Britaniyalı aktyor Cek Barton yeni "Ceyms Bond" roluna əsas namizəd hesab olunur.
Oxu.Az xəbər verir ki, bu barədə "Page Six" sənaye mənbələrinə istinadən yazıb.
Məlumata görə, layihənin rejissoru Deni Vilnyov və kastinq direktoru Nina Qold yeni "agent 007" rolu üçün Böyük Britaniyada çoxsaylı tanınmayan aktyorların namizədliyini nəzərdən keçiriblər. Cek Barton favorit olub.
"Bu, məhz odur. Və ya ən azı "Amazon" ulduz aktyorların sınaqlarına başlamazdan əvvəl namizədlər siyahısında birinci yerdə olan şəxsdir", - deyə materialda qeyd olunub.
Yeni Bond filminin rejissoru "Dune" filminin rejissoru Deni Vilnyov olacaq. Ssenari üzərində isə "Peaky Blinders" serialının müəllifi Stiven Nayt çalışır. Baş qəhrəmanı kimin canlandıracağı hələlik məlum deyil.
İyunda aktyor İdris Elba onun "agent 007" rolu üçün nəzərdən keçirildiyi barədə yayılan xəbərləri təkzib edib. "Luther" serialının ulduzu namizədliyi ilə bağlı söhbətlərin "heç vaxt ciddi olmadığını" bildirib və obrazın "siyasi baxımdan yenidən şərh edilməsinə" qarşı çıxıb. Aktyor hesab edir ki, personaj Yan Fleminqin yaratdığı orijinal obrazdan çox uzaqlaşmamalıdır.
