ölkənin nümayəndələri - müsəlman aləmini və Avropanı təmsil edən vəzifəli şəxslər bir araya gələrək humanitar məsələləri, mədəniyyət əlaqələrini, dinlərarası münasibətləri müzakirə etmişlər. Ondan bir il sonra bu format təkrarlandı, Bakıda İslam Əməkdaşlıq Təşkilatının xətti ilə keçirilmiş tədbirə biz Avropa nümayəndələrini dəvət etdik.
Azərbaycan həm İslam Əməkdaşlıq Təşkilatına, həm Avropa Şurasına üzv dövlətdir. Əlbəttə ki, biz bu imkanlardan istifadə edib çalışırdıq və çalışırıq ki, sivilizasiyalararası dialoqa öz töhfəmizi verək. Qeyd etdiyim kimi, “Bakı Prosesi” artıq beynəlxalq müstəvidə çox önəmli bir təşəbbüs kimi qiymətləndirilir. Bu təşəbbüs nəticəsində müxtəlif görüşlər, tədbirlər keçirilmişdir ki, bütün bunların bir məqsədi var - sivilizasiyalarası, dinlərarası dialoq dərinləşsin, güclənsin, dünyada risklər azalsın, ayrı-seçkilik, ksenofobiya hallarına düzgün qiymət verilsin və bu təhlükəli meyillərin qarşısı alınsın. Eyni zamanda, Azərbaycanda keçirilmiş mötəbər idman yarışları da idman yarışları olsalar da, eyni zamanda, humanitar əməkdaşlığın dərinləşməsinə xidmət göstərir. Mən xüsusilə birinci Avropa Oyunlarını və İslam Həmrəylik Oyunlarını qeyd etmək istərdim. Hesab edirəm, o da çox rəmzi məna daşıyır ki, ilk Avropa Oyunları bizim təşəbbüsümüzlə Azərbaycanda keçirilmişdir.
Hesab edirəm, bu, çox əlamətdar hadisə, əlamətdar qərardır ki, ilk Avropanın Oyunları müsəlman ölkəsində keçirilmişdir. Ondan iki il sonra - 2017-ci ildə Bakıda dördüncü İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Yenə də qeyd etmək istəyirəm, bunlar idman yarışlarıdır və bu iki oyunda on minə yaxın idmançı iştirak edib. Amma, eyni zamanda, biz bu oyunlara humanitar əməkdaşlıq prizmasından yanaşırıq, baxırıq və doğrudan da oyunlar zamanı Bakıda və digər bölgələrdə yaşanan gözəl ab-hava, gözəl həmrəylik iqlimi hesab edirəm ki, ümumi işimizə növbəti töhfə olmuşdur. Biz bu sahədə öz fəaliyyətimizi davam etdirəcəyik. Xüsusilə indiki şəraitdə ki, yenə də qeyd etmək istəyirəm, həm müsəlman aləmində, həm Avropada multikulturalizmlə, İslam həmrəyliyi ilə bağlı gedən proseslər müəyyən mənada narahatlıq doğurur. Ona görə Bakı Beynəlxalq Humanitar Forumunun ənənəvi olaraq keçirilməsi və bu Foruma dünya birliyi tərəfindən yüksək qiymət verilməsi və diqqət yetirilməsi göstərir ki, belə tədbirlərə dünyada çox böyük ehtiyac var.
