Milli mənliyimizin və Milli qürurumuzun xilası, bərpası günlərini yaşayırıq. Özümüzün-özümüzə, bir-birimizə tənəli baxışlarımızdan bezmişdik. Hələ başqa millətlərin nümayəndələri ilə görüşlərdə keçirdiyimiz mənəvi sıxıntıları demirəm. Son 30 ilin əzab və iztirablarından, Qarabağ intizarından qurtulmaq tarixini yaşayırıq. Vətən-Torpaq uğrunda verdiyimiz şəhidlərin, erməni əsirliyinə düşən ana, bacı, uşaq, ağbirçək və ağsaqqallarımızın, qardaşlarımızın qisas günlərini yaşamaqdayıq. Erməni cəlladlarının əlinə sağ keçməmək, namus və şərəfini qorumaq üçün özlərini uçurumdan atıb canlarına qıyan ana-bacılarımızın ruhlarının səbrsizliklə gözlədiyi qisas tarixini yazmaqdayıq. Hər il Xocalı Abidəsini ziyarət edərkən, keçirdiyimiz xəcalət hissindən azad olmaq ərəfəsindəyik.
Amma bütün bunlara baxmayaraq, düşmən və onun məkrli təbliğatçıları yeni qarayaxma xülyasına düşməsinlər, başqa şey iddia etməsinlər və bunu iddia da edə bilməzlər: bizim nə birinci Qarabağ müharibəsində, nə də indi qadın, uşaq, qoca, mülki əhali ilə heç bir işimiz olmayıb, bu gün də yoxdur və olmayacaq. Fərqimiz bundadır. Yalnız bir məqsədimiz var: 30 ilə yaxındır ki, torpaqlarımızı işğal altında saxlayan Ermənistan silahlı birləşmələrini Qarabağdan çıxarmaq, tarixən onlara mənsub olmayan yerə qədər qovmaq...
Yaşadığımız emosiyalar ölçüyəgəlməzdir. Başqa cür olması da mümkünsüzdür. Bu illər ərzində üst-üstə yığılmış mənəvi iztirablardan qurtulmaq anının sevinc müjdəsi yalnız bu səviyyədə, bu ölçüdə ola bilər. 26 il ərzində danışıqlar masası arxasında əyləşən Azərbaycan bütün dünyaya sübut etdi ki, yaşadığı iztirablara baxmayaraq, münaqişənin qansız-qadasız, sülh yolu ilə həllinin tərəfdarıdır. İşğalçı Ermənistan isə yalnız imitasiya ilə məşğul oldu, düşündü ki, danışıqlar uzandıqca, nəsillər dəyişdikcə Qarabağ azərbaycanlıların yadından çıxacaq. Amma bir həqiqəti dərk etmədilər, nə ermənilər, nə də onların havadarları. Əksinə, o torpaqların üzünü belə görməyən yeni azərbaycanlı nəslinin nümayəndələri qan qrupundan, onun rezusundan, elm-təhsil səviyyəsindən, sosial və ictimai vəziyyətindən asılı olmayaraq, daha çox Qarabağ sevdalısıdır. Çünki, genetik kod və milli yaddaş kimi tarixi həqiqətlər var. Bu kod düşmənin tarix boyu hesablaşdığı millətimizin genetik kodudur, həmin millətin tarixi yaddaşıdır...
Təəssüf ki, bu illər ərzində münaqişədə vasitəçiliyi həyata keçirən həmsədrlər, beynəlxalq birlik Ermənistanın imitasiyasına, sərsəm bəyanatlarına, davamlı olan hərbi-siyasi təxribatlarına adekvat reaksiya verə bilmədilər və ya vermədilər. Danışıqlar masasına paket, mərhələli, nə bilim nə kimi variantlar qoyuldu. Ermənistan bunlardan da boyun qaçırdı. Çünki, mövcud vəziyyət onun maraqlarına cavab verir, yürütdüyü işğal və ilhaq siyasətinin qorunmasına, status-kvonun saxlanılmasına xidmət edirdi.
