“Bir çox inkişaf etmiş ölkələrdə vəziyyət acınacaqlıdır, böhranlıdır. O ölkələr bilmirlər ki, bu böhranla necə bacarsınlar. Azərbaycandan fərqli olaraq... Amma digər tərəfdən, biz görürük ki, o ölkələrdə, inkişaf etmiş ölkələrdə, məsuliyyət və nizam-intizam yüksək səviyyədə olan ölkələrdə onlar məsafə saxlayırlar. Televizorda biz görürük, haradasa növbə varsa, adamlar arasında 1,5-2 metr məsafə saxlayırlar, maska taxırlar”.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışında iştirak edən zaman deyib.
Dövlət başçısı ölkədə bəzi insanların koronavirusa qarşı tətbiq olunan qaydalara məsuliyyətsiz yanaşmasından danışıb:
“Amma bizdə məsafə saxlayan var? Açın, istənilən kanalı baxın, dünən mən baxmışam. Bankın qabağında bir-birinin yanında durublar, maska taxmayıblar. Müxbirlər soruşurlar ki, nə üçün maska yoxdur? Elə bil ki, uşaqdırlar, məktəb uşaqlarıdır, min cür bəhanə gətirirlər, “ay yadımdan çıxdı”, “ay havada maska lazım deyil”, “ay cibimdədir”. Belə şeyə biz dözə bilmərik. Bu, zarafat deyil. Hər kəs bunu çox ciddi qəbul etməlidir.
Belə adamlara qarşı ciddi cəza tədbirləri olacaq. Bütün aidiyyəti orqanlara bu gün müraciət edərək deyirəm, cəza tədbirlərini sərtləşdirin! Biz vətəndaşları qorumalıyıq. Hansısa intizamı pozan, məsuliyyətsiz adama görə, imkan verə bilmərik ki, vətəndaşlarımız ölsün, xəstələnsin. Ona görə bu qaydalara hər kəs riayət etməlidir. Özü də bundan sonra uzun müddət ərzində...”
Samir İsayev