ABŞ-də valideynlərinin qətlində ittiham edilərək saxlanılan Nik Rayner onların miras fonduna çıxış əldə etmək üçün məhkəməyə müraciət edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Independent" məlumat yayıb.
Məlumata görə, o, vəkillik xərclərini ödəmək üçün ailə fondundan pul çıxarılmasına icazə verilməsini istəyir.
Məşhur Hollivud rejissoru Rob Rayneri və həyat yoldaşı Mişel Singer Raynernin qətlində şübhəli bilinən 32 yaşlı Nik Raynerə qarşı birinci dərəcəli qətl də daxil olmaqla bir neçə ağır ittiham irəli sürülüb. Ona ölüm cəzası verilə biləcəyi bildirilir.
Hadisə ötən ilin dekabrında baş verib və cütlüyün cəsədləri evlərində aşkar edilib.
İstintaq materiallarına görə, ailə üzvləri arasında mübahisə zamanı Nik Rayner valideynlərini bıçaqlayaraq öldürməkdə ittiham olunur. O isə ittihamları qəbul etmir və hazırda gücləndirilmiş nəzarət altında saxlanılır.
Bildirilir ki, ailə mirası əvvəlcədən etibar fondu şəklində bölünüb və övladların müəyyən yaşlarda ödəniş alması üçün nəzərdə tutulub. Nik Rayner isə hazırda bu vəsaitə çıxışının bloklandığını iddia edir və məhkəmədən müdafiəsini maliyyələşdirə bilməsi üçün fonda çıxış tələb edir.