Ordumuz sentyabrın 27-də Ermənistanın başladığı növbəti hərbi təxribatına qarşı uğurlu əks-hücum əməliyyatına başlayıb. İşğalçının çoxlu sayda hərbi texnikası və canlı hərbi qüvvəsi məhv edilib. Məhz bu tarixi məqamda beynəlxalq təşkilatların bəzilərindən yenə çağırışlar gəlir, münaqişə tərəflərini danışıqlar masasına dəvət edirlər. Aydındır ki, hər bir münaqişəyə, müharibəyə danışıqlarla son verilir. Amma təəssüf ki, tərəflərə bu cür çağırış edənlərdən bəzilərinin davranışında yenə də eyni ritorikanı, eyni “balanslı” yanaşma tərzini müşahidə etməkdəyik. Nədənsə onlar özlərinin də şahidi olduqları həqiqətlərə baxmayaraq, hələ də “ehtiyatlı” davranıb açıq şəkildə tələb etmirlər ki, işğalçı Ermənistanın hərbi birləşmələri Azərbaycan ərazilərini dərhal tərk etməlidir və bununla da beynəlxalq hüquqa olan inam üzərindən ictimai şübhələr aradan qaldırılmalıdır.
Bu çağırışı etməyən dövlətlərdən hansı biri torpaqlarının bircə parçasının işğalı ilə barışardı? Hansı biri 30 il ərzində mənasız, imitasiya xarakterli danışıqlarda iştirak edər, Azərbaycan xalqı qədər səbr və dözüm göstərərdi? İkinci Dünya müharibəsinin başlanılmasının əsas səbəbkarı faşist-nasizm ideologiyası olmuşdu. Müharibə Almaniyanın iki yerə parçalanması ilə bitmişdi. 45 il sonra parçalanmış dövlətin birləşməsi kimi tarixi həqiqət anını görmədikmi?! Yeri gəlmişkən, bugünkü Ermənistan da Njde kimi faşisti erməni millətinin qəhrəmanı elan edib, məhz nasizm ideologiyasının, milli və dini zəmində insanlığa nifrətin təbliği siyasətini həyata keçirməkdədir...
Həmsədrlərdən hansı biri- ABŞ yaxud Fransa bir parça torpağının zəbt olunması ilə barışar? Həmsədr üçlüyündə təmsil olunan, bu gün qlobal güc mərkəzinə çevrilən Rusiya yaxın keçmişimizdə müstəqillik tələb edib ondan ayrılmaq istəyən, silahlı üsyana qalxan subyektlərə belə bir imkanı tanıdımı və tanımamaqda haqlı deyildimi?! İki il əvvəl Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putin yerli jurnalistlərdən birinin “əgər kimsə nüvə silahı ilə Rusiyanı məhv etmək istəsə, cavabınız nə olar?” sualına belə cavab vermişdi: “O dünya ki, onda Rusiya üçün yer yoxdur, belə bir dünya bizim nəyimizə lazımdır?”...
Torpaq, ərazi, suverenlik və müstəqillik məsələsi böyüklüyündən-kiçikliyindən asılı olmayaraq, hər bir dövlətin milli qürur və təhlükəsizlik məsələsidir. Məhz buna görə, ərazi bütövlüyünün toxunulmazlığı beynəlxalq birlik tərəfindən dünya idarəçiliyində ən ali beynəlxalq prinsip kimi tanınıb. BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı 27 il əvvəl qəbul etdiyi imperativ xarakterli 822, 853, 874 və 884 nömrəli qətnamələrinin əsasında da məhz həmin prinsip dayanır. Lakin bu illər ərzində işğalçı Ermənistan onları da saya salmadı, işğal və ilhaq siyasətindən bir addım belə geri çəkilmədi. Onu durduran, yerində otuzduran oldumu?! Ermənistan ondan tələb olunduğu kimi, işğal etdiyi Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxıbmı? Buna baxmayaraq, bəzi beynəlxalq təşkilatlardan yenə də “ehtiyatlı” və alışdırıldığımız “balanslı” çağırışlar eşitməkdəyik. Yenə də danışıqlar masasına dəvət olunuruq. Ermənistanı beynəlxalq qətnamələrin icrasına məcbur edə bilməyən təşkilatlardan gələn eyni çağırışların ədaləti təmin edə biləcəyinə ictimai inam üçün əsas qalıbmı, varmı?! Beynəlxalq prinsip 30 il ərzində sivil qaydada təmin olunmursa, özünə hörmət edən hansı dövlət, hansı xalq öz gücü hesabına torpağını, milli qürurunu qorumaz?! Bu hüquqdan və haqq mübarizəsindən həmin xalqı məhrum etməyə kimin haqqı çatar?!
