Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Kimisi həmkarını təhqir etdi, kimisi ər davasına çıxdı: Yolu məhkəmədə kəsişən məşhurlar - SİYAHI + FOTO
Məşhur simaların tez-tez sözləri çəp gələrək aralarında qalmaqal yaşanır. Bu davaların bəziləri barışıq ilə nəticələnsə də, bir çoxu məhkəmə ilə bitir.
Oxu.Az mübahisəsi məhkəmə salonunadək gedib çıxan məşhurlarla bağlı araşdırma edib.
Həmin araşdırmanı təqdim edirik:
Müğənni Nadir Qafarzadə ilə həmkarı Cavanşir Məmmədov
Müğənni Nadir Qafarzadə telekanalların birində həmkarı, Əməkdar artist Cavanşir Məmmədov barədə dediyi “qoca gey” ifadəsinə görə məhkəməlik olub və 10 min manat cərimə ödəyib. Nadir Qafarzadə bildirib ki, o, həmin gündən etibarən C.Məmmədovu danışdırmayacaq.
Müğənni Təranə Qumral və həmkarı Nazənin
Təranə və Nazənin arasındakı qalmaqal uzun illərdir, davam edir. Qalmaqal ANS-in “Bazar səhəri” verilişindən başlayıb. Belə ki, Nazənin canlı efirə zəng edərək, Təranə Qumrala: “Səni ərimlə tutdum”, - deyib. T.Qumral isə öz növbəsində Nazənin barəsində bir çox xoş olmayan ifadələr işlədib. Buna görə də Nazənin məhkəməyə müraciət edib.
Nazənin və Təranə Qumral arasında gedən məhkəmə prosesi 2015-ci ildə başa çatıb. Nazənin öz həyat yoldaşının Təranə Qumralla intim əlaqədə olduğunu sübut edib.
Xalq artisti Röya Ayxan və həmkarı Aygün Bəylər
Röya Ayxan Aygün Bəyləri onun şərəf və ləyaqətini alçaltması iddiası ilə məhkəməyə verib.
Belə ki, Əməkdar artist Aygün Bəylər “Səhər-səhər” verilişində Röyanın sənətinin olmadığını bildirmişdi.
Röya həmkarından mənəvi ziyana görə 50 min manat təzminat və mətbuat vasitəsilə səsləndirdiyi fikirlərin yalan olması barədə açıqlama verməsini tələb edib. Məhkəmə R.Ayxanın iddiasının rədd edilməsi barədə qərar çıxarıb.
Müğənni Xatun Əliyeva və rəqqasə Fatimə Fətəliyeva
Xatun Fatiməni həyat yoldaşına bağ evində xəyanətdə ittiham edib. Rəqqasə bu iddialara görə qarşı tərəfi məhkəməyə verib. Məhkəmənin qərarına əsasən, Fatimə Fətəliyeva Xosrov qızının Əliyeva Nərgiz (Xatun) Aydın qızına qarşı “şərəfin, ləyaqətin müdafiəsi və mənəvi ziyan” tələbi rədd olunub.
Müğənni Cabbar Musayev ilə həmkarı Dəniz Əsədova
Bəstəkar-müğənni Cabbar Musayev müğənni Dənizi onu təhqir etməsi və böhtan atması ilə bağlı xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib. Məhkəmənin nəticəsinə əsasən, Dəniz Əsədova böhtan və təhqir maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib. Ona aylıq qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla altı ay müddətə islah işləri cəzası təyin edilib.
Müğənni Rəqsanə İsmayılova ilə bəstəkar-müğənni Hikmət Aslanov
Hikmət Aslanov səkkiz il əvvəl Rəqsanə İsmayılovadan Səbail Rayon Məhkəməsinə şikayət edib. H.Aslanov şikayətində bildirib ki, Rəqsanə onun müəllifi olduğu mahnını oğurlayıb. Bəstəkar-müğənni Rəqsanənin Cinayət Məcəlləsinin 165.1-ci (müəlliflik hüququ və ya əlaqəli hüquq obyektlərindən qanunsuz istifadə etmə, yəni özgənin elmi, ədəbi, bədii və ya başqa əsərini öz adı ilə nəşr etdirmə və ya özgənin müəllifliyini başqa cür mənimsəmə, bu cür əsəri qanunsuz olaraq yenidən dərc etmə və ya yayma, habelə şərikli müəllifliyə məcbur etmə) maddəsi ilə cəzalandırılmasını istəyib. Hakim Rəqsanə İsmayılovanın əməlində cinayət tərkibinin olmadığı qənaətinə gəlib.
