Şou-biznesin səmimiliyi ilə seçilən müğənnisi Aslan Hüseynov yeni açıqlamaları ilə gündəmə gəlib.
Oxu.Az xəbər verir ki, ATV telekanalında yayımlanan “7 canlı” axşam şousunda qonaq olan sənətçi verilişin yaradıcı heyəti tərəfindən hazırlanan və zərflərə yerləşdirilmiş suallara cavab verib.
İlk zərfdən çıxan “Gündəmdə qalmağı bacarır” ifadəsinə Aslan “Təbii ki, bu, Əməkdar artist Elza Seyidcahandır” cavabını verib.
Müğənninin açdığı ikinci zərfdən çıxan “Üç ay səhnədə olmasa unudular” və “Mənimlə süni qalmaqal etmək istəyir” kəlmələrini A.Hüseynov “Cəmilə İsgəndərova” kimi cavablandırıb və fikrini belə əsaslandırıb:
“Süni qalmaqal deyildi. O, məni əməlli-başlı qarşıdurmaya çəkirdi. Lakin bu alınmadı”.
Müğənni üçüncü zərfdə qeyd olunan “Heç bir mahnısını bilmirəm” sözlərinə “Səmimi deyəcəyəm: Nura Surinin heç bir mahnısını bilmirəm” cavabını verib.
“Onu görəndə əsəbiləşirəm” kəlməsinə efirdə az-az görünən ifaçının cavabı “Sərxan Kərəmoğlunu görəndə əsəbiləşirəm” olub.
Beşinci zərfdən çıxan “Gözəl insandır...” sözlərini tələm-tələsik oxuyan A.Hüseynov Nisə Qasımovanın adını çəkərək, suallara cavablarını yekunlaşdırıb.
Rəşad Əliyev