Bu cür qeyri-adekvat münasibətlə yanaşı, tarixi ədalətin və beynəlxalq hüququn ucalığına hörmətin ifadəsi olan dövlət davranışını da görə bildik. Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan məhz tarixi ədalət naminə dünya birliyinə müraciət etdi:
“Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını dərhal tərk etməklə yenidən sülhə və sabitliyə qovuşacaq. Bölgədə Dağlıq Qarabağın işğalı ilə başlayan böhrana artıq son verilməlidir. Sanki qardaşım İlham Əliyev bunlara davamlı izahat verməyə məcburdur. Onsuz da başa salır. Həmişə “Bura bizim torpağımızdır, işğal olunub” deyir”.
Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətdir. Bu illər ərzində onun rəsmiləri Azərbaycanın yanında olduqlarını dəfələrlə bəyan ediblər. Lakin heç bir dönəmdə, cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Türkiyə qədər açıq və birmənalı siyasi dəstəyi görməmişdik. Bunun mühüm olan iki səbəbi var. Qardaş Türkiyə müasir tarixində Ərdoğan dönəmindəki qədər dünya nəhənglərinin hesablaşmağa məcbur olduğu, eyni zamanda ehtiyat və qısqanclıqla yanaşdığı bugünkü səviyyədə güclü olmamışdı. İki ölkənin liderləri arasında da heç bir zaman bu səviyyədə etibarlı, tərəddüdsüz və qətiyyətli qardaşlıq münasibətləri də olmayıb. Prezident İlham Əliyevin sentyabrın 28-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefon danışığında dediyi “Azərbaycan da hər zaman Türkiyənin yanındadır” fikri məhz bu münasibətlərin, tarixi köklərimizə sədaqətin ifadəsidir.
Bu günlərdə hər bir azərbaycanlının yaşadığı emosional hisslər həqiqətən də ölçüyəgəlməzdir. Sevinc göz yaşları, cəmiyyətimizin səfərbərlik tələbi və döyüş ruhu məhz həmin hisslərin doğurduğu nəticədir. Bu tarixi anları xalqımıza yaşadan Ali Baş Komandan cənab İlham Əliyevin milli siyasi iradəsi, onun rəhbərlik etdiyi qəhrəman ordumuz və bu iradənin söykəndiyi ümumxalq birliyidir. Yaşadığımız tarixi reallıq, qardaş Türkiyədən aldığımız yüksək mənəvi və siyasi dəstək Qarabağın de-fakto Azərbaycana qovuşması anını günbəgün yaxınlaşdırır.
Sülhə çağırış, tərəfləri danışıqlar masasına dəvət edən beynəlxalq təşkilatlardan və dünya güclərindən isə yalnız bir gözləntimiz var. Nəhayət, onlar Ermənistana deməlidirlər ki, oğurladığını, qəsb etdiyini, başqasına mənsub olanı tam və qeyd-şərtsiz sahibinə qaytar, beynəlxalq hüquqa əməl et və yalnız bundan sonra eyni coğrafi məkanda ehtiyatlanmadan birgəyaşayış qaydasının detallarının müzakirəsində iştirak et.
Milli Məclisin deputatı
Ülvi Quliyev