Aparıcı Xoşqədəm Hidayətqızı ilə şairə Nazilə Səfərli
Tərəflər arasında qalmaqal Xoşqədəm Hidayətqızının “Xəzər TV”də yayımlanan “Səni axtarıram” verilişinə Nazilə Səfərlinin keçmiş qardaşı arvadını dəvət etməsilə başlayıb, məhkəmə salonunda verilən hökmlə yekunlaşıb. Məhkəmə Nazilə Səfərlinin Xoşqədəm Hidayətqızıdan üzr istəməsi, dediyi sözləri təkzib etməsi və xanım aparıcıya təzminat ödəməsi ilə bağlı qərar çıxarıb.
Şoumen Kamran Həsənli ilə müğənni Samir Piriyev
Samir Piriyev mətbuata açıqlamasında şoumen Kamran Həsənlinin ona qarşı 80 min dollar məbləğində dələduzluq etdiyini bildirib. Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Samir Piriyevin prodüseri Rafail bəy Oxu.Az-a açıqlamasında məşhurların məsələni öz aralarında həll etdiklərini açıqlayıb.
Xalq artisti Miri Yusif ilə müğənni Sevinc Musayeva
Müğənni Sevinc Musayeva ilə həmkarı arasındakı qalmaqala səbəb toy məclisində onun mikrofonunun bağlanması olub. Sevinc Musayevanın Miri Yusif barəsində xoşagəlməz ifadələr səsləndirməsi onların yolunu məhkəmədən salıb. Sonradan tərəflər arasındakı anlaşılmazlıq aradan qalxıb və məsələ yoluna düşüb.
Müğənni Mətanət Əsədova ilə Əziz Musaoğlu
“Space” televiziyasında yayımlanan “Günaydın” verilişində yazıçı Əziz Musaoğlu ilə müğənni Mətanət Əsədova arasında qalmaqal baş verib. Əziz Musaoğlu Mətanət Əsədovanın geyiminə irad tutub və ona qarşı nalayiq ifadələr işlədib. Bundan sonra Mətanət Əsədova qarşı tərəfi məhkəməyə verib. “Space” televiziyasında qalmaqal baş vermiş “Günaydın” verilişinin bağlanması barədə qərar qəbul edilib.
Əməkdar artist Mətanət İsgəndərli və gəlini Canana
Əməkdar artist Mətanət İsgəndərli keçmiş gəlini Canananı məhkəməyə verib. Yolların məhkəməsində kəsişməsinə səbəb isə onların ailədaxili məsələsi olub. Belə ki, Canana əri Kərimdən (Mətanət İsgəndərlinin oğlu) ötən il boşanıb. Cütlüyün üç uşağı atada qalıb. Daha sonra Canana apellyasiya məhkəməsinə müraciət edib. Hakimin qərarı ilə övladları ananın qəyyumluğuna verilib.
Bu günlərdə isə Canana “Instagram” hesabında qeyd edib ki, tərəflər razılığa gələrək münasibətlərini qaydaya salıblar.
Xalq artisti Flora Kərimova da adı tez-tez məhkəmə işlərində çəkilən məşhurlardandır.
Hazırda isə Xalq artisti Ülviyyə Alovlu və Afət Fərmanqızı ilə məhkəmə çəkişməsindədir.
Flora Kərimova hər iki şəxsi böhtan və təhqir maddələri ilə məhkəməyə verib.
Dilşad Bəhruzqızı
"Aygün Bəylər" teqi üzrə xəbərlər
- Bu gün 49 yaşını qeyd edəcəkdi - Səsi yarıda qalan Aygün Bəylər
- Qızı Aygün Bəylərin vəfatından sonra ilk dəfə müsahibə verdi - VİDEO
- Müğənni Miro Aygün Bəylərin mahnısına yeni nəfəs qatdı - VİDEO
- Qazaxıstanlı müğənni Aygün Bəylərin xatirəsini yad etdi - VİDEO
- Məşhurların Aygün Bəylərlə bağlı son xatirələri: “Konsertə görə analiz nəticələri pisləşmişdi” - VİDEO
Rəylər