Əsrlər boyu müxtəlif dinlərin, xalqların nümayəndələri Azərbaycanda bir ailə kimi sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşamışlar və bu siyasət bu gün də davam etdirilir. Azərbaycanda bu istiqamətdə dövlət siyasəti çox səmərəlidir və gözəl nəticələrə gətirib çıxarır. Bizim tarixi keçmişimiz, mədəniyyətimiz onu göstərir ki, müxtəlif dinlərin nümayəndələri Azərbaycanda həmişə çox rahat yaşayıblar, bir ailə kimi yaşayıblar. Bizim tarixi, dini abidələrimiz həm qədim tariximizi göstərir, eyni zamanda, göstərir ki, Azərbaycan müxtəlif dinlərin nümayəndələri üçün doğma diyar, doğma məkan olmuşdur. Biz fəxr edirik ki, müsəlman aləminin ən qədim məscidlərindən biri olan, 743-cü ildə tikilmiş və bizim Şamaxı şəhərində yerləşən məscid milli sərvətimizdir. Eyni zamanda, digər qədim şəhərimizin - Şəki şəhərinin yaxınlığında Qafqazın ən qədim kilsələrindən biri - Qafqaz Albaniyası kilsəsi yerləşir. Hər iki məbəd əsaslı şəkildə təmir və bərpa edilib, dövlət tərəfindən qorunur. Bakıda qədim atəşpərəstlik məbədi Atəşgah yerləşir. Bu da onu göstərir ki, Azərbaycanda Zərdüştlük dininin ənənələri vardır.
Ənənəvi dinlərin məbədlərinin - katolik, pravoslav kilsələrinin, sinaqoqların bərpası və tikintisi Azərbaycanda reallıqdır. Bu reallıq ölkəmizdə çox gözəl ictimai iqlim yaradır. Azərbaycanda multikulturalizm dövlət siyasətidir. Biz öz milli, dini ənənələrimizə çox bağlıyıq, sadiqik və milli dəyərlər gələcək inkişafımız üçün xüsusi rol oynayır. Deyə bilərəm ki, müasir Azərbaycan dövləti çox dərin milli dəyərlər, milli-mənəvi dəyərlər üzərində qurulubdur. Eyni zamanda, biz dünyaya açığıq. Qeyd etdiyim kimi, Azərbaycan dünyada multikulturalizmin ünvanlarından birinə çevrilibdir və bu şərəfli status artıq dünya birliyi tərəfindən tanınır. Təsadüfi deyil ki, biz mənim Sərəncamımla 2016-cı ili Azərbaycanda “Multikulturalizm İli” elan etdik.
Hesab edirəm ki, dünyada ilk dəfə olaraq belə bir təşəbbüs irəli sürülmüşdür. Bu, bizim niyyətimizi göstərmişdir, 2016-cı ilə multikulturalizm adını verməklə, ilk növbədə, biz dünyada Azərbaycanı olduğu kimi təqdim etmək istədik. Göstərmək istədik ki, multikulturalizm Azərbaycanda həm dövlət siyasətidir, həm həyat tərzidir, eyni zamanda, biz dünya birliyinin diqqətini bu məsələyə cəlb etməyə çalışdıq. Çünki siz də yaxşı bilirsiniz ki, bu gün həm siyasətçilər, ictimai xadimlər, həm də media tərəfindən multikulturalizmlə bağlı çox ziddiyyətli fikirlər səsləndirilir. Ona görə hesab edirəm ki, bu məsələ ilə bağlı vahid yanaşma olmalıdır və burada heç bir ziddiyyətli fikrə yer ola bilməz. Hesab edirəm ki, Azərbaycanın bu sahədəki təcrübəsi həm təqdirəlayiqdir, həm də gözəl nümunə ola bilər.
Biz multikulturalizmin bəhrəsini gündəlik həyatda görürük. Bu gün Azərbaycanda yaşanan sabitlik, vətəndaş həmrəyliyi, milli həmrəylik, o cümlədən bu dəyərlərə əsaslanır. Biz çalışdıq ki, 2016-cı ildə diqqəti bu önəmli məsələyə cəlb edək. Xüsusilə nəzərə alsaq ki, bu gün, bir daha qeyd etmək istəyirəm, multikulturalizmlə bağlı müxtəlif fikirlər səsləndirilir. Hesab edirəm ki, Forumda bu məsələ çox geniş müzakirə olunacaqdır.
2017-ci ili isə biz “İslam Həmrəyliyi İli” elan etdik. Yenə də ona görə ki, Azərbaycanda İslam həmrəyliyi tam bərqərar olub. Onu da bildirməliyəm ki, Azərbaycan müsəlmanları vəhdət namazı qılırlar. Hesab edirəm ki, Azərbaycan bu sahədə müsəlman aləmində çox önəmli rol oynayır. Eyni zamanda, biz müsəlman aləminin diqqətini də bu sahəyə cəlb etməyə çalışdıq. Çünki əfsuslar olsun ki, biz müsəlman aləmində həmrəyliklə bağlı istədiyimizə nail ola bilməmişik.
Qarşıdurmalar, müharibələr, anlaşılmazlıq, toqquşmalar və digər təhlükəli meyillər ölkələr üçün böyük problemə, faciəyə çevrilir, milyonlarla insan həlak olur, evsiz-eşiksiz qalır, qaçqın, köçkün vəziyyətinə düşür. Əlbəttə, biz çalışmalıyıq ki, bu sahədə də öz təkliflərimizi verək, öz nümunəmizi göstərək ki, əgər İslam həmrəyliyi və multikulturalizm anlayışları vəhdət təşkil edərsə və dövlət siyasəti düzgün aparılarsa, bu, xalq tərəfindən də qəbul edilərsə, onda ölkələrdə problem olmayacaq. Müasir Azərbaycan bunun əyani, bariz sübutudur. Təsadüfi deyil ki, biz humanitar əməkdaşlıqla, multikulturalizmlə bağlı bir çox tədbirlərə ev sahibliyi edirik.
Qeyd etdiyim kimi, biz humanitar əməkdaşlığa çox böyük əhəmiyyət veririk. Bu məsələlər dost ölkələrlə həm ikitərəfli formatda, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində daim gündəlikdədir. Ancaq biz özümüz böyük humanitar fəlakətlə üzləşmişik. Bir həftə bundan əvvəl – oktyabrın 18-də biz Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümünü qeyd etmişik. Cəmi 27 ildir ki, Azərbaycan müstəqil dövlət kimi yaşayır və müstəqilliymizin ilk günləri, ilk illəri çox ağır və faciəvi idi. Həm siyasi böhran, daxili çəkişmələr, vətəndaş müharibəsi, iqtisadi tənəzzül, kütləvi itaətsizlik, eyni zamanda, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti böyük fəlakətə, bəlalara gətirib çıxardı. Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal altındadır, xalqımıza qarşı Ermənistan tərəfindən etnik təmizləmə siyasəti aparılmışdır, 1 milyondan çox azərbaycanlı öz doğma torpağında köçkün vəziyyətinə düşmüşdür.
Bütün aparıcı beynəlxalq təşkilatlar bu münaqişə ilə bağlı qərar və qətnamələr qəbul etmişlər, o cümlədən BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir. Bu qətnamələrdə açıq-aydın göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələrin qəbul olunmasından 25 il keçir. Ermənistan bu qətnamələri icra etmir və əfsuslar olsun, hələ də beynəlxalq mexanizm işlənilməyib ki, təcavüzkarı beynəlxalq aparıcı qurum tərəfindən qəbul edilmiş qətnamələrin icrasına məcbur etsin.
BMT-nin Baş Assambleyası oxşar qətnamə qəbul edib, digər beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti və digər təşkilatların qəbul etdikləri qərar və qətnamələrdə Azərbaycanın ərazi bütövlüyünə dəstək göstərilir və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi tələb olunur. Münaqişənin həlli üçün yeganə yol məhz budur, ölkəmizin beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü bərpa edilməlidir, işğalçı qüvvələr torpaqlarımızdan dərhal, qeyd-şərtsiz çıxarılmalıdır, - necə ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrində göstərilir, - və Azərbaycan vətəndaşları öz doğma, tarixi, əzəli torpaqlarına qayıtmalıdırlar.
Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır, Azərbaycanın ayrılmaz hissəsidir. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb, qurub. Bizim tarixi abidələrimiz, şəhərlərin, kəndlərin toponimləri bu torpaqların Azərbaycan xalqına məxsus olduğunu sübut edir. Əfsuslar olsun ki, təcavüzkar dövlət işğal edilmiş torpaqlarda bizim tarixi, dini abidələrimizi də dağıdıb, məhv edib. İşğal edilmiş torpaqlarımıza iki dəfə ezam olunmuş ATƏT-in faktaraşdırıcı və müşahidə missiyası öz məruzələrində bu barədə məlumat verib. Bizim məscidlərimiz, qəbirlərimiz dağıdılıb, muzeylərimiz talan edilib və işğal olunmuş torpaqlarda mədəni soyqırımı törədilib.
1992-ci ildə isə ermənilər Xocalı soyqırımını törədiblər. Bu dəhşətli hərbi cinayət nəticəsində 600-dən çox günahsız dinc insan, onların arasında 60-dan çox uşaq vəhşicəsinə qətlə yetirilib. Xocalı faciəsi dünyanın 10-dan çox ölkəsi tərəfindən rəsmi olaraq soyqırımı kimi tanınıb. Bu soyqırımı zamanı mindən çox insan itkin düşüb və onların taleyi haqqında heç bir məlumat yoxdur.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır. Azərbaycan heç vaxt işğalla barışmayacaq, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bunu tarixi ədalət və beynəlxalq hüquq tələb edir.
Bu humanitar fəlakətə baxmayaraq, hesab edirəm ki, müstəqillik dövründə Azərbaycan çox uğurlu inkişafa nail ola bilibdir. Ölkəmizdə sabitlik, təhlükəsizlik hökm sürür. Sabitliyin mənbəyi Azərbaycan xalqının iradəsidir. Bu gün Azərbaycanda yaşanan vətəndaş həmrəyliyi ölkəmizin uğurlu inkişafı üçün əsas şərtdir.
Ölkəmiz beynəlxalq müstəvidə böyük hörmət qazanıb və bizimlə əməkdaşlıq edən ölkələrin sayı gündən-günə artır. Düz 7 il bundan əvvəl - 2011-ci il oktyabrın sonlarında Azərbaycan ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Bu, bizim böyük siyasi və diplomatik uğurumuzdur, qələbəmizdir. Ən önəmlisi odur ki, 155 ölkə Azərbaycanın namizədliyini dəstəkləmişdir. Yəni, bu, onu göstərir ki, dünya birliyinin mütləq əksəriyyəti Azərbaycanı dəstəkləyir, Azərbaycanda görülən işlərə yüksək qiymət verir, Azərbaycanı etibarlı tərəfdaş və dost ölkə kimi tanıyır.
Hesab edirəm ki, xarici siyasətlə bağlı apardığımız işlər gözəl nəticələrə gətirib çıxarır. İlk növbədə, biz qonşu ölkələrlə çox səmimi, mehriban qonşuluq, dostluq münasibətləri qura bilmişik. Hər bir ölkə üçün onun qonşuları ilə münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, qonşu dövlətlərlə, - təbii ki, Ermənistan istisna olmaqla, - bizim münasibətlərimiz çox yüksək səviyyədədir, həm siyasi, iqtisadi, bütün başqa sahələrdə, o cümlədən humanitar əməkdaşlıq sahəsində.
Azərbaycanda bütün fundamental azadlıqlar təmin edilibdir, o cümlədən söz azadlığı, sərbəst toplaşma azadlığı, mətbuat azadlığı, vicdan azadlığı. Azərbaycan əhalisinin 80 faizdən çoxu internet istifadəçisidir və ölkəmizdə azad internet fəaliyyət göstərir. Beləliklə, siyasi islahatların dərinləşməsi ölkəmizdə iqtisadi islahatlara daha da böyük təkan verir. Çünki sabitliyin mövcud olması ölkəmizə böyük həcmdə xarici sərmayənin gətirilməsinə də gözəl şərait yaradıb. Adambaşına düşən sərmayələrin həcminə görə Azərbaycan dünya miqyasında aparıcı yerlərdədir. Qeyd etməliyəm ki, ölkə iqtisadiyyatına 250 milyard dollardan çox sərmayə qoyulubdur ki, bu sərmayənin yarısı xaricdən gələn vəsaitdir.
Azərbaycan son 15 il ərzində iqtisadi sahədə ən sürətli inkişaf templərini nümayiş etdirib. Mən hesab edirəm ki, bu, rekord göstəricidir. Çünki son 15 il ərzində ümumi daxili məhsul 3,2 dəfə artıb və beləliklə, Azərbaycan çox böyük inkişaf yolunu keçib. Biz iqtisadi sahədə tam müstəqillik əldə etmişik. İqtisadi müstəqillik əlbəttə ki, siyasi müstəqilliyimizi möhkəmləndirir. Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır, xarici kreditlərdən asılı iqtisadiyyat deyil. Biz nəinki kreditlərin alınmasını demək olar ki, dayandırmışıq, özümüz bəzi ölkələrə kreditlərin verilməsinə başlamışıq.
Makroiqtisadi sabitlik Azərbaycanda çox yüksək səviyyədədir. Deməliyəm ki, bizim xarici borcumuz ümumi daxili məhsulun cəmi 20 faizini təşkil edir. Bununla belə, bizim maliyyə ehtiyatlarımız xarici borcumuzdan 4-5 dəfə çoxdur. Yəni, istədiyimiz halda biz xarici borcumuzu bir neçə ay ərzində sıfır səviyyəsinə endirə bilərik. Ona görə iqtisadi sahədə aparılan köklü islahatlar əlbəttə ki, sosial sahəyə də müsbət təsir göstərib. Əgər biz sosial sahənin önəmli istiqamətlərinə nəzər yetirsək görərik ki, Azərbaycanda yoxsulluq şəraitində yaşayan insanların sayı son 15 il ərzində 49 faizdən 5,4 faizə düşübdür. İşsizlik bir sosial problem kimi demək olar ki, aradan götürülür, işsizlik 5 faiz səviyyəsindədir. Nəzərə almalıyıq ki, bu illər ərzində ölkə əhalisi də artır və əhali hər il ən azı 100 min nəfər artır. Ona görə bizim iqtisadi inkişafımız və o cümlədən sosial infrastrukturun yaradılması daimi proses olmalıdır. Biz bu sahədə də çox böyük işlər görmüşük.
Forumda müzakirə olunacaq məsələlərdən biri də təhsillə bağlıdır. Deyə bilərəm ki, təhsilin inkişafı və təhsildə müasir metodların tətbiq edilməsi prioritet məsələlərdən biridir. Təhsil sisteminin maddi-texniki bazası möhkəmlənir. Son 15 il ərzində 3000-dən çox məktəb tikilib və təmir edilib. Deməliyəm ki, Azərbaycanda cəmi 4500-dən bir qədər çox məktəb var, onların əksər hissəsi ən yüksək standartlar səviyyəsində qurulub. Eyni zamanda, müəllim peşəsinə maraq da çox böyük dərəcədə artır. Aparılan islahatlar, o cümlədən maaşların əhəmiyyətli dərəcədə artırılması, məktəblərin təmiri və digər stimullaşdırıcı addımlar nəticəsində müəllim olmaq istəyənlərin sayı dəfələrlə artıb və bu il biz bunu əyani şəkildə görmüşük. Test imtahanlarında yüksək ballar toplayan abituriyentlər arasında müəllim olmaq istəyənlərin sayı bir neçə dəfə artıbdır. Yəni, bu, onu göstərir ki, humanitar sahənin əsas hissələrindən biri olan təhsil sahəsinə çox böyük diqqət göstərilir və gözəl nəticələr vardır.
Ölkəmizin hər bir yerində müasir tibb mərkəzləri yaradılıbdır. Son 15 il ərzində 650-dən çox tibb müəssisəsi yenidən qurulub, əsaslı təmir edilib və tikilib. Hər il 5 milyondan çox insan dövlət hesabına pulsuz tibbi müayinədən keçir. Yəni, bunlar humanitar sahənin çox önəmli hissələridir və bundan sonra da bu istiqamətlər üzrə ardıcıl siyasət aparılacaq.
Mən idman yarışlarını qeyd etdim. Amma onu da bildirməliyəm ki, idman sahəsində də böyük uğurlar əldə edilib. İdmanın maddi-texniki bazası qurulub. Təkcə Bakıda deyil, Azərbaycanın digər şəhərlərində 45 müasir Olimpiya İdman Mərkəzi yaradılıb. Son Olimpiya Oyunlarında - Rio-de-Janeyroda keçirilmiş Olimpiadada medalların sayına görə Azərbaycan dünya miqyasında 14-cü yerə layiq görülüb.
Biz ardıcıl siyasət aparmaqla həm iqtisadi islahatları dərinləşdiririk, həm də sosial sahədə lazım olan addımları atırıq. Ölkəmizdə yüksək texnologiyalara çox böyük diqqət göstərilir, bu yaxınlarda üçüncü peykimiz orbitə buraxıldı. Azərbaycan artıq neçə ildir ki, dünyanın məhdud sayda olan kosmik klubunun üzvüdür və 3 peykimiz var. Əlbəttə ki, bu, həm texnoloji inkişafdır, həm təhsildir, həm də biznes imkanlarını yaradır. Biz bu gün peyk xidmətlərini ixrac etməklə ölkəmizdə ixracı da şaxələndiririk.
“ASAN xidmət” mərkəzlərinin yaradılması sosial və humanitar sahədə çox önəmli təşəbbüsdür. Əgər qonaqlarda imkan olarsa, onlar Bakı şəhərində fəaliyyət göstərən beş mərkəzdən birinə baş çəkə bilərlər. Görə bilərlər ki, doğrudan da Azərbaycan texnologiyaları əsasında, sırf Azərbaycanın intellektual məhsulu olan “ASAN xidmət” necə fəaliyyət göstərir. Bu il bu mərkəzlərin sayı 15-ə çatdırılacaq, beşi Bakıda, 10-u bölgələrdə. Bu mərkəzlərdə bir binada 300-dən çox xidmət göstərilir və vətəndaşların “ASAN xidmət”i bəyənmə əmsalı 100 faizə yaxındır. Bu, ictimai xidmətlər sahəsində bir inqilab olmuşdur. İctimai xidmətlər sahəsinə xas olan bürokratiya, süründürməçilik, korrupsiya, rüşvətxorluq hallarına tamamilə son qoyulubdur. Bir neçə il ərzində “ASAN xidmət” mərkəzlərinə 24 milyondan çox müraciət olmuşdur və onların mütləq əksəriyyəti təmin edilmişdir.
Mən Azərbaycan haqqında çox danışa bilərəm, - çünki qonaqların bir hissəsi ilk dəfədir ki, ölkəmizə gəlib, - sadəcə olaraq, çıxışımın yekununda bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Bu məsələ həm humanitar əməkdaşlığı dərinləşdirir, həm də qarşılıqlı maraqları təmin edir. Hesab edirəm ki, humanitar əməkdaşlıq deyəndə biz mütləq bunun gözəl nəticələrini görməliyik və bilməliyik ki, bu, nəyə gətirib çıxaracaqdır.
Sonuncu mövzu nəqliyyat siyasətimizlə bağlıdır. Azərbaycanın coğrafi vəziyyəti əlverişlidir, ancaq müasir infrastruktur olmadan bu coğrafi vəziyyətin heç bir əhəmiyyəti yoxdur. Digər tərəfdən, Azərbaycanın açıq dənizlərə, okeanlara çıxışı yoxdur. Ona görə bizim bütün nəqliyyat, enerji, kommunikasiya xətlərimiz başqa ölkələrin ərazisindən keçməlidir. Əlbəttə, qeyd etdiyim kimi, buna nail olmaq üçün mütləq, ilk növbədə, qonşu dövlətlərlə və daha böyük coğrafiyanı əhatə edən ölkələrlə çox sıx dostluq münasibətləri olmalıdır və bunlar da var. Biz bir neçə il bundan əvvəl nəqliyyat sahəsində qarşıya vəzifə qoymuşduq ki, Azərbaycan nəinki bu bölgədə, dünya miqyasında güclü nəqliyyat mərkəzinə çevrilsin.
Bu məqsədə doğru ardıcıl olaraq getməyə başlanmışdır və bu gün tam əminliklə deyə bilərəm ki, biz buna nail ola bilmişik. Ölkəmizdə çox müasir nəqliyyat infrastrukturu yaradılıb, 6 beynəlxalq hava limanı, Azərbaycanı bütün qonşu ölkələrlə bağlayan və ölkəmizin əsas hissəsini əhatə edən dəmir yolları, son 15 ildə salınmış 15 min kilometrdən çox avtomobil yolları, Xəzər hövzəsində 200–dən çox gəmisi olan ən böyük ticarət donanması. Yəni, bütün bunlar böyük vəsait tələb edən layihələrdir və onlar həll olunub. Nəhayət, Xəzər dənizinin önəmli, yeni ticarət limanının bu il istifadəyə verilməsi bu işləri tamamlayıb. Bu gün Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir. Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyəti daha da genişlənib.
Keçən illə müqayisədə bu il bu dəhliz vasitəsilə 100 dəfədən çox həcmdə yük daşınıbdır. Bu, hələ başlanğıcdır. Bu gün bu önəmli iki istiqamətə digər istiqamətlərdən qoşulma halları müşahidə olunur. Biz bu gün artıq Cənub-Qərb nəqliyyat dəhlizini təmin edirik və Şərq-Qərb nəqliyyat dəhlizi də Azərbaycan ərazisindən keçir. Bütün bu nəqliyyat, infrastruktur layihələrində iştirak edən yeganə ölkə Azərbaycandır. Bu nəqliyyat bağlılığı, eyni zamanda, mehriban qonşuluğa da gözəl şərait yaradır. Heç bir ölkə, əgər qonşularla yaxşı münasibətləri yoxdursa, heç vaxt etibarlı tranzit məntəqəsinə çevrilə bilməz. Ona görə, bizim enerji, nəqliyyat, infrastruktur layihələrimiz ölkələr arasındakı əməkdaşlığı stimullaşdırır. Ölkələr arasındakı əməkdaşlığı dərinləşdirmək üçün xüsusilə qonşu ölkələrlə, ənənəvi dost ölkələrlə münasibətlərdə mütləq humanitar sahəyə böyük önəm verilməlidir. Bu olmasa, bütün başqa sahələrdə də problemlər yaşana bilər.
Ona görə, mən bir daha qeyd etmək istəyirəm ki, biz humanitar əməkdaşlığa çox böyük diqqət göstəririk, bir çox təşəbbüslər irəli sürmüşük. Onlardan biri Bakı Beynəlxalq Humanitar Forumudur ki, bu gün öz işinə başlayır. Əminəm ki, aparılacaq diskussiyalar, müzakirələr bizim ümumi işimizə gözəl töhfə verəcəkdir”.
10.13
Oktyabrın 25-də Heydər Əliyev Mərkəzində VI Bakı Beynəlxalq Humanitar Forumu işə başlayıb.
Oxu.Az xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun rəsmi açılış mərasimində iştirak edirlər.
“Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən VI Beynəlxalq Humanitar Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.
Dövlətimizin başçısı Forumun açılışında nitq söyləyir.
2010-cu ildən təşkil olunan Forumun təşəbbüsçüləri Azərbaycan və Rusiya prezidentləridir. Beynəlxalq Humanitar Forum qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə müxtəlif ölkələrdən tanınmış dövlət xadimlərini, elmin fərqli sahələri üzrə Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının nümayəndələrini bir araya toplayan mötəbər tədbirdir.
VI Bakı Beynəlxalq Humanitar Forumu gələcək dünyamızı formalaşdıracaq kreativ ideyalar və onların həyata keçirilməsi yollarının axtarılmasını diqqətdə saxlayacaq. Dünyanı vahid məkan və bütün bəşəriyyəti bir cəmiyyət kimi görmək istəyi yeni münasibətlər qurmağa, daha mütərəqqi və aktual müzakirələr aparmağa imkan verəcək və bəşəriyyətin inkişafına ənənəvi yanaşmalarda dəyişikliklərin yaranmasına vəsilə olacaq.
Açılış çıxışlarından sonra Forum işini plenar və işçi sessiyalarla davam etdirəcək.
İlham Əliyev Bakıda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO