Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
“Azərbaycan Gürcüstanla sərhədi bağlamalıdır” - Deputatlardan sərt çıxış
Son günlər Azərbaycan-Gürcüstan sərhədindəki “Keşikçidağ” monastır kompleksi yaxınlığında xidmət aparan sərhəd naryadı ilə Gürcüstandan olan bir qrup şəxs arasında iyulun 14-də baş vermiş insidentlə bağlı müzakirələr səngimək bilmir.
Məsələ ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib ki, bu hadisə Azərbaycan və Gürcüstan arasındakı münasibətlərin ruhuna tamamilə ziddir:
“Təəssüf edirəm ki, bir daha Gürcüstan tərəfindən belə bir təxribata imkan verildi. Gürcüstanın hüquq-mühafizə orqanları, sərhəd xidmətçiləri bu təxribata imkan verməli deyildilər. Azərbaycan tərəfi özünü çox təmkinli və səbirli apardı. Ola bilsin ki, gürcülərin niyyəti tamamilə başqa idi. Sərhədçilərimiz buna imkan vermədilər. Baxmayaraq ki, onlar başqa addım da ata bilərdilər. Biz təxribata getmədik. Ancaq bunun da bir sonu olmalıdır.
Başa düşə bilmirəm, Gürcüstanda doğurdanmı hakimiyyət boşluğu var ki, orada kim nə istəyirsə, demokratiya adı altında həyata keçirə bilir?”
Millət vəkili qeyd edib ki, bu, Azərbaycandan daha çox Gürcüstanın imicinə vurulan zərbədir:
“Mənə elə gəlir ki, Azərbaycanın da səbri hüdudsuz deyil. Təbii ki, baş vermiş hadisəni pisləyirəm. Bu, iki qonşu dövlət arasındakı münasibətlərin bu gününə və gələcəyinə son dərəcə ziyan verə biləcək təxribatdır. Gürcüstan hakimiyyət orqanları bu cür təxribatlara son qoymalıdır və bu hadisələrin bundan sonra bu və ya digər şəkildə təkrarına imkan verməməlidirlər”.
Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Araz Əlizadə isə daha sərt mövqedən çıxış edib:
“Azərbaycan tərəfi bu hadisədən sonra sərhədi bağlamalıdır. Ora xüsusi müdafiə olunan ərazi elan edilməlidir və giriş xüsusi buraxılışlarla olmalıdır. Orada güc strukturları mütləq olmalıdır. Özünü həyasızcasına aparanlara qarşı zor tətbiq edilməli və onlar həbs olunmalıdır”.
Qeyd edək ki, iyulun 14-də Gürcüstandan olan bir qrup şəxs Azərbaycan istiqamətində dövlət sərhədini pozaraq, Azərbaycan ərazisində yerləşən “Keşikçidağ” mağaralar kompleksi yaxınlığında xidmət aparan sərhəd naryadına hücum edib və onları nalayiq ifadələrlə təhqir edib.
Məsələ ilə bağlı Gürcüstanın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və məsələ ilə bağlı müvafiq izahat istənilib.
Samir İsayev