Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycan əsgərini yetişdirənlər: “Güclənən ordumuz düşmən üçün qorxu mənbəyidir” - FOTO
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasından 105 il ötür.
Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 26 iyun 1918-ci il tarixli qərarı ilə Gəncədə yaradılıb.
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ordu buraxılıb və 1991-ci il oktyabrın 9-da Ali Sovetin qərarı ilə Silahlı Qüvvələr yenidən yaradılıb.
Hazırda Azərbaycan Ordusu həm döyüş qabiliyyətinə, həm də maddi-texniki imkanlarına görə Cənubi Qafqazda ən güclü hesab olunur.
Silahlı Qüvvələrin strukturuna Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri daxildir.
Azərbaycan Ordusu öz gücünü, qüdrətini 2016-cı ilin Aprel döyüşlərində, 44 günlük Vətən müharibəsində sübut edib. Artıq bu gün Azərbaycan bayrağı Qarabağda dalğalanır.
Oxu.Az-ın əməkdaşları Vətən müharibəsində iştirak edən və hazırda Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində əsgərlərin hazırlanmasında dərs keçən bir neçə hərbçi ilə söhbətləşib.
Azərbaycan Ordusunun mənsubu, polkovnik-leytenant Mübariz Şabanov deyir ki, hazırda hərbi hissələrə zabit, gizir yetişdirmək üçün dərs deyir:
“İyirmi səkkiz ildir ki, müxtəlif hərbi hissələrdə xidmət edirəm. Hazırda döyüş yoldaşlarımla birlikdə mərkəzdə zabitlərə, gizirlərə, eyni zamanda, müddətdən artıq xidmət hərbi qulluqçularına dərslər keçir və onları orduya hazırlayırıq”.
Polkovnik-leytenant deyir ki, Vətən müharibəsi zamanı Cəbrayıl, Qubadlı, Laçın istiqamətlərində döyüşüb:
“2020-ci il sentyabrın 27-si döyüş bölgəsinə yollandıq. Döyüşlər zamanı şəxsi heyətin sayı lazım olan qədər idi. Bizim qarşımıza qoyulan tapşırıq vaxtında icra edildi. Müharibə zamanı hərbçi yoldaşlarımız böyük şücaət, peşəkarlıq göstərdilər. Biz ilk olaraq Cəbrayıl istiqamətində döyüşlərə daxil olduq və Qubadlı rayonunun bəzi kəndlərini işğaldan azad etdik.
Daha sonra Laçın istiqamətində irəlilədik. Həmin vaxt Şuşanın işğaldan azad edilməsi xəbəri gəldi. Hamı sevindi, gözyaşlarımızı saxlaya bilmədik. Döyüşlərdə şəhid olan dostlarımız da vardı. Hər bir qarış torpağı aldıqca qürur duyur, şəhidlərimiz olduqca isə kədərlənirdik.
Qısa zamanda biz işğal altında olan torpaqlarımızı mənfur düşməndən xilas etdik. Artıq biz dünyada qalib xalqıq. Güclənən Azərbaycan və qüdrətli Ordumuz artıq düşmənlərimiz üçün daim qorxu mənbəyidir”.
Qeyd edək ki, M.Şabanov Azərbaycan Prezidentinin Sərəncamına əsasən, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “İgidliyə görə” medalları ilə təltif edilib.
Azərbaycan Ordusunun zabiti, polkovnik-leytenant Seymur Abıyev 2000-ci ildən xidmət göstərir:
“Bu dövrlərdə biz hər an döyüşə hazır idik. Aprel döyüşləri də 44 günlük Vətən müharibəsinin başlanğıcı sayıldı. Dördgünlük döyüşlərdə düşmən ordumuzun gücünün, qüdrətinin sarsılmaz olduğunu gördü. Döyüşlərdə məğlub olub, geri çəkildilər.
Daha sonra 44 günlük Vətən müharibəsi başladı. Mən hərbçi yoldaşlarımla Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə iştirak etdik. Hərbi hissəmizdən şəhid olanlar da oldu.
Torpaqlarımızın azad olunmasını istəyiriksə, hər an Vətən üçün candan keçməyə hazır olmalıyıq. Biz döyüşlərə gedən zaman da torpaqlarımızın azad olunması üçün əlimizdən gələni etdik. Döyüşlərdən sonra da bir müddət orada qaldıq. Nəticədə bu gün biz düşmən üzərində Qələbə qazanmış ölkəyik”.
Qeyd edək ki, Azərbaycan Prezidentinin Sərəncamına əsasən, S.Abıyev “Şuşanın azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
O, eyni zamanda, “Qüsursuz xidmətlərə görə” - 1, 2, 3-cü dərəcəli medallarla təltif olunub.
Daha çox foto burada: PhotoStock.az
İlhamə Əbülfət
"Azərbaycan Ordusu" teqi üzrə xəbərlər
- Müdafiə Nazirliyinin 9 milyon manat mənimsəyən sabiq vəzifəli şəxsinə 10,5 il həbs cəzası verilib
- Zakir Həsənov müşavirə keçirdi, konkret tapşırıqlar verdi
- Kərim Vəliyev Pakistanın Quru Qoşunları komandanı ilə görüşüb
- Azərbaycan Ordusunun hərbi qulluqçusu dəfn olunub
- Